Müxtəlif post-seçki dövrlərində qurum və birliklər yaradaraq, həmin təşkilatların daxilində guya "ziyalıların" da öndə getdiklərini iddia edənlərin daim yanlış fikirlərdə olduqları dəfələrlə sübuta yetirilib. Buna misal kimi, hələ 2003-cü ildə yaradılmış "Azadlıq" blokunu, sonradan isə ona qoşulan "Amal" adlı qondarma "ziyalılar hərəkatı"nı da göstərmək mümkündür. Xatırladaq ki, məhz həmin ərəfələrdə də "biz gəlirik" kimi pafoslu bəyanatlar səsləndirən bu günün radikal müxalifət liderləri, əslində, ətraflarına topladıqları bəzi insanlardan şəxsi məqsədləri üçün istifadə ediblər. "Azadlıq" bloku və sonradan ona birləşən "Amal" təmsilçiləri də bunlardan biri idi.
Lakin 2003-cü ilin oktyabrında qarşılaşdıqları ciddi məğlubiyyət səbəbindən xalq tərəfindən birmənalı şəkildə rədd edilmiş "Azadlıq" bloku, oradakı partiyalar, xüsusilə də, Müsavat və AXCP (i) sonradan tərkiblərində formalaşdırdıqları "Amal" "ziyalılar hərəkatı"nı da öz arxalarınca siyasi ölümə sürüklədilər. Və beləliklə, 2005-ci ilin parlament seçkilərində də növbəti ağır duruma düşdükdən sonra, "Azadlıq" bloku tamamilə iflasa uğramış oldu. Ancaq onunla birgə həmin "hərəkat" da tarixin arxivinə düşdü. Məhz bundan sonra, gec də olsa, səhv yolda olduqlarını dərk edən "amalçılar" bir-bir radikal müxalifət düşərgəsini tərk etməyə başladılar. Həmin tarixlərə müraciət etsək, görərik ki, o ərəfələrdə, daha dəqiq desək, 2006-cı ilin 16 fevral tarixində "Amal" hərəkatının sədri, professor Xalid Əlimirzəyev siyasətdən və Müsavat partiyasından getdiyini bəyan etmişdi. O, bu atdığı addımını belə dəyərləndirmişdi: " Mən, demokratik dövlət quruculuğu və xalqın ümummilli mənafeyi uğrunda mübarizə apardığını idda edən, özünü real müxalifət adlandıran qüvvələrin son illərdə əxlaqi dəyərlərimizə uyğun gəlməyən, demokratik qüvvələrin birliyinə və vahid amal uğrunda mübarizəyə böyük xələl gətirən qeyri-səmimi və qrup prinsiplərinə əsaslanan ambisiyalı hərəkətləri ilə razılaşmadığımdan bu addımı atıram". X.Əlimirzəyev həmin bəyanatında üzvü olduğu Müsavat partiyasından da çıxdığını bildirmişdi.
Qondarma "Ziyalılar forumu"nun da aqibəti "Amal"dan o yana getməyəcək
Bu gün də radikal müxalifət düşərgəsində fəaliyyət göstərən "İctimai Palata"nın xəyanətkar siyasəti heç də "Azadlıq" blokunun siyasətindən fərqlənmir. Məhz "İctimai Palata" adlı qurumda da, "Azadlıq"da olduğu kimi, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov inhisarçılıq edirlər. Və bu günlərdə guya qondarma "Ziyalılar forumu"nun "palata"yla iş birliyinə getməsi "birləşdiklərini" bəyan etməsi də həmin mövzunun təkrarıdır. Ona görə də əminliklə söyləmək mümkündür ki, onların da aqibətləri dağılmış "Amal"dan o yana getməyəcək.
Rövşən Rəsulov