Sovet imperiyasının süqutu sürətləndikcə, ölkədə gedən siyasi oyunlar AXC hərəkatı adı altında toplaşan bəzi "millətsevər" fırıldaqçıların nəzarəti altına keçdi. Nala-mıxa vura-vura, gündüzlər xalq "sevgisindən", gecələr isə mal-dövlət hərisliyindən alışıb-yanan AXC funksionerləri isə Əbülfəz Elçibəyin zəifliyindən istifadə etməklə, şəxsi mənafelərini həyata keçirmək, ölkədə xaos yaratmaqla xarici qüvvələrin maraqlarına uyğun siyasi ab-hava yaratmaq niyyətində idilər. Yalnız cəmiyyətdə baş verən çaxnaşmalar sayəsində vəzifə və sərvət əldə etməyin mümkünlüyünü gözəl dərk edən İsa Qəmbərov, Əli Kərimov, Etibar Məmmədov kimi "bəy"lər pula görə istənilən yalana əl ataraq, Azərbaycanın gələcəyini təhlükə altına atırdılar. Sonralar bu yalanların və həyata keçirilən siyasi oyunların mahiyyətini dərk edən Əbülfəz Elçibəy 1995-ci ildə ona ünvanlanmış "Yoldaş Əbülfəz bəy, vaxtı ilə siyasi meydanlarda sizinlə çiyin-çiyinə duran insanlar indi niyə sizə qarşı çıxdılar? Buna səbəb nə idi?" sualına cavab olaraq Ə.Elçibəyin "İsa Qəmbərov, Etibar Məmmədov, düzdür, vaxtı ilə bizimlə eyni ideyalar altında AXC hərəkatında aktiv liderlər idilər. Amma zaman yenə də insanların iç üzlərini büruzə verir. Görünür ki, adları hallanan bu insanlar yalnız öz maraqlarını həyata keçirmək üçün bizə qoşulmuşlar." İ.Qəmbərovun spiker kimi məsuliyyətli bir vəzifəyə təyin olunan kimi məhz ətrafında olan AXC üzvlərini baltalamağa başlaması həqiqətdə bu insanın arzu etdiyi kürsüyə çatmasından xəbər verir. Rəhmətlik Mirzə Ələkbər Sabir yaxşı deyib: "Millət necə tarac olur-olsun, nə işim var?" Vəzifənin əldən getdiyini hiss edən İ.Qəmbərovun müəmmalı bir şəkildə "Bizi hakimiyyətə AXC gətirdi" deməsi isə onlara havadarlıq edən xarici qüvvələrin maraqlarının bir daha AXCP (i) maraqları ilə üst-üstə düşdüyündən xəbər verir. Yoldaş İ.Qəmbərov, bilmirsinizmi ki, yalan ayaq tutar, amma yeriməz? Yuxularında belə qanunsuz aksiyalar keçirən Müsavat və AXCP (i) görünür ki, yaddaş problemindən əziyyət çəkirlər. Əbülfəz Elçibəyin siması altında kölgələnən, sonralar isə kölgələndikləri ağacı baltalayan insanların birləşərək, qondarma "İctimai Palata" yaratmalarının mahiyyətini isə anlamaq qeyri-mümkündür. Pula-sərvətə olan ehtiras hisslərini cilovlamaqda aciz qalan radikal müxalifət partiya sədrləri necə olur ki, həm bütün uğursuzluqlarını bir-birilərinin üzərinə ata, digər tərəfdən də insan və demokratiya haqlarından dəm vura bilirlər? Yəni bu dərəcədə? "Hörmətli" radikallar, yaxşı olardı ki, alınan pullar hesabına verilən şablonlardan istifadə edəncə, ən azından bir Azərbaycan vətəndaşı kimi, sağlam düşüncə və təfəkkürlü yeni ideyalarla çıxış edəsiniz. 1992-ci ildə İ.Qəmbərovun öz dili ilə söylədiyi fikri desək: "hakimiyyət ehtirasları bizi hara aparır?"
İlqar Siyafov