Radikal düşərgə yenə öz ampluasındadır. Burada bəziləri adəti üzrə birlikdən, həmrəylikdən, müxalifətin birləşməsi zərurətindən dəm vurur. Digərləri ənənəvi ziddiyyətlərin yenidən qabarması fonunda köhnə rəqiblərini "vurmağa", çıxdaş etməyə çalışır. Elələri də var ki, öz həmkarlarını çox sərt tənqid etdikdən, asıb-kəsdikdən, "sandığı açıb pambığı tökdükdən" sonra, ortada sübutun, səs yazısının olmasına baxmayaraq, heç nə olmamış kimi, söylədiklərini, sadəcə, inkar edirlər.
Özü özünü təkzib edənlər
Hətta onların sırasında eyni gündə eyni bir məsələyə beş müxtəlif qəzetdə tamam fərqli, ziddiyyətli münasibət bildirərək, özü özünü təkzib edənlər də var. Bu sırada adi bir tədbirdə iştirak etmək və ya müsahibə vermək üçün media təmsilçilərindən, jurnalistlərdən 500 manat istəyənlər də istisna deyil. Əgər belələri sıravi media təmsilçilərinə utanıb-çəkinmədən "qiymət" oxuyurlarsa, onda gör, piketə bənzər bir mitinqə görə, xarici havadarlarından nə qədər haqq istəyirlər.
Yeri gəlmişkən, radikal düşərgənin keçirdiyi son aksiyalar sönüklüyü, uğursuzluğu ilə yanaşı, məzmunsuz, mahiyyətsiz çıxışlarla yadda qalıb. Emosional tənqid ritorikasına köklənən müvafiq çıxışlar o qədər bəsit, arqumentsiz görünür ki, onlara qarşı hər hansı əks-fikir və ya ciddi əks-arqument söyləməyə ehtiyac qalmır.
"İP"-də qütbləşmə...
"KXCP" ilə "VİP"
mitinqlərin əleyhinədir
Bəlli olan odur ki, belə aksiyalar həm "İP"-də, həm də bu qurumdan kənarda qalan partiyalar arasında ciddi narazılıqla qarşılanır. Belə ki, "İctimai Palata"da təmsil olunan partiyalardan "KXCP" ilə yanaşı, artıq "VİP" də müvafiq aksiyaları boykot edənlər sırasındadır. "KXCP"-nin sədri Mirmahmud Fəttayev belə aksiyalarda birmənalı şəkildə iştirak etməyəcəyini bildirib. Açıq etiraf edilməsə də, bu, "klassiklər"in AXCP (i)-ni qəbul etməməsi və Müsavata qarşı olan inamsızlıqları ilə bağlıdır. "VİP"-ə gəldikdə, bu qurumun sədri Əli Əliyev etiraf edir ki, ilk aksiyada baş verənlərdən narazı qalıb və hazırkı mərhələdə müxalifətin kütləvi aksiyalar keçirməsini doğru saymır. Bununla yanaşı, Ə.Əliyevin dilə gətirmək istəmədiyi, lakin media mənsublarının diqqətindən yayınmayan başqa məqamlar da var. Bunlardan biri keçirilən hər iki aksiyada Müsavatla AXCP (i) mənsublarının canfəşanlığı, aşkar şəkildə özünü göstərən "liderlik yarışı"dır.
Stəkanda fırtına
qorxusu...
Və ya peşman olan kimdir?
Əslində, Ə.Əliyevin bu qeyri-rəsmi yarışda tərəf olmaq və ya kölgədə qalmaq istəməməsi onun "İP"-in sonuncu aksiyasına qatılmamasını şərtləndirən əsas səbəblərdən biridir. Aşkar nəzərə çarpır ki, indiki halda "VİP" sədri "İP"-in timsalında radikalların sırasına qoşulduğu üçün çox peşmandır. Lakin Ə.Əliyev radikalların "stəkanda fırtına yaratmaq qabiliyyətinə, siyasi təxribat törətmək bacarığına və iddialı müxalif partiyaları parçalamaq kəramətinə" bələd olduğundan "İP"-dən uzaqlaşmaqda bir qədər tərəddüd edir.
ADP sədri Sərdar Cəlaloğlu da "İP"-in keçirdiyi aksiyadan narazı qalanlar sırasındadır. Doğrudur, o, keçmiş müttəfiqlərini açıq şəkildə tənqid etməyə tələsmir, hələ ki, müxalif həmkarlarına bəzi məsləhətlər verməklə kifayətlənir. Bu məsləhətlərin müqabilində radikalların ADP-ni "loyal müxalifət" adlandırması isə S.Cəlaloğlunu əməlli-başlı özündən çıxarıb. O, "radikal olub nə etmisiniz" deyərək, "İP" mənsublarını tənqid atəşinə tutub.
"İP" ictimai qınaq
obyektinə çevrilib
"İctimai Palata"nın keçirdiyi aksiyalarda səsləndirilən tələblərin absurdluğu, qeyri-müəyyənliyi, burada ingilis dilində səsləndirilən şüarların çoxluq təşkil etməsi həm müxalif düşərgədə, həm də ictimai rəydə ciddi qınaq obyektinə çevrilib. Başqa sözlə, "İP"-çilər qaş düzəltmək istədikləri yerdə, deyəsən, vurub göz çıxarıblar. Baş verənlər "İP"-in özündə belə narazılıqla qarşılanıb. Faktiki olaraq, sosial dayaqdan məhrum olan "İctimai Palata" bununla ictimaiyyət arasında olan uçurumu daha da dərinləşdirib.
Sözügedən qurumun təmsilçilərinin mitinqlərə xarici dildə yazılan şüarlarla çıxması radikalların kənar qüvvələrin təmənnalı sifarişlərini yerinə yetirdiyi barədə deyilənləri əyani şəkildə təsdiqləyir. Aydın olur ki, radikallar bir-iki şərti aksiya keçirməsi öz himayədarlarının diqqətini cəlb etmək niyyəti güdür. Belə olan halda, radikal qurumların bir qisminin aksiyalara qatılmaması onların "maliyyə təminatı" ilə bağlı ümidlərinin doğrulmaması ilə də izah edilə bilər.
Şübhəli, kimliyi bilinməyən insanların təmsil olunduğu qurum
"İP"-in amorf, şübhəli, dəqiq hədəfləri olmayan qurum olmasını həm AXCP (i)-nin, həm də Müsavatın funksionerləri etiraf edirlər. Məsələn, "İP"-də baş verənlərə münasibət bildirən Müsavat fəalı Hikmət Hacızadə bu qurumda müxtəlif qüvvələrin toplaşdığını söyləyib: "İP"-də demokratlar da, demokrat olmayan və hətta qafasında nə olduğu bilinməyənlər, şübhəli insanlar da var. Ora qarışıq yerdir və mən baş çıxara bilmirəm". Diqqəti çəkən odur ki, müxalifət daxilində kəskin intriqaların, bir-birini qəbul etməmək kimi xüsusiyyətlərin mövcudluğu H.Hacızadə tərəfindən də etiraf edilir. Müsavatın funksioneri açıq şəkildə bildirir ki, İsa Qəmbərovla Əli Kərimovun yolları fərqlidir, AXCP (i) ilə Müsavat arasında inamsızlıq, ciddi fikir ayrılıqları var. Bu səbəbdən, ideya xəttinin yaxın olmasına baxmayaraq, adıçəkilən partiyaların bir araya gəlməsi mümkün deyil. H.Hacızadənin radikallar üçün əsil sürpriz sayıla biləcək açıqlamaları bununla yekunlaşmır. Belə ki, o, müvafiq açıqlamasında Pənah Hüseynovun artistlik etdiyini, Rəsul Quliyevin demokrat olmadığını, Əli Kərimovla İsa Qəmbərovun nüfuzdan düşdüyünü də vurğulayıb. Göründüyü kimi, radikal düşərgədə eyni partiyada təmsil olunanlar belə, bir-birilərini qəbul etmək niyyətindən uzaq görünürlər. Bütün bunlar radikalların iflas həddində olduğunu, siyasi deqradasiyaya uğradıqlarını bir daha təsdiqləyir.
NAİB