Bu gün Azərbaycan Respublikasının 21 yaşı var və ötən müddət ərzində respublikamızın itirdikləri də, qazandıqları da olub. Lakin tarix elə bir zaman ölçüsüdür ki, bu çərçivədə baş verənləri yalnız uzun müddət keçdikdən sonra anlamağa başlayırıq. Azərbaycan xalqı da ötən vaxt ərzində böhranlı, xaoslu dövrdən sürətli, dinamik inkişaf yoluna çıxsa da, bəzi məsələlərin üzərindən sakitcə keçərək, bugünkü zamana gəlib çıxıb. Bu da, öz növbəsində, bəzi tarixi hadisələrlə bağlı unutqanlığa səbəb olub. Çox təəssüflər olsun ki, Azərbaycan daxilindəki radikal müxalifət nümayəndələri də insanların bu unutqanlığından istifadə edərək, cəmiyyətin şüurunu yumağa, tarixi isə yozmağa çalışırlar. Elə Əli Kərimlinin xarici mətbuat orqanlarına müsahibələrində, həmçinin, İsa Qəmbərin bəzi qəzetlərdəki uydurmalarında səslənən fikirlər buna əyani misaldır. Bu səbəbdən də, "Səs" qəzeti olaraq, tarixi olduğu kimi, yenidən cəmiyyətin diqqətinə təqdim edərək, insanların doğru düşüncəyə sahib olmasını təmin etmək üçün "Postfaktum" layihəsinə start veririk. Layihə çərçivəsində ilk mövzumuz isə 1992-ci ildə AXC-Müsavatın silah tətbiq etməklə hakimiyyəti qəsb etməsinə aid olacaq. Burada Əli Kərimlinin və İsa Qəmbərin, əslində, necə diktator olduğunun, anti-xalq və anti-dövlət hərəkətlərə yol verdiyinin, ölkədə demokratiyanı boğduğunun və digər faktların şahidi olacaqsınız...
AXC-Müsavat xalqın milli ruhunu siyasi ambisiyalarının təminatı alətinə çevirmişdi
Əvvəla, qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi bir hərəkat kimi, 1988-ci ildə Ermənistanın Dağlıq Qarabağı ilhaq etməsinə cəhd göstərməsinə etiraz olaraq, formalaşmışdı. Məhz həmin dövrdə bu milli məsələnin gündəmə gəlməsi sonrakı çox ciddi proseslərə də yol açmışdı...
1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi əldə olunduqdan sonra siyasi hakimiyyəti ələ keçirmək üçün bir çox qüvvələrlə yanaşı, xalq hərəkatının bazası üzərində yaradılmış AXC, eyni zamanda, Müsavat hərəkətə keçmişdilər. Müstəqilliyə doğru aparan yolda baş vermiş hadisələr zamanı xalqda formalaşmış milli ruh və enerji sonradan ayrı-ayrı şəxslərin siyasi maraqlarının təmin olunması alətinə çevrilmişdi. Bu prosesdə isə əsasən, AXC və Müsavat mühüm rol oynamışdı.
Əslində isə, xalq AXC və Müsavatın partiya olaraq, ətrafında birləşməmişdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyul ayında "Ostankino" dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsi zamanı bu məsələni çox düzgün təhlil edərək, bildirmişdi ki, Xalq Cəbhəsinin heç vaxt sosial bazası olmayıb: "Əslinə qalsa, Xalq Cəbhəsinin özü ən əvvəl Qarabağ problemi ilə və orada başlanmış hərbi əməliyyatlarla əlaqədar yaranmışdır... AXC Azərbaycanın keçmiş rəhbərliyinə qarşı çıxış etdiyi vaxtlarda Azadlıq meydanına 200-300-400 min adam toplayırdı. İndi isə, Azərbaycan prezidenti Elçibəyin özünün tətbiq etdiyi fövqəladə vəziyyət şəraitində Xalq Cəbhəsinin fəal köməyilə yenə mitinqlər keçirilir. Amma bu mitinqlərə 1500, 2000 adam gəlir, qoy lap 3000 olsun".
Bu, bir faktdır ki, AXC-çilər və müsavatçılar xalqın siyasi proseslərdə yüksək iştirakından və ruhundan istifadə edərək, öz şəxsi ambisiyalarını reallaşdırmağa başlamışdılar. Xalqın Dağlıq Qarabağda ermənilərə qarşı döyüşməyə, torpaqların işğalının qarşısını almağa yönəldilmiş addımları gözlədiyi bir zamanda, əli kərimlilər və isa qəmbərlər 1992-ci ildə dövlət çevrilişi ətrafında gizli planlaşmalara başlamışdılar. AXC-nin qərargahı isə silahlı inqilab yolu ilə hakimiyyəti qəsb etmək planların müzakirə olunduğu baş qərargaha çevrilmişdi.
AXC-Müsavat Xocalı soyqırımından da siyasi məqsədləri üçün istifadə etmişdi...
1992-ci ilin fevral ayının 2-də AXC-nin qərargahında digər maraqlı qüvvələrlə birlikdə qərar qəbul edilmişdi ki, Ayaz Mütəllibovun istənilən yolla hakimiyyətdən getməsi təmin edilsin. Hətta bəyanat da verilmişdi ki, ya Ayaz Mütəllibov istefa verməlidir, ya da silahlı çevriliş olmalıdır...
Dağlıq Qarabağda müharibə alovu qızışdıqca, Mütəllibov hakimiyyəti isə siyasi səhvləri ardıcıl olaraq, buraxdıqca AXC-nin və onun ətrafındakı digər qüvvələrin hakimiyyəti ələ keçirmək planlarının reallaşdırılması labüdləşirdi. Eyni zamanda, Moskvadan gələn direktivlərlə idarə olunan Mütəllibov hakimiyyətinə qarşı olan xalqın AXC ətrafında birləşməsi onların çevriliş planlarının həyata keçməsinin şanslarını artırırdı. Lakin AXC üçün bir bəhanə lazım idi. O da 1992-ci ildə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı oldu. Məhz azərbaycanlıların soyqırımından sui-istifadə edən AXC, eyni zamanda, Müsavat hakimiyyəti ələ keçirmək üçün mart ayının əvvəlindən başlayaraq, çevriliş planını işə saldı. Mütəllibov hakimiyyətini qəbul etməyən yüzlərlə insanın Ali Məclisin qarşısında aksiya keçirməsi və prezidentin istefasını tələb etməsi prosesləri daha da kəskinləşdirmişdi. Ali Məclisdə Ayaz Mütəllibovun istefa verməsi haqqında dinləmələrin getdiyi bir vaxtda AXC ehtiyat plan kimi silahlı şəxsləri də həmin ərazidə yerləşdirmişdi. Gərgin atmosfer daxilində sonradan Ayaz Mütəllibov istefa verdi və Ali Məclis də onun istefasını qəbul etdi. Lakin bundan sonra Azərbaycanda may ayına qədər hakimiyyətsizlik hökm sürdü...
AXC dövlətə qarşı sürətlə silahlanırdı...
Xalqın Ermənistanın Azərbaycana olan təcavüzünün qarşısını almaq üçün çağırışlar etdiyi bir vaxtda AXC hakimiyyəti tam şəkildə ələ keçirmək üçün həm də silahlanırdı. Bəzi məlumatlara görə, Dağlıq Qarabağda ermənilərin hücumlarının qarşısını almaq üçün xaricdən gətirilmiş silahlar əsgərlərə verilmək əvəzinə, cəbhəçilərin anbarlarına yığılırdı. Hətta Ağdamda keçmiş sovet dönəmindən qalmış silah anbarına belə süpürgə çəkilmişdi. Əldə olunan silahlar, zirehli texnikalar Qarabağ əvəzinə, Bakıya - AXC-nin daha bir silahlı çevriliş etmək planlarının reallaşdırılması üçün göndərilirdi...
Silahlı yolla inqilab planı əvvəlcədən hazır idi...
Ayaz Mütəllibovun mart ayında istefa verməsinə baxmayaraq, onun may ayında yenidən vəzifəsinə qayıdacağı əvvəlcədən bəlli idi. Həmin ərəfədə isə respublikada yeni prezident seçkiləri keçiriləcəkdi. AXC-Müsavat isə həmin seçkilərdə öz namizədini irəli sürmək və hakimiyyəti tamamilə ələ keçirmək üçün bütün qüvvələrini səfərbər etmişdi.
Artıq may ayının 14-nə Ali Məclisin sessiyası təyin olunanda, ayın 12-dən 13-nə keçən gecə AXC-nin iclası olur və bir daha silahlı inqilab planı müzakirə edilərək, hərəkət marşrutları üzrə məsul şəxslər təyin edilir. Belə ki, AXC həmin dövrdə Qarabağa göndərilməli olan zirehli texnikanı, silahları, eyni zamanda, əsgərləri qərargahı ətrafında cəmləşdirmişdi. Həmçinin, bir qrup şəxs Salyan kazarması deyilən ərazidən silah, əsgər və zirehli texnika əldə etmişdi. Bununla yanaşı, Bakı şəhər polisinin silahları da alınaraq, inqilabçılara verilmişdi. Bütün bunlar onu göstərir ki, AXC-Müsavat hakimiyyəti silahlı çevriliş yolu ilə ələ keçirmək və mənimsəmək üçün planlı şəkildə hərəkət edirdi.
O zaman Ali Sovetin tutulması üçün hərəkət edəcək qrupun rəhbərinin çıxışda "məndən sağda 200 nəfər əlində bayraqlar, sonra zirehli texnikalar, ardınca hər kəs kolon şəklində və zirehlərdə gedəcək. Ətrafı isə əsgərlər tutacaqlar. Ya ölüm, ya olum!" söyləməsi də sübut edir ki, AXC-Müsavat məqsədli şəkildə dövlət çevrilişi edirdi.
Beləliklə də, AXC-Müsavat silahlı qarşıdurmalarla Ayaz Mütəllibovu yenidən devirdi və silahlı qəsb yolu ilə siyasi hakimiyyəti ələ keçirdi.
Sonradan keçirilmiş seçkilərdə AXC sədri Əbülfəz Elçibəy prezident seçildi, İsa Qəmbər Ali Sovetin sədri, Əli Kərimli isə dövlət katibi oldu...
Xalqın iradəsini mənimsəyən AXC-Müsavatın məqsədi hakimiyyəti ələ keçirmək idi
Beləliklə də, bu gün ağız dolusu demokratiyadan, dövlətçilikdən dəm vuran Əli Kərimli və İsa Qəmbər hakimiyyətə gəlmək üçün milli dəyərləri, torpaqlarımızı, xalqın inamını və ruhunu qurban veriblər. Məhz Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin müstəqillik əldə olunandan sonra çevriliş planları hazırlaması, xalqın da enerjisini ona sərf etməsi sonda böyük fəlakətlərə yol açdı. AXC-nin, Müsavatın və digərlərinin əsas məqsədi xalqı düşmənlərdən qorumaq deyil, məhz hakimiyyəti ələ keçirmək idi. Bu isə sonda torpaqlarımızın da ermənilər tərəfindən işğal olunmasına gətirib çıxardı.
Bu gün də xalqa müxtəlif yalanlarla çağırışlar edən Əli Kərimli və İsa Qəmbər bir daha anlamalıdır ki, xalqımız onların göstərilən əməllərinin şahidi olub. Ona görə də, radikallar xalqdan hər hansı dəstək gözləməməlidir!
"Səs" Analitik qrupu