PDF Oxu

Müxalifət

  • 10

Hazırda 1992-ci il deyil, 2012-ci ildir

Hazırda 1992-ci il deyil, 2012-ci ildir

Aparılan araşdırmalar göstərir ki, o, ya ciddi psixoloji sarsıntı keçirir, ya da düşmən dairələrilə əldə etdiyi xəyanətkar sövdələşmədən aqoniyaya düşərək, 1992-ci ildə ilişib qalıb

Bu, bir faktdır ki, 1992-ci ildə silahlı hücumla Ali Soveti dağıdan AXC-Müsavat cütlüyü hakimiyyəti qəsb etdikdən sonra cəmi bir il ərzində dövlətin əsas dayaqlarını, strukturlarını ciddi şəkildə sarsıda bilmişdilər. Ölkədə separatizmdən tutmuş torpaqlarımızın işğalına qədər olan bütün hərəkətlərə rəvac vermiş AXC-Müsavat cütlüyü Azərbaycan cəmiyyətinin də əsaslarını dağıtmağa, vətəndaş müharibəsinin başlanmasına səbəb olmuşdular. Sanki Əli Kərimov və İsa Qəmbərov bu gün də olduğu kimi, həmin dövrdə də Azərbaycanı parçalamaq, dağıtmaq öhdəliyini üzərlərinə götürmüşdülər. Lakin 1992-ci ilin may ayından 1993-cü ilin may ayınadək ölkədə kriminal idarəçilik formalaşdırmış Əli Kərimov, İsa Qəmbərov və digərləri hələ də bu cür xaotik idarəçiliklərini heç bir mənəvi-əxlaqi çərçivə gözləmədən "demokratik sistem" adlandırırlar.

Bu günlərdə də Əli Kərimov çıxışında yenidən Azərbaycan tarixinə düşmüş həmin "qara 1 ili" demokratik idarəçilik dövrü kimi qələmə verərək, daha bir qaranlıq mətləbin üstünün açılmasına şahidlik edəcək fikirlər səsləndirib. Əli Kərimov "1918-ci ildə və 1992-ci ildə demokratik sistem formalaşdırılıb, üçüncüsünü də quracağıq" deməklə, yenidən Azərbaycanla bağlı xarici dairələrlə xəyanətkar sövdələşməyə getdiyinin üstünü açıb. Bununla əlaqədar olaraq, məsələnin mahiyyətinə daha dərindən varmaq üçün bir neçə vacib məqama diqqət yetirməyi lazım bilirik.

Birincisi, Əli Kərimovun bu cür cəfəng fikirlər səsləndirməsi, ilk növbədə, onun psixikası ilə bağlı problemlərin olduğunu üzə çıxarır. Çünki normal düşünən insan heç bir halda başına min bir bəlalar gətirdiyi adamların qarşısına yenidən çıxıb deməz ki, "mənim idarəçiliyim demokratik olub". Hər kəs yaxşı bilir ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətilə hakimiyyətə gəlməsəydi, Əli Kərimovun dövlət katibi olduğu həmin il Azərbaycanın dağılması, parçalanması və müstəqilliyinin itiriləcəyi il olacaqdı. Sual oluna bilər: bəs nə üçün Əli Kərimov yenidən illərdir aldatdığı insanları yenidən "fikir tələsinə" salmaq istəyir?

Elə bir qədər də dərinə getsək, deyə bilərik ki, Əli Kərimov bir qədər də beyin pozğunluğu ilə qarşılaşıb. Çünki Azərbaycanda ilk respublika 1918-ci ildə, ikinci 1991-ci ildə, üçüncü Ayaz Mütəllibovu devirdikdən sonra, dördüncüsü isə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qurulub. Bunlardan yalnız üçü xalqın dəstəyilə, biri isə məhz Əli Kərimovun dediyi "üçüncü" silah gücünə qəsb edilərək qurulan respublikalardır. Əli Kərimovun "üçüncünü quracağıq" deməsi isə göstərir ki, onun beyni hələ də 1992-ci ildə ilişib qalıb. Gərək ətrafındakılar AXCP sədrinə hazırda Azərbaycanın "Eurovision" yarışmasına sahiblik etdiyi 2012-ci il olduğunu xatırlatsınlar.

Yekun olaraq, deyə bilərik ki, bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən, müasirləşən və demokratikləşən Azərbaycan Respublikası bütün azərbaycanlıların fəxridir, Vətənidir. Xalqımız heç bir halda, imkan verməyəcək ki, yenidən üçüncü respublika dövründəki hadisələr yenidən yaşansın.


"Səs" Analitik qrupu

Digər xəbərlər