Hələ bir müddət bundan öncə, Müsavat sıralarından başqan İsa Qəmbərova qarşı etiraz edərək, istefa verən Sülhəddin Əkbərov yenidən aktiv siyasi fəaliyyətə başlamaq üçün hazırlıq işlərini aparmaqdadır. Belə ki, onun rəhbəri olduğu "Avro-Atlantik Qrup"da artıq öz işini başa vurmuş və hazırda siyasi təşkilatların birinə rəhbərlik etmək üçün ona təklif gəlib. Həmin təklif isə eks-spiker, "ACP" lideri Rəsul Quliyevdəndir. Onu da qeyd edək ki, məhz son bir neçə aydır ki, "İctimai Palata"nın rəhbərləri olan AXCP (i) sədri Əli Kərimova və Müsavat başqanı İsa Qəmbərova qarşı tək mübarizə aparmaq gücündə olmayan R.Quliyev burada həmin adamların xüsusiyyətlərinə bələd ola biləcək şəxs axtarışına çıxmışdı.
Etibar Məmmədov planı alınmadı, Sülhəddin Əkbərov planı işə düşdü
Eyni zamanda, "ACP" liderinin AMİP lideri Etibar Məmmədovla da apardığı danışıqları nəticəsiz qalmışdı. Məhz həmin səbəbdən də, o, lideri olduğu partiyaya yeni sədr gətirmək iddiasını nəzərdən keçirib. Xatırladaq ki, R.Quliyevin də təşəbbüskarlı olduğu "Müqavimət Hərəkatı" artıq "İctimai Palata" qarşısında məğlub duruma düşüb. Həmçinin, "hərəkatdan" da əlini üzmüş "ACP" lideri özünə dəstək almaqdan ötrü bilavasitə S.Əkbərovla gizli sövdələşməyə gedib. Düzdür, bu gün S.Əkbərov həmin məsələni təsdiq etməsə də, R.Quliyevin bəzi açıqlamalarının mətbuata sızması sözügedən məsələnin gerçək olmasından xəbər verir.
Vaqif Mahmudov postunu itirəcəyindən ehtiyat edir
Xatırladaq ki, "ACP"-nin hazırkı sədri Vaqif Mahmudovdur və onun dediyinə görə, partiya sədrinin dəyişdiriləcəyi haqda xəbərlər reallığı əks etdirə bilər. Eyni zamanda, partiyanın sədri kimi fəaliyyətini davam etdirdiyini bildirən V.Mahmudov belə xəbərlərin yayılmasını qərəzli sayır: "Mənim partiyanın sədri vəzifəsindən getməyim və bu posta Sülhəddin Əkbərovun gətirilməsi haqda xəbərin cəmiyyətdə yayılmasına nail olmaq kimlərinsə marağındadır. Hesab edirəm ki, partiya daxilində gərginlik yaratmağa yönələn belə xəbərlərin meydana çıxmasına səbəb "ACP"-nin də iştirakı ilə müxalifət daxilində "güc mərkəzinin" - "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı"nın yaradılmasıdır". Bu, həm də onu deməyə əsas verir ki, artıq V.Mahmudovun fəaliyyətsizliyini dərk edən R.Quliyev ondan daha "qabiliyyətli" adamı partiyasına sədr gətirməyi planlaşdırıb. Ona görə də məhz S.Əkbərovun üzərində dayanıb ki, bilavasitə, İ.Qəmbərova qarşı hücuma keçsin.
Amansız hücum
Müsavat daxilindən sızan məlumatlara görə, isə bu gün (dünən) başqan İ.Qəmbərov gizli toplantı keçirib və həmin toplantısında, nəyin bahasına olursa-olsun, S.Əkbərovun "ACP"-yə sədr getməsini əngəlləməyi partiyadaşlarının qarşısına məqsəd qoyub. Nəticədə, belə bir qənaətə gəlmək mümkündür ki, S.Əkbər R.Quliyev cütlüyü bundan sonra yalnız bir nöqtəyə - "İctimai Palata"ya və qurumun fonunda İ.Qəmbərova qarşı amansız hücuma keçəcəkdir. Müsavat başqanı isə hələ də hansı cinahdan "vurulacağını" təyin edə bilməyib.
RƏFİQƏ