AXCP (i) sədri Əli Kərimovun imkan düşdükcə, düşərgədaxili düşməni olan Müsavat başqanı İsa Qəmbərovu "vurmaq" üçün yeni üsullara əl atması bir sıra maraqlı nüansları ilə seçilməkdədir. Bəllidir ki, 22 aprel mitinq-şousunda Müsavat başqanının "cəbhə" sədrinin sözünü əlindən alması, eləcə də, siyasi şou başa çatmamış, Ə.Kərimovun sözünün yarımçıq qalması vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Və həmin cavab "cəbhə" sədri tərəfindən gecikdirilməyib. Məlum olduğu kimi, Ə.Kərimovun müəyyən ermənipərəst dairələr tərəfindən himayə olunması artıq onun gündəlik həyat tərzinə çevrilib.
Erməni lobbisinə daha bir xidmət
Belə ki, "Azadlıq" qəzetinin sözdə baş redaktoru olan Qənimət Zahidovun Türkiyədə yayımlanan "Kanal Avrupa"dakı verilişinə yaradılan şəraiti də məhz beynəlxalq erməni lobbisi maliyyələşdirir. Aparılan araşdırmalardan o da bəlli olub ki, əslində, ermənilərin buraxdığı maliyyələr nəticəsində qardaş dövlətdə fəaliyyət göstərən bəzi ictimai birliklərin "Həpimiz erməniyiz, həpimiz Hran Dinkiz" şüarının ilk reklamını da "Kanal Avrupa" aparıb. Daha dəqiq desək, adıçəkilən kanalın baş ofisi Almaniyadadır və hər bir verilişin efirə çıxması üçün təsdiq baş ofisdən olur. Q.Zahidovun "Azərbaycan saatı" adlı qondarma verilişi də məhz kanalın Almaniyada yerləşən baş ofisində qeydiyyata alınıb.
Lakin məsələ təkcə bununla bitmir. Öz anti-Azərbaycan xarakterli çıxışları ilə seçilən proqramlarda yalnız Azərbaycan əleyhinə söhbətlər aparılmır, eyni zamanda, orada AXCP (i) sədri Ə.Kərimovun təbliğatına da yer ayrılır. Və həmin təbliğatlarda onun "İctimai Palata"dakı mehriban düşməni hesab edilən İsa Qəmbərova qarşı hücumlara start verilib.
Əli Kərimovun qisasa-qisas prinsipi
Hücumlardakı "zopa" rolunu isə Ə.Kərimovun adamı, Q.Zahidov oynayır. Məsələ ondadır ki, "palata"nın 22 aprel mitinqindən efirə kadrlar verən proqramda yalnız Ə.Kərimovun reklamı aparılıb. Eyni zamanda, onun partiyası, həmçinin, müavinləri səviyyəsində çıxışlar verilsə də, İ.Qəmbərov barədə bir dənə də olsun ifadə işlədilməyib.
Göründüyü kimi, məlum mitinqdəki İ.Qəmbərov embarqosundan sonra, Ə.Kərimov qisasını Müsavat başqanından bu cür alıb. Bu, həm də, onu deməyə əsas verir ki, hazırda "birlikdə" olduqlarını nümayiş etdirməyə çalışan bu adamlar sonda yenidən bir-birilərinə qarşı aqressiv münasibət göstərməyə başlamaqdadırlar. Bu dəfə, necə deyərlər, "zopa" Ə.Kərimovdadır. Yəni Q.Zahidov başqanın başında parladı.
RÖVŞƏN RƏSULOV