Müxalifət düşərgəsində təmsil olunan partiyaların dağınıq, başıpozuq vəziyyətdə olmaları bu düşərgəyə qarşı mənfi münasibəti daha da dərinləşdirir. Maraqlıdır ki, bu durumun yaranmasında partiya sədrləri bir-birilərini günahlandırırlar. İrəli sürdükləri ideyaları qəbul etməyən, dediklərini təkrarlamaqdan imtina edənlər xəyanətkar və satqınlar hesab olunur. Amma dərinə gedib prosesləri lazımi səviyyədə araşdırdıqda, məlum olur ki, iddialı tələblərlə çıxış edənlərin özləri xəyanətkar və satqınlardır. Bu şəxslər təkcə düşərgəyə qarşı deyil, həm də Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxırlar. Bunu sübut etmək üçün təkcə Azərbaycanın "Eurovision" mahnı-müsabiqəsinin qalibi olaraq yarışmanın Bakıda keçirilməsinə nail olduqdan sonra radikal müxalifət ünsürlərinin ermənilərlə eyni mövqedən çıxış edərək, dövlət və millət əleyhinə anti-təbliğat kampaniyaları aparmalarını göstərmək olar. Hətta nəslinin qara ləkəsi hesab olunan AXCP (i) sədri Əli Kərimov Serj Sarkisyan kimi düşüncə tərzi ortaya qoymaqla, "Eurovision"un boykot edilməsi çağırışı ilə çıxış etmişdir.
KONRAD ADENAUER FONDUNUN QUDURTDUĞU ƏLİ KƏRİMOV
Siyasətdən uzaq bir məxluq olduğunu atdığı səhv, düşünülməmiş addımları ilə nümayiş etdirən Əli Kərimov bunun fərqinə varmadan, həyatını və varlığını daha çox pul qazanmağa, gəlir götürməyə yönəldib. Ona görə də bir növ xarici fondların Azərbaycanda casusu rolunda çıxış etməklə daha çox ianə toplamağa səylər göstərir. Ə.Kərimov AXCP (i)-nin rəhbər strukturlarında çalışanların maddi təminatını da yaddan çıxarmır. AXCP (i) idarə heyətinin üzvü Gözəl Bayramova partiyanın rəhbər orqanlarında çalışanlara yalnız 300-350 manat vəsait ödənildiyini iddia etsə də, əslində, bu rəqəmin bəzən 2-3 dəfə çox olduğu qeyd olunur. Çünki Ə.Kərimov əgər mühafizəçilərinin hər birinə yalnız 800 manat vəsait ödəyirsə, bu halda, sədr aparatında çalışanlara 300-350 manat pul verilə biləcəyi inandırıcı deyil. Təbii ki, rəhbər orqanlarda çalışanlar daha çox pul alırlar. Araşdırmalar zamanı məlum olub ki, Ə.Kərimova pul daha çox Fridrix Nauman, Konrad Adenauer, Fridrix Ebert və Steynar Gillin rəhbərlik etdiyi maliyyə fondundan verilir. Məlumata əsasən, yalnız Konrad Adenauer fondu tərəfindən Ə.Kərimova 2012-ci ilin mart ayında 150 min dollar pul ödənilib. Bu vəsait isə Avropanın küçələrində avara-sərgərdan dolaşan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov vasitəsilə çatdırılıb.
ƏLİ KƏRİMOVUN BAKIDAKI AVTOSALONU VƏ İÇƏRİŞƏHƏRDƏKİ MAĞAZALARI
AXCP (i) sədri Əli Kərimovun siyasətə gəlir mənbəyi kimi baxması onun təkcə fondlarla əlaqələri ilə yekunlaşmır. Bəzi xarici maraqlı qüvvələri aldatmaqla, eləcə də, vəzifədən kənarlaşdırılan imkanlı şəxslərə yalan vədlər verməklə maddi yaşayış durumunu daha da yaxşılaşdırmağa səylər göstərir.
Redaksiyamıza daxil olan məlumata əsasən, Ə.Kərimov yalnız İstanbuldakı Lalələr deyilən məhəllədə 280 kv metr ərazisi olan alqı-satqı mağazası əldə edib. Hazırda bu mağazanı tarixin arxivinə atılmış "Demkonqres"in Türkiyə təmsilçisi olmuş Xanım Xəlilova işlədir. Eyni zamanda, Ə.Kərimov Bakıda da geniş imkanlara və obyektlərə malikdir. Düzdür, bu məxluq sahibi olduğu obyektlərin və evləri öz adına sənədləşdirməyib. Misal kimi, Bakı şəhər 3-cü mikrorayon ərazisində yerləşən avtosalonun Ə.Kərimovun olduğu təsdiqlənsə də, bu salon başqasının adına sənədləşib. İçərişəhərdəki Kiçikqala küçəsində yerləşən mağazanın və Xəzər rayonunun Buzovna qəsəbəsində 1 hektar torpaq sahəsinin də Ə.Kərimova məxsus olduğu bildirilir. "Memar Əcəmi" metrostansiyasının yanında yerləşən binada 4 və 3 otaqlı mənzillər Ə.Kərimovun qardaşı Şaiq Kərimovun adına sənədləşdirilsə də, əslində, bu mənzillərin də Ə.Kərimova məxsus olduğu qeyd olunur.
NƏSLİN "ÜZ QARASI"
Siyasətdə qaz vurub, qazan doldurması və bunu Azərbaycanın milli və dövlətçilik maraqlarını satmaqla əldə etməsi yaxın qohumlarının da Ə.Kərimovdan üz döndərməsinə gətirib çıxarıb. Ə.Kərimovun əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov bizimlə söhbətində Ə.Kərimovun dövlətçilik əleyhinə yönələn anti-təbliğatının onlara utanc gətirdiyini bildirdi: "Ə.Kərimov hələ də köhnə üslubda düşünür. Şəxsi və qrup maraqlarını hər şeydən üstün tutur. Deyə bilərəm ki, onun təfəkkür tərzi, siyasi mübarizə istəyi məğlubiyyətə məhkumdur".
N.Kərimov bildirdi ki, bu gün Ə.Kərimovun qohumları ondan tamamilə üz döndəriblər. Baxmayaraq ki, o, bütün mümkün vasitə və üsullardan istifadə etməklə, qohumları özünün qərəzli düşüncə tərzinə şərik etməyə çalışmışdır. Amma dövlətə, xalqa bağlı olan zəhmətkeş kərimovlar Ə.Kərimovu qətiyyətlə rədd etdilər: "Kərimovlar nəslindən olan insanların razılığı olmadan onların adını AXCP (i) sıralarına yazmışdılar. Amma bunu bildikdən sonra Kərimovlar nəslindən olan Rövşən, Pərzad, Hökumə, Əlizadə, Rəfael, Sabir, Elnur və digərləri bəyanat imzalayaraq, AXCP (i)-dən istefa verib Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuşlar".
N.Kərimov onu da söylədi ki, Ə.Kərimov oğlunun Londonda orta təhsilinə hər il 41 min dollar ödəyir. Bu pul onun üçün haradandır? "Oğlunu sakit, təhlükəsiz yerdə gizlədən Ə.Kərimov ətrafında olan gəncləri küçələrə çıxıb, qeyri-qanuni mitinqlər keçirməyə, polislə qarşıdurmaya getməyə təhrik edir. Təbii ki, bu, siyasi əxlaqsızlıqdır" deyən N.Kərimov vurğulayıb.
N.Kərimov onu da bildirdi ki, Azərbaycanın digər vətəndaşları kimi onlar da ölkəmizdəki ictimai-siyasi sabitliyin möhkəm əsaslar üzərində qurulduğunu və iqtisadi inkişafın sürətlə davam etdirildiyini görür və bilirlər. Bu sabitliyi pozmaq və iqtisadi inkişafı ləngitmək istəyən Ə.Kərimov kimilərə iradlarımızı bildiririk: "Dəfələrlə Ə.Kərimovu səhv yoldan çəkindirməyə çalışmışıq. Ağsaqqalların iştirakı ilə onu danlamışıq da. Təəssüf ki, öyüd-nəsihətdən nəticə çıxarmayıb. Ona görə də, biz məcburuq mətbuat konfransı keçirərək, onun səhv hərəkətlərini mətbuat vasitəsilə cəmiyyətə çatdıraq".
İ.ƏLİYEV