ACP lideri Rəsul Quliyevin hazırkı zamanda özünü radikal müxalifət düşərgəsinə "ağsaqqal" kimi göstərməsi və yeri gəldikcə "ağıllı" məsləhətlər verməsi və bu kimi insani keyfiyyətləri kölgə altına salacaq qədər düşünülməmiş addımlar atması, doğrudan da, bar verməyən ağac obrazını yaradır. Məşhur bir deyimə görə, "top-tüfəng qarşısında tab gətirən insanlar, nədənsə pulun qarşısında aciz olurlar" ifadəsi məhz Rəsul Quliyevin də belə insanlardan olduğunu və hər bir şeyi pula görə qurban verməyə hazır olmasından xəbər verir. Xarici qüvvələrin kölgəsində özünə rahatlıq tapan Rəsul "bəy" okeanın o tərəfində oturub, yuxuda gördüklərini mətbuata açıqlamaqla, artıq münəccimlik kimi "mərtəbə"yə yüksəlib. Eyni ssenari üzrə özlərinə xas obrazlar yaradan radikal müxalifət partiya sədrlərini tənqid atəşinə tutan Rəsul "bəy" həyatını hansı amal uğrunda mübarizəyə qurban verdiyini heç ağlına belə gətirmir. Beyin kanallarının çirkli pullarla tutulması Rəsul Quliyevin hələ düşünülməmiş bir çox addımlar atmasına və çox şeylər itirməsinə səbəb olacaq. Özündən razı halda hamını tənqid edən Rəsul Quliyevin sanki iqtisadiyyatın banisi kimi danışaraq, Azərbaycanda neft siyasətini tənqid etməsi, bu insanın elmi və dünyəvi təfəkkürünün hansı dərəcədə olmasından xəbər verir. Necə ola bilər ki, Milli Məclis sesiyalarında Azərbaycanın neft strategiyasının təməlinin sağlam qoyulduğunu və bu siyasətin hansısa xarici qüvvələr tərəfindən sarsıdılmasını qeyri-mümkün sayan və bunu bütün çıxışlarında dəfələrlə vurğulayan Rəsul Quliyev indi belə fikirlər səsləndirir? Tarixə nəzər saldıqca aydın olur ki, Rəsul Quliyevin pula olan hərisliyi, haram pulların mənimsəmə siyasəti bu insanın ona göstərilən hörmətin yox, əslində, pulun dəyərli olduğunu aşılayır. Necə deyərlər:"Özgə atına minən tez düşər". Eldən uzaqlaşıb, duz-çörək itirən və qürbət çöllərinə üz tutan mühacirlərin sonunun necə olacağı da hamıya məlumdur.
İLQAR SİYAFOV