PDF Oxu

Müxalifət

  • 9

Müsavat parçalanır, “liderlər” isə ittiham edir

Müsavat parçalanır, “liderlər” isə ittiham edir

Müsavat partiyasının baş tuta bilməyən qurultayının təşkilat daxilindəki qruplaşmalararası savaşlardan qaynaqlanması iddiası özünü get-gedə doğrultmaqdadır. Çünki sözügedən məsələ yalnız politoloqlar tərəfindən verilən proqnozlarla deyil, eyni zamanda, partiya funksionerlərinin də etdikləri etiraflarla sübut olunmaqdadır. Lakin Müsavatın daxilində gedən təlatümlərin müxtəlif istiqamətdə gizlətmək iddiaları da səmərəsiz qalmaqdadır. Belə ki, artıq Müsavat partiyası keçirə bilmədiyi qurultayına don geyindirmək üçün müxtəlif oyunlara əl atır ki, bunun biri də kütləvi etiraz aksiyalarıdır.


Hikmət Hacızadə: " Onlar getməlidirlər, daha Müsavata rəhbərlik edə bilməzlər"


Onu da qeyd edək ki, bu yaxınlarda Hikmət Hacızadə mətbuatda çıxış edib dedi ki, artıq bu adamlar nüfuzdan düşüblər: "Bu səbəbdən onlar getməlidirlər, daha Müsavata rəhbərlik edə bilməzlər".

Partiyanın yerli təşkilatlardan da bu mesajların gəlməsi, partiyada başqa namizədlərin də seçilmə şansı, bildiyiniz kimi, Qubad İbadoğlu və digərlərinin başqanlığa namizədliyini verməsi bu situasiyaları yaradıb. Onlar isə seçkiləri cəmiyyətin yaddaşından çıxarmaq üçün əsas foksu mitinqlərə yönəldiblər. Onlar bu yolla vaxtı uzatmaq və İ.Qəmbərovu 2013-cü ildəki prezident seçkilərinə çıxarmaq istəyirlər.

Maraqlıdır ki, hazırda həbsdə olan Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev də təxminən buna bənzər fikirlər səsləndirib. "Müsavatın qurultayı, sizcə, niyə ləngiyir" sualına cavabında partiya yetkilisi "hakimiyyət Müsavatın qurultayının keçirilməsinə imkan vermir" deyir. Sonra isə əlavə edir ki, "Müsavatda qurultayın ləngidilməsinə çalışan insanlar var". Onun məhz kimi nəzərdə tutduğu aydındır. Müsavatçı səlahiyyətlinin fikrincə, məclis sədri Arzu Səmədbəyli, keçmiş birinci müavin Vurğun Əyyub, "divan" üzvü, başqanlığa namizədliyi hallandırılan Qubad İbadoğlu nə onun belə tezliklə həbsdən çıxmasını, nə də başqanlığa namizəd olmasını istəyir. Əslində, bu fikirdə məntiq olduğunu görərik. Çünki həqiqətən də, bu adamlar dəfələrlə açıqlama verərək A.Hacıyevin qəti əleyhinə danışıblar. Və maraqlısı da odur ki, A.Hacıyev bu adamların adını çəkmir, birbaşa İ.Qəmbərovun adını çəkir, qurultayın ləngiməsində bilavasitə onu günahkar hesab edir. Məsələn, o deyir: "Oktyabrın 18-də istiqlaliyyət günü mənim azad olunmağıma ümidlər çox idi. O zaman İsa bəyə, qurultay keçirilməsə, nə mən, nə də digərləri azad olunmayacaq demişdim. Təəssüf ki, İsa bəyin nikbin proqnozları deyil, mənim bədbin proqnozlarım doğruldu".


Bütün hadisələr İsa Qəmbərovun başında çatlayır


Bu, Müsavat rəhbərliyinə, İ.Qəmbərova həm də ciddi ultimatum ola bilər. A.Hacıyev bununla demək istəyir ki, Müsavat başqanı bilərəkdən, ya da bilməyərəkdən, onun rəqiblərinin əlində oynayıb. Lakin A.Hacıyev bununla da kifayətlənməyib. O, Müsavat başqanı ilə birgə digər müxalifət liderlərini də hədəfə alıb. Bəllidir ki, Müsavat rəhbərliyi qurultay üçün yalnız Əl Oyunları Sarayını istəmişdi. Bakı Şəhər İcra Hakimiyyəti isə "Bakı" kinoteatrını və Əmircandakı Səttar Bəhlulzadə adına sarayı təklif etmişdi. Müsavat bu təklifləri də bilərəkdən qəbul etməyib. A.Hacıyev isə hesab edir ki, bu mövqe yanlışdı və bəhanədən başqa bir şey deyil. O, açıqlamasında bildirib ki, nə Əmircandakı saray, nə də Əhmədlidəki "Bakı" kinoteatrı "20-ci sahə"dəki meydandan uzaq deyil. Yəni müsavatçı yetkili bu fikri ilə Bibiheybətə getdiyi üçün "İctimai Palata"nı tənqidlərə məruz qoyanlarla bir sırada dayandığını göstərir. Bəllidir ki, "İP"-dən kənardakı partiyalar mitinq üçün 20-ci sahəyə getmiş müxalifəti kəskin şəkildə tənqidə məruz qoyublar. A.Hacıyevin onlarla bir sırada dayanması ciddi hadisədir. Böyük ehtimalla, A.Hacıyev həbsdən çıxmaq üçün bütün vasitələrə əl atacaq. Onun müxalifət və özəlliklə də Müsavat liderlərini ciddi çıxdaş hədəfinə alacağı gözlənilir. Bir sözlə, Müsavat daxilindəki bütün hadisələr məhz İsa Qəmbərovun başında çatlayır ki, bunun da sonunu indidən ehtimal etmək elə də çətinlik yaratmır.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər