Bu gün Sabir Rüstəmxanlı VHP adlı siyasi təşkilatın sədri olmaqla yanaşı, həm də bir millət vəkilidir. Lakin siyasi baxışlarının və düşüncə tərzinin tez-tez dəyişilməsi həm seçicilərində, həm də partiyadaşlarında onun barəsində fərqli baxışların yaranmasına səbəb olur. Bəllidir ki, siyasətdə mövqelərin dəyişilməsi prosesi bir çox hallarda siyasi partiyaların və həmin partiyaların sədrlərinin nüfuzuna xələl gətirir. Belə bir məqamda partiya sıralarında istefalar və narazılıqlar da baş qaldırır ki, həmin nüans hazırda VHP daxilində də baş qaldırma ehtimalındadır. Çünki bu ərəfələrdə partiya sədri S.Rüstəmxanlının düşərgənin radikal qanadına tərəf, daha dəqiq desək, "İctimai Palata" istiqamətinə sığınması cəhdləri onun siyasətində nasazlıqların əmələ gəlməsini nümayiş etdirir. Çünki bu günə qədər olan müsahibələrində bir neçə dəfə radikalizmi pisləyən bəyanatları ilə bugünkü davranışları anlaşılmazlıq yaradır.
Əgər partiya sədrinin sözü keçmirsə...
Həmin bəyanatlardan və açıqlamalardan bir neçəsini təqdim etməklə, S.Rüstəmxanlının, həqiqətən də, hansı istiqamətdə fəaliyyət göstərməsini, siyasi baxışlarının hansı qütbdə "inkişaf etməsinin" cavabını oxucuların ixtiyarına buraxırıq. Məsələn, dağıdıcılıq və anarxiya tərəfdarları kimi çıxış edən qondarma "İctimai Palata" yaranarkən, VHP sədri qətiyyətlə bəyan etmişdi ki, onun partiyası həmin təşkilatda təmsil olunmayacaq.
"Bu qurumun fəaliyyətindən də o qədər məlumatlı deyiləm" deyə bildirən S.Rüstəmxanlı daha sonra həmin sözlərinə əlavə olaraq demişdi ki, o, belə qurumların davamlı fəaliyyətini istəmir: "Belə qurumlar bu gün yaradılır, sabah dağılır, yaxud da hansısa partiyanın nəzarətinə keçir". VHP sədri "palatanın" fəaliyyətinə də nəzər salaraq, qeyd etmişdi ki, əslində, adıçəkilkən qurumun xalqın adından çıxış etməsi inandırıcı görünmür: "İctimai Palata"ya hamı, doğurdan da, vəziyyəti düzəltmək, xalqın durumunu dəyişmək üçün gəlməyib. Bəziləri fərdi maraq naminə, bəziləri görüntü xatirinə, bəziləri də itirilmiş bir şeyləri bərpa etmək ümidi ilə gəlir."İP"-in fəaliyyətini uğrusuz hesab edirəm, orada perspektiv görmürəm".
Əlbəttə ki, ortada daha bir məqam dayanıb ki, həmin məqam həm də partiya sədrinin rəhbərlik etdiyi təşkilatı daxilində sözünün keçməməsi ilə əlaqəlidir. Çünki bir partiya sədrinin "İctimai Palata"da, ya da digər bir qurumda təmsil olunmamasına baxmayaraq, onun funksionerlərinin, həm də sıravilərinin adıçəkilən qurumun iclaslarına qatılmaları ictimaiyyətdə təəccüb doğurur. Belə ki, S.Rüstəmxanlı rəhbərlik etdiyi siyasi təşkilatda söz sahibidirsə, onun sözünün kəsəri olmalıdır. Yoxdursa, bu zaman onun partiyaya rəhbərlik etmək prinsipi öz zəifliyi ilə seçilir.
RÖVŞƏN RƏSULOV