"İctimai Palata"nın 22 aprel mitinq-şousu rəhbərlik səviyyəsində baş vermiş daha bir ziddiyyətli hadisə ilə yadda qaldı. Lakin həmin ziddiyyətli hadisənin öncələr baş vermiş olaylardan bir fərqli cəhəti var ki, bu cəhət onsuz da normal münasibətdə olmayan AXCP (i)-Müsavat sədrlərinin arasındakı uçurumu maksiumum dərəcədə dərinləşdirmiş oldu. Məhz həmin səbəbdən də mitinq-şoudan öncə və sonra hər ikisinin qaşqabaqları, bir mahnıda deyildiyi kimi, yerlə getdi. Bəs məsələ nədə idi?
İsa Qəmbərov Əli Kərimovu üstələdi...
Hələ 22 aprel mitinq-şousu başlamamışdan öncə, "İctimai Palata"nın koordinasiya şurasının toplantısında uzun çək-çevirdən sonra qərara gəlinmişdi ki, budəfəki mitinqdə ilk çıxışı Müsavat başqanı İsa Qəmbərov edəcək. Yəni 8 apreldə keçirilmiş şouda ilk çıxışı Ə.Kərimov etdiyinə görə, bu dəfə İ.Qəmbərov özünü önə dürtüşdürdü. Təbii ki, burada bağça uşaqlarının tərzi daha çox özünü büruzə verdi. Yəni keçən dəfə sən birinci idin, indi də mən birinci olacam. Lakin sözdə buna razılıq verən "cəbhə" sədri içərisində yüz faiz deyib: "Eybi yox İsa, bir gör sənin başına nə oyunlar açacağam".
Məhz bu ədavətli, ziddiyyətli tərzdə mitinq-şoularını keçirməyə gedən hər iki partiya sədrinin daxillərində xəbislik və nifrət aksiyanın özündə də yetərincə əks olundu. Belə ki, jurnalistimizin apardığı müşahidələrə görə, siyasi şou meydanının dörddə-birini belə doldura bilməyən "İctimai Palata" nümayəndələri təsəllilərini quraşdırdıqları bir-iki dənə mahnı səsləndirməklə tapmağa çalışırdılar. Ə.Kərimovla İ.Qəmbərov isə mitinqə daxil olarkən, beş nəfərin "Əli bəy", on nəfərin isə "İsa bəy" qışqırmaları hər iki "lider" arasında olan münaqişəyə sanki benzin tökmüş oldu. Çünki stadiondakı partiya bayraqları da ayrı-ayrılıqda yellənirdi. Müsavat partiyasının bayrağı AXCP (i)-nin bayraqlarından üç ədəd çox idi. Və belə-belə "palata"nın mitinq-şousunun xitabət kürsüsünə qalxan düşmən "liderlər" sözə başlamamış, İbrahim İbrahimlinin açılış etməsi Ə.Kərimovun başına "qaynaq su tökdü". Çünki İ.İbrahimli Müsavatdan istefa verməsinə baxmayaraq, yenə də İ.Qəmbərovun həndəvərində gəzib-dolaşır. Bu faktor isə mitinqdə ağalığın İ.Qəmbərova keçməsinə olan işarə kimi başa düşüldü. Əlbəttə ki, İ.İbrahimli sözü İ.Qəmbərova verdi və İ.Qəmbərov tənə ilə Ə.Kərimova baxaraq, mikrofonu əlinə alıb, hələ üstəlik, ona "qal yana-yana" tipli göz də vurub.
"Cəbhə" sədri əvəz çıxıb, Müsavat
başqanı da dodağını sallayıb
Məhz sonda, üç-beş nəfərin stadionu tərk etdiyi bir zamanda sözün ona verlidiyini görən AXCP (i) sədri Ə.Kərimov hətta tərəddüd edib. O, mikrofonu kənara itələyərək, danışmayacağını da qaşqabaqla, naz edə-edə bildirib. Uzun çək-çevirdən sonra "cəbhə" sədrinin nazını sındırmağa müvəffəq olan partiyadaşları sonda birtəhər mikrofonu onun əlinə verməyi bacarıblar. Ə.Kərimov isə, öz növbəsində, başlayıb öz partiyasını tərifləməyə. Ancaq necə deyərlər, boğazdan yuxarı.
Hətta mitinq-şou başa çatdıqdan sonra, Ə.Kərimova yaxınlaşan "Yeni Müsavat", "Azadlıq" və digər müxalifət qəzetlərinin əməkdaşları ondan sərt, küskün və həqarətli cavablar alıblar. Əlbəttə ki, həmin təsvirin mənası onun İ.Qəmbərovla olan yeni, təptəzə qarşıdurmasının nəticəsi kimi başa düşüldü.
Əldə etdiyimiz başqa inanılmış məlumata görə, Müsavat başqanı mitinq-şoudan dərhal sonra qərargahına tələsib. Qərargahda isə onu müxbirlər gözləyib. Lakin o, nədənsə Müsavat başqanı yalnız "Yeni Müsavat" və partiyaya yaxın mətbu orqanları ilə danışıb. "Azadlıq" qəzetinin müxbirləri isə oradan uzaqlaşdırılıb. Bütün bunlar isə, onu deməyə əsas verir ki, istənilən məqamda bir-birilərinə qənim kəsilmiş əbədi düşmənlər - Ə.Kərimov-İ.Qəmbərov cütlüyü bu kimi mitinq-şoularında əllərində olan-qalan üç-beş nəfərlik "elektorat resurslarından" da öz qarşıdurmaları üçün istifadə edirlər. Məhz bu səbəbdən də, ayrı-ayrılıqda bir-birilərinə baxdıqları zaman, qaş-qabaqları yerlə gedir. Neylədiklərini isə özləri "çox gözəl" bilirlər. Ruslar demişkən, "VIŞE NOS, QOSPODA"!
RÖVŞƏN RƏSULOV