PDF Oxu

Müxalifət

  • 8

“Yenidən birləşmək” təşəbbüsü...

“Yenidən birləşmək” təşəbbüsü...

Hər dəfə radikal düşərgədə daxili ziddiyyətlər qabaranda süni, reallığı əks etdirməyən birləşmə şouları yenidən dəbə düşür. Belə hallarda dəfələrlə sınaqdan keçirilib baş tutmayan şərti birlik formulları təkrar gündəmə gətirilir və müxalifət yönümlü mediada geniş müzakirə obyektinə çevrilir. Bu baxımdan, radikal düşərgənin - "İctimai Palata"nın mitinq şoularının uğursuzluğa düçar olması fonunda AXCP (i) ilə Müsavatın birləşməsi ideyasını yenidən müzakirəyə çıxarmaq cəhdləri heç də təsadüfi deyil.


Məğlubların süni birlik şousu... Bu, heç nəyi dəyişməyəcək


Əslində, ortada bu iki partiyanın birləşməsi ilə bağlı real fikir və ciddi təşəbbüs yoxdur. İlyarım əvvəl Müsavat partiyası ilə AXCP (i)-nin vahid partiyada birləşməsi ideyası müxalif medianın əsas müzakirə mövzusu olsa da, hazırda nə AXCP (i), nə də Müsavat müvafiq birləşmənin baş tutmasında maraqlı görünmür. Bu iki partiya 2010-cu ilin parlament seçkilərinə vahid seçki bloku ilə qatılsalar da, tam iflasa uğrayaraq, məğlub olublar, seçki bloku kimi, bir mandat belə qazana bilməyiblər.

Xatırladaq ki, "zorən müttəfiq" olan bu iki partiyanın münasibətləri zahirən göründüyündən fərqli olaraq, çox da hamar deyil. Ayrı-ayrı vaxtlarda həm Müsavat, həm də köhnə AXCP bir-birilərini kəskin siyasi rəqabət müstəvisində sıradan çıxarmağa çalışıblar. Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin "klassiklər" və "islahatçılar" adlanan iki siyasi qanada parçalanmasında Müsavat başqanı İsa Qəmbərovun xüsusi rolu olub. Müsavata yaxın media həmin dövrdə Əli Kərimovun sədrlik etdiyi AXCP (i)-ni "Yurd" kimi təqdim edib, indi "KXCP" adlanan "klassiklər"i isə "əsl AXCP" kimi tanıyıb. Bu, uzun müddət radikal müxalifət düşərgəsinin iki qütbə parçalanmasını şərtləndirən başlıca amil olub. Sonradan AXCP-dən ayrılan siyasi qurumlar digər ad altında qeydiyyatdan keçsələr də, Müsavatın "tanışlıq oyunu" həm AXCP (i), həm də "KXCP" mənsublarının yaxşı yadındadır.


Mehriban düşmənçilik, yoxsa zahiri müttəfiqlik?


Bu iki partiyanın xarici təzyiq qruplarının təsiri ilə zahiri müttəfiqlik etməsi fonunda "KXCP"-nin Müsavatdan uzaqlaşması aydın sezilir. Başqa sözlə, AXCP (i) ilə Müsavatın bu müttəfiqliyindən ən çox narazı qalan məhz "KXCP"-dir. "KXCP" mənsublarının "İctimai Palata"nın təşkil etdiyi iki mitinqə qatılmaması da bunu bilavasitə təsdiqləyir. Təzadlı məqamlardan biri də budur ki, birləşmə ideyası AXCP (i) ilə Müsavat arasında ziddiyyətlərin qabardığı bir vaxtda ortaya atılır. Bu, onu göstərir ki, əslində, məqsəd mövcud ziddiyyətlərdən diqqəti yayındırmaqdır. Diqqəti çəkən məqamlardan biri də budur ki, əvvəllər müvafiq birləşmə sifarişinin xaricdən gəlməsini inkar edən radikal düşərgəni indi bunun "Qərbin sifarişi" olduğunu açıq şəkildə vurğulayır. Məsələn, AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı açıq şəkildə təsdiqləyir ki, "demokratik proseslərdə maraqlı olan beynəlxalq qüvvələr" (?!) Müsavatla AXCP-nin birləşməsinə çalışır. O, eyni zamanda, Müsavat rəhbərliyini AXCP (i)-nin israrlı olmasına baxmayaraq, birləşmə təşəbbüsünü pozmaqda günahlandırıb.


AXCP (i)-ni seytnot vəziyyətinə salmaq üçün irəli sürülən təşəbbüs

Qeyd edək ki, Müsavatla AXCP (i)-nin birləşməsi ideyası 2010-cu ilin yazında məhz İ.Qəmbərov tərəfindən dövriyyəyə gətirilmişdi. O, parlament seçkiləri ərəfəsində "eyni ideyanın daşıyıcısı olan iki partiyanın birləşməsi zərurəti"ndən danışmış, birləşdirici qurultayın baş tutacağı təqdirdə, başqanlıqdan gedəcəyini bildirmişdi. Sonradan AXCP (i)-nin qurultayında Müsavatla birləşməklə bağlı qərar qəbul olunsa da, Müsavat təmsilçiləri belə bir birləşmədə maraqlı olmadıqlarını bəyan etmişdilər.

Ötən iki ilə yaxın müddət ərzində bu məqam Müsavatla AXCP (i)-nin münasibətlərinə soyuqluq gətirən başlıca amillərdən birinə çevrilib. AXCP (i) mənsubları hər dəfə bu məsələ qabardılarkən, partiyanın qurultayında birləşməyə tərəfdar çıxdıqlarını və bu qərarın hələ də qüvvədə qaldığını, Müsavat təmsilçiləri isə bu mövzunun yenidən gündəmə gətirilməsinin əleyhinə olduqlarını vurğulayırlar. Burada təşəbbüsü dilə gətirən tərəfin sonda müvafiq təkliflərdən yayınması heç də birmənalı qarşılanmır. Əslində, görünən odur ki, Müsavat bu təşəbbüsü heç də radikal düşərgəni birləşdirmək üçün deyil, AXCP (i)-ni növbəti dəfə seytnot vəziyyətinə salmaq üçün irəli sürüb.


Müsavatın köhnə rəqibini aşağılamaq cəhdi...


Bunun müqabilində AXCP (i) funksionerlərinin "beynəlxalq qüvvələr bu birləşməyə tərəfdardır" deyərək, Müsavata təzyiq göstərməsi "zorən birləşdirmə" düsturunun işə düşdüyündən xəbər verir. Başqa sözlə, hər iki tərəf birləşmədən daha çox bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlı görünürlər.

Eyni zamanda, AXCP (i) birləşmə halında az-çox "böyük partiya" kimi görünəcəyinə və Müsavatın bütün strukturlarını ələ alacağına ümid edir. Müsavat isə AXCP (i)-ni "birləşmə kartı" ilə vurmaqla radikal düşərgədəki əsas rəqibini nüfuz və təsir imkanları baxımından, tam sıradan çıxarmağa çalışır. Burada Müsavat başbilənlərinin başlıca hədəfi AXCP (i)-ni, daha çox zəif, himayə axtaran, asılılıq kompleksinə yoluxan bir partiya kimi təqdim etməkdir. AXCP (i)-ni "onlar birləşmək istəyir, biz ehtiyac duymuruq" ritorikası ilə aşağılayan müsavatçılar bununla qarşı tərəfin ikinci, üçüncü dərəcəli siyasi təşkilat olduğunu nümayiş etdirməyə çalışırlar.

Bütün bunların fonunda, birləşmə şousunun hər iki tərəf üçün siyasi spekulyasiya aləti olduğu aydın görünür. Çünki həm AXCP (i)-də, həm də Müsavatda partiyanı təmsil edənlər bir-birilərini qəbul etməyə hazır deyillər və ən yaxşı halda, mehriban düşmən kimi davranırlar. Mehriban düşmənçiliklə isə nə real müttəfiq olmaq, nə də ortaq məxrəcə gəlib eyni partiyada təmsil olunmaq mümkün deyil.


Naib NİFTƏLİYEV

Digər xəbərlər