8 aprel uğursuzluğu müxalifət düşərgəsində mövcud ziddiyyətlərin yenidən qabarmasına səbəb olub. Diqqəti çəkən odur ki, radikallar müvəffəqiyyətsizliyə düçar olmalarına baxmayaraq, aprelin 22-nə təyin olunan növbəti mitinq şousuna start veriblər. Bu, heç də təsadüfi deyil və əslində, "İctimai Palata"nın "daha möhtəşəm aksiya" vədləri ilə özünü sığortalamaq niyyətindən irəli gəlir.
Ötən aksiya AXCP (i) ilə Müsavat arasında köhnə fikir ayrılıqlarını yenidən gündəmə gətirib. Bu, həm də Əli Kərimovla İsa Qəmbərov arasında "vahid namizəd"lik savaşının başlamasına işarədir. Ə.Kərimovla İ.Qəmbərovun müvafiq aksiyadan sonra ayrı-ayrılıqda media təmsilçiləri ilə daha fəal təmas qurmağa çalışması, bir-birilərinə gizli meydan oxuyaraq, daha çox diqqət mərkəzində olmağa çalışmaları bunu əyani şəkildə təsdiqləyir. Başqa sözlə, 2013-cü ildə keçiriləcək prezident seçkilərində "İP"-in "vahid namizəd"i məsələsinin gündəmə gəlməsi AXCP (i) ilə Müsavat arasındakı müttəfiqlikdə çat yaradıb. Doğrudur, "İctimai Palata" adlanan amorf qurumda onlar özlərini müttəfiq kimi göstərməyə çalışırlar. Sədri olduqları müxalif partiyalar daxilində isə onlar qarşı tərəfə münasibətdə fəal əks-təbliğat aparır, bir-birilərini qeyri-səmimilikdə və müxalifəti parçalamaqda ittiham edirlər.
Bu, radikal düşərgənin spekulyativ planlarının iflasa məhkum olduğunu bir daha təsdiqləyir. Bəlli olduğu kimi, bu partiyalar uzun müddət müxalif düşərgədə barışmaz rəqiblər sayılıblar. İ.Qəmbərovun aşkar dəstəyi ilə köhnə AXCP bir neçə yerə parçalanıb, Müsavat uzun müddət indiki "KXCP"-ni "əsil AXCP" kimi tanıyıb. Sonradan Müsavat rəhbərliyinin yenidən AXCP (i)-yə üz tutması, hətta bu qurumla birgə seçki bloku yaradaraq, parlament seçkilərinə getməsi, "KXCP"-ni incik salıb və Müsavatdan uzaqlaşdırıb. Məhz bunun nəticəsidir ki, "KXCP" radikalların ötən aksiyasına qatılmayıb və aprelin 22-də keçirilməsi planlaşdırılan mitinqdə iştirakdan da imtina edir.
Bütün bunlara rəğmən, AXCP (i) ilə Müsavat arasında, əslində, müttəfiqlik deyil, ciddi, kəskin, barışmaz rəqabət mövcuddur. Tərəflər arasında olan fikir ayrılığı isə getdikcə daha da dərinləşməkdədir. Belə vəziyyət barışmaz rəqiblər arasında qarşıdurmanı və ziddiyyətləri daha da artırır.
Baş verənlər onu göstərir ki, müxalifətin birlik istiqamətində epizodik cəhdləri süni imitasiyadan başqa bir şey deyil. Əslində, ortada hər hansı birlik, tərəfdaşlıq niyyəti də yoxdur. Radikal düşərgənin təmsilçiləri əksər hallarda belə addımları ya xarici havadarlarının təzyiqi, maddi təmənna müqabilində, ya da özləri barədə formalaşdırdıqları kəskin mənfi ictimai rəyi az-çox dəyişmək ümidi ilə atırlar. Bəllidir ki, korporativ maraqlardan doğan belə bəsit oyunlarla uzağa getmək qeyri-mümkündür və süni şəkildə xarici dairələr tərəfindən ortaya atılmış bir oyundur. Qeyd etdiyimiz kimi, "İP"-də bu birlik çox uzun sürmədi.
Radikal düşərgə çevrəsində baş verənlər, bir daha təsdiqləyir ki, bu gün müxalifətin heç bir dayağı, sosial bazası yoxdur. 900 nəfərin iştirak etdiyi bir aksiya ilə radikal düşərgənin reallıqdan uzaq iddialara düşməsi müxalifət çevrəsində həddən artıq tragikomik bir mənzərə yaradır.
Müxalifət təmsilçilərin qeyri-səmimiliyi 8 aprel mitinqindəki iştirakçıların sayının həddən artıq şişirdilməsində də özünü göstərir. Radikallar elə rəqəm səsləndirirlər ki, heç mitinqin keçirildiyi yerə o qədər adamın yerləşməsi mümkün deyil. Əslində, iştirakçıların sayının az və ya çox olması onlar üçün qətiyyən önəmli deyil. Sadəcə, onlar bununla xarici havadarlarını aldatmağa, onlardan daha çox pul qoparmağa çalışırlar. Bütün bunlar siyasi aşınmanın aqoniya həddidir və radikalları daha çıxılmaz vəziyyətə salır.
NAİB