Həm elmi, həm də nəzəri olaraq, bəllidir ki, istənilən müstəvidə siyasi partiyaların birləşməsi və ya parçalanması mühüm prosesdir. Bu hadisə özündə ciddi komponentləri birləşdirməklə, ictimai-siyasi proseslərin sürətlənməsinə və ya əksinə təsir edir. Lakin bu hal o zaman baş tutur ki, birləşən və ya parçalanan siyasi partiyaların elektoratı, maliyyəsi, həm beynəlxalq miqyasda, həm lokal şəkildə siyasi nüfuzu yüksək olmalıdır. Dünya praktikasında belə hallara rast gəlinsə də, sonradan siyasi və maliyyə maraqları ucbatından ayrılmalar müşahidə olunub. Heç uzağa getmədən Azərbaycanda da bu cür halın baş verdiyini misal gətirmək olar. Amma həmin təcrübədə də mənafelərin uzlaşmamasına görə, uğursuz alınıb.
Bu günlərdə də AXCP ilə Müsavat funksionerləri birləşmək haqqında danışırlar. Amma bir məsələ daha çox diqqəti cəlb edir ki, bu da birləşməyə canatan tərəfin daha çox AXCP olduğu görünür, Müsavat isə sanki direktiv gözləyən "maşın" kimi dayanacaqda durub. Əlbəttə ki, siyasi gündəm üçün o qədər də ciddi mövzu olmayan bu birləşmə məsələsi artıq dəfələrlə ortaya atılıb, lakin tez də unudulub. Bu məsələnin yenidən gündəmə gətirilməsinin isə müxtəlif səbəbləri və nəticələri ola bilər.
Birinci səbəb: Hazırda Azərbaycanın siyasi palitrasında yer alan partiyalar arasında ən çox üzvə malik olan və regionda avanqard siyasi təşkilat kimi tanınan yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. YAP-ın nəinki ölkədə və regionda, hətta Avrasiya məkanında sahib olduğu nüfuz Azərbaycandakı radikal müxalifət partiyalarının gücsüzlüyünü, səriştəsizliyini və əlbəttə ki, elektoratsızlığını açıq şəkildə ortaya qoyur. Azərbaycanda fəal seçicilərin böyük əksəriyyəti dəstəyini YAP-a verdiyindən radikal müxalifət partiyaları çox zaman səsvermə baryerini aşa bilmirlər. Bu isə, əlbəttə ki, həm radikalları, həm də onlardan siyasi maraqları üçün istifadə edən xarici qərəzli dairələri narahat etməyə başlayır. Son bələdiyyə və parlament seçkiləri isə onu sübut edib ki, konkret olaraq, nə AXCP-nin, nə də Müsavatın sosial bazası var.
Ümumi seçicilərin 1 faizi AXCP-ni, 1 faizi isə Müsavatı dəstəkləyəndə, artıq elektorat bölünmüş olur və beləliklə də, radikallar siyasi yarışmanı uduzurlar. Bununla da, onlara müəyyən siyasi sifarişlər üçün maliyyə ayırmış dairələr məqsədlərinə çata bilmirlər.
Məhz bu səbəbdən Qərbin müəyyən dairələri xüsusi radikallığı ilə seçilən bu iki partiyanın və elektoratların birləşdirilməsinə qərar verib. Lakin həmin qüvvələr nəzərə almayıblar ki, ayrılıqda AXCP ilə Müsavatın üzvlərinin sayı da azdır. Nəzərə alsaq ki, İctimai Palata daxilində 4 partiya birləşib mitinqə 1200 adam çıxarırsa, demək ki, hərəsi cəmi 300 nəfər tərəfdara sahibdir. Uydurma rəqəmlər də ortaya qoyaraq deyə bilərik ki, bütün Azərbaycan bölgələrindən olan radikalların tərəfdarlarının sayı cəmi ümumi seçicilərin 1-2 faizini təşkil edir. Yenə də radikalların sosial bazasının zəif olduğunu görürük...
İkinci səbəb: Yazının əvvəlində partiyaların birləşməsi praktikasından danışarkən, ümumi hakimiyyət qurmuş siyasi təşkilatları da qeyd etdik. Söhbət məhz 1992-ci ildə birgə diktatura idarəçiliyi qurmuş AXC-Müsavatdan gedirdi. Belə ki, həmin ilin mart ayından başlayaraq, may ayınadək hakimiyyətə qarşı silahlı mübarizə aparmış AXC-Müsavat cütlüyü öz maraqları naminə hansı addımları atdığını Azərbaycan xalqı ilə yanaşı, Qərb dairələri də görüblər. Maraqlı qruplar bu radikal müxalifət nümayəndələrinin korporativ mənafeləri üçün, hətta dövlətçiliyi belə məhv etməyə hazır olduğunu da yaxşı bilirlər. Çünki hakimiyyətdə olduqları ildə Azərbaycanı nəinki total böhrana salıblar, hətta separatizmə rəvac verərək, ölkəni ayrı-ayrı "respublikalara" ayırıblar. Bu məqsədlə də, Qərbin müəyyən dairələri çalışırlar ki, AXCP ilə Müsavat yenidən birləşsin və Azərbaycan dövlətçiliyinə qarşı yenidən xəyanətkar addımlar atsın.
Üçüncü səbəb: Məlumdur ki, Azərbaycanın radikal müxalifəti Qərbin müəyyən dairələrindən və digər xarici qərəzli qruplardan maliyyələşirlər. AXCP-nin Almaniyanın müxtəlif fondlarından, erməni lobbisinin təsirində olan müxtəlif təşkilatlardan maliyyə vəsaiti aldığı hər kəsə bəllidir. Əlbəttə ki, həmin qərəzli dairələrin maliyyə yardımı qrantlar şəklində də həm AXCP-yə, həm də Müsavata yaxın olan QHT-lərə də verilir.
Bir neçə il öncə radikallara verilən pulların əvəzində, məqsədlərini reallaşdıra bilməyən anti-Azərbaycan dairələri, artıq AXCP ilə Müsavata verilən maliyyəni azaltmaq qərarına gəlib. Bu səbəbdən də, Qərbin müəyyən dairələri birləşmək ideyasını ortaya ataraq, maliyyəni bir mərkəzə vermək və eyni yerdən də hesabat almaq niyyətindədir. Radikallar da çalışır ki, həmin maliyyə vəsaitləri kəsilməsin...
Əlbəttə ki, radikalları birləşdirməyin başqa səbəbləri də ola bilər. Lakin nəticə heç bir halda dəyişməyəcək. Çünki AXCP ilə Müsavat arasındakı intiraqalar hələ də aradan qaldırılmayıb.
Birinci nəticə: Belə bir ideyanın ortaya atılması, ilk növbədə, hər iki partiyanın funksionerləri və sədrləri arasındakı münasibətləri daha da gərginləşdirəcək. Çünki başqan olmaq istəyən ətrafında öz adamlarını yerləşdirəcək. Lakin digər qütb bununla heç bir halda razılaşmayacaq. Digər tərəfdən qarışıq rəhbərlik belə yaratsalar, informatorlar əlindən bu birliyin tifaqı tez dağılacaq.
Bununla yanaşı, AXCP ilə Müsavatın bir yerdə olmasını qeyri-mümkün edən praktik bilgilər də var. Hələ 2003-cü ildə ölkədə destruktivlik yaradan Müsavat və AXCP, 2005-ci ildə parlament seçkiləri ərəfəsində bir-birini satdılar. Əlbəttə ki, həmin məsələləri dərin izah etmədən demək olar ki, AXCP ilə Müsavatın birləşməsi qeyri-mümkündür. Olsa belə, yalnız görüntü üçün olacaq.
İkinci nəticə: AXCP ilə Müsavat arasında tarixi düşmənçilik toxumları da var. Bu isə onun rəhbər işçilərilə yanaşı, üzvləri arasında da problemlər yaradır. Hələ ötən ilin aprel ayında şəhərin mərkəzində icazəsiz piket keçirdikdən sonra minlərlə müxalifətçi öz partiyalarının sıralarını tərk ediblər. Bu isə ona dəlalət edir ki, əgər birləşmə olarsa, həmin gərginliklər yenidən meydana çıxacaq və olan-qalan üzvlər də partiyaların sıralarını tərk edəcəklər.
Üçüncü nəticə: Bu cür anti-milli mövqe ortaya qoymaqla, AXCP və Müsavat özlərini yavaş-yavaş ölkənin siyasi palitrasından da tədric edirlər. Bu siyasi partiyalar xarici qərəzli dairələrin anti-Azərbaycan planlarına yox deməli və xalqın, dövlətin maraqları naminə işləməli, sağlam rəqabət çərçivəsində təkmil siyasi institut kimi formalaşmalıdır. Bunun üçün də əlverişli şərait yaranıb. "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər edildikdən sonra AXCP və Müsavat istər ayrılıqda, istərsə də birləşərək dövlətin maliyyələşdirilməsindən yararlana bilər. Buna görə isə AXCP və Müsavat 3 faizlik baryeri aşmaq üçün sosial dəstək uğrunda fəal işləməli olacaq. İndi seçim AXCP ilə Müsavatındır: ya xarici qüvvələrə işləyərək xəyanətkar kimi tarixin arxivinə göndərilmək, ya da səmiyyətin dəstəyini almaq üçün anti-milli fəaliyyətdən əl çəkmək...
Bəhruz QULİYEV