Son günlər "İctimai Palata" yetkililərinin radikal müxalifət düşərgəsində "ana müxalifət" olaraq həmin düşərgənin onlara məxsus olmalarını iddia etmələri digər partiya sədrləri tərəfindən də ciddi qəbul olunmamaqdadır. Bu günə qədər bir çox müxalifət partiyalarının rəhbərləri bütün mənalarda "İctimai Palata"nın siyasi məqsədlərinin antidövlətçilik prinsipində idarə olunmasını qeyd ediblər. Bu isə, bir daha onu deməyə əsas verir ki, həmin iddialar doğru olmağı ilə yanaşı, həm də cəmiyyətin də onlar haqqında düşündüklərini nümayiş etdirir.
Aprelin 22-də bir daha mitinq keçirmək istədiklərini və həmin mitinqlərində guya on minlərlə tərəfdaşlarının qatılacağını deyən "İctimai Palata"nın monopolist "liderləri" növbəti dəfə siyasi blef etdiklərini özləri də yaxşı bilirlər. Sadəcə, həmin vasitə ilə bir az da siyasi kuluarlarda qalmağı, həmin vasitə ilə qrantlar qazanmağı düşünürlər. Amma təbii ki, belə bir təfəkkürlə irəli gedəcəklərini fikirləşən Əli Kərimov, İsa Qəmbərov kimi köhnə və dağıdıcı təxəyyülə malik olan qondarma siyasilər öz fikirlərində ciddi yanlışlıqlara yol vermiş olurlar.
Məhz bu baxımdan daha bir müxalifət partiyasının sədri öz düşüncələrini mətbuata açıqlayıb. "Azadlıq" partiyasının rəhbəri Əhməd Oruc bu barədə münasibətini bildirərkən deyib ki, bu gün Azərbaycan cəmiyyətinin "İctimai Palata"nın "liderlərinə" olan etimad limiti tükənmişdir: Onun sözlərinə görə, bunun başlıca səbəbi həmin qondarma liderlərin 20 ilə yaxın siyasi səhnəni zəbt etmələri və heç bir siyasi uğur, müvəffəqiyyət qazana bilməməsidir: "Bu, 20 ilə yaxındır davam edən prosesdir. İndiyədək eyni liderlər, eyni yanaşma, eyni təfəkkür və düşüncə mövcud olub. 1989-1990-cı illərdə meydanlarda çıxış edən həmin adamlar indi də həmin pafosla eyni sözləri təkrar edirlər. Təbii ki, bunun da heç bir səmərəsi yoxdur".
"Azadlıq" partiyasının sədri Ə.Orucun fikrincə, ilk növbədə, cərəyan edən müxtəlif proseslərə müxalif düşüncəli insanların baxışları dəyişməli, müxalifətin daha böyük hissəsi yeniləşməli, eləcə də, ayrı-ayrı zaman kəsimlərində müxalifətin uğursuzluqlarının başında duranlar kənara çəkilməlidirlər.
RƏFİQƏ