Azərbaycanın "Eurovision-2012"yə ev sahibliyini ələ almasından sonra həm xaricdə, həm də daxildə ölkəmizə qarşı genişmiqyaslı çirkin kampaniyaya start verildi. Əlbəttə ki, bu cür kampaniya mətbuat səhifələrindən kənara çıxa bilməsə də, o, müəyyən dərəcədə informasiya erasında Azərbaycanın imicinə zərər vurmaq gücünə malikdir. Bu səbəbdən də, ölkə daxilindəki milli maraqları müdafiə edən mətbuat orqanları, ayrı-ayrı ictimai təşkilatlar infohücumların qarşısını almaq üçün əlindən gələni edirlər. Lakin çox təəssüflər olsun ki, Azərbaycanın daxilindəki bir sıra anti-milli qüvvələrin naşı fəaliyyəti xarici qərəzli dairələrin çirkin kampaniyasına dəstək verir. Hər kəsə bəllidir ki, bu antimilli qüvvələr radikal müxalifət və onun nəzarətində olan mətbuat orqanlarıdır.
Xalqımızın uğurlarına kölgə salmaq müxalifətin ənənəsidir
Bu, artıq bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı artıq özü üçün "ənənəyə" çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək, ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin, dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların, faktiki olaraq, yuxusunu ərşə çəkib. Bu üzdən də onlar "əllərindən gələni əsirgəmir" və bütün vasitələrlə düşmən dəyirmanına su tökməkdə davam edirlər.
"Azadlıq" qəzeti
ermənilərə xidmət
etdiyini sübut edib...
Əlbəttə ki, siyasi palitrada müxalifət partiyalarının olması, o cümlədən, fərqli fikir daşıyıcısı kimi qəzetlərin işıq üzü görməsi ölkəmizdə demokratiyanın göstəricisidir. Amma bu gün bundan sui-istifadə edərək, erməni dəyirmanına su tökənlər mənfur düşmənlərimizlə eyni yolun yolçusuna çevriliblər. Azərbaycanın iqtisadi-siyasi uğurlarına qara yaxan, ölkəmiz haqqında bir kəlmə xoş sözü belə dilə gətirməyən həmin dairələr hər addımda məhz bizə düşmən olan qüvvələrin "qazanını" qarışdırır. Bu yolda isə ən irəlidə gedəni "Azadlıq" qəzetidir. Bu gün ermənilər bu qəzetin səhifələrində yer alan yalanları və iftiraları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Çünki onlara lazım olan məhz "Azadlıq" qəzetində yazılır.
"Azadlıq" qəzeti bunlarla yanaşı, "Eurovision-2012"nin "boykot olunması" kampaniyasında da çox aktivlik nümayiş etdirirdi. Çox maraqlıdır ki, "Azadlıq" qəzetinin "Eurovision" yarışmasını boykot etmək haqqında apardığı kampaniyaya ilk cavab bu qəzetə hər zaman "dost münasibət" göstərən ölkədən - Ermənistandan gəlmişdi.
Qeyd edək ki, hər dəfə Azərbaycan hücum diplomatiyası ilə Ermənistanı dalana dirəyəndə də, ermənilərin xilaskarı rolunda yenə də "Azadlıq" qəzeti çıxış edir. Onlar üçün "Azadlıq" qəzetində yer alan və Azərbaycan dövlətinin və xalqının mənafeyinin əksinə olan yazılar çıxış yolu olur. Bu isə, onu deməyə əsas verir ki, "Azadlıq" qəzetində Azərbaycanın maraqlarına qarşı yazılar yazan antimilli qüvvələr ya birmənalı şəkildə ermənipərəst qüvvələrdir, ya da ermənipərəst qüvvələrlə "Azadlıq" qəzeti eyni "mənbədən" qidalanır. Əks təqdirdə, bu qədər təsadüflər ola bilməz.
İsa Qəmbərovun tutduğu yol haradır?
Azərbaycana qarşı aparılan çirkin kampaniyada bütün siyasi karyerası boyunca uğursuzluqlara düçar olan İsa Qəmbərov də, xüsusilə, "canfəşanlıq" göstərir. Fəaliyyətini bütünlüklə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı mövqe tutmağa kökləmiş İsa Qəmbərov "Eurovision-2012" mahnı yarışmasına qarşı aparılan antitəbliğatın arxasında duranlardandır. Bununla da, o, hər zaman olduğu kimi, öz simasını bir daha ifşa etmiş olur və maddi maraqların əsirinə çevrildiyini təsdiqləyir. Anti-Azərbaycan dairələrin maddi dəstəyi ilə bu kampaniyanı aparan İsa Qəmbərov dərk edir ki, Azərbaycan xalqı heç zaman dövlətinin maraqlarını satmaz. Çünki onun yalan və böhtanları ancaq xarici qərəzli dairələrin işinə yarayır". Bütün bunlar da İsa Qəmbərov ermənipərəst dairələrin əmrlərini yerinə yetirməklə yanaşı, özünün xalq və dövlət maraqlarına qarşı mövqe tutduğunu və hər zaman maddiyyat qarşılığında satılmağa hazır olduğunu təsdiq edir.
Yeri gəlmişkən, xatırlatmaq vacibdir ki, 2010-cu ildə Müsavat partiyasının sədri İsa Qəmbərov Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukunyan ilə birgə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalamışdı. Həqiqət isə ondan ibarətdir ki, İsa Qəmbərovun "Eurovision-2012" mahnı yarışmasına qarşı hücum kampaniyası və bu kampaniyada erməni dostlarını da görmək istəməsi yuxarıda qeyd olunan əməkdaşlığın konturlarını üzə çıxarır. Göründüyü kimi, İsa Qəmbərov şəxsi maraqları naminə, hətta Azərbaycanın torpaqlarını işğal etmiş düşmənlərimizlə də əməkdaşlığa girir.
Əli Kərimovun fəaliyyəti kimlərə xidmət edir?
Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vuranlardan biri kimi AXCP sədri Əli Kərimov də İsa Qəmbərovdan geri qalmaq istəmir və antimilli proseslərdə daha çox aktivlik nümayiş etdirir. Azərbaycanı güclü dövlət kimi görmək istəməyən xarici qüvvələr də Əli Kərimovun "xidmətlərindən" də istifadə edir. Bu isə heç də təsadüfi deyildir. Çünki Ruslan Bəşirli kimilərini yetişdirib, ermənilərlə masa arxasına əyləşdirən Əli Kərimov maddi maraqları üçün istənilən razılaşmaya gedəcəyi hər kəsə bəllidir. O, şəxsi mənafeyi naminə gəncləri öyrətmək istəyir ki, küçələrə çıxıb dağıtsınlar, xalqın əmlakına ziyan vursunlar, gedib ermənilərdən pul alsınlar. Özü ayrı-ayrı dövlətlərdən pul alıb necə Azərbaycanın əleyhinə işləyirsə, gəncləri də buna öyrətmək istəyir.
Çox maraqlıdır ki, nə Əli Kərimov, nə də İsa Qəmbərov Xocalı soyqırımı haqqında bir kəlmə danışmır, amma ölkəmizdə keçiriləcək beynəlxalq tədbirin qarşısını almaqdan ötrü xarici dövlətlərdən üsul və vasitələr axtarır. Əlbəttə ki, anlamalıdırlar ki, onların adı xalqımıza düşmən kəsilmiş ermənilərin adı ilə eyni sırada çəkilməlidir. Hətta bir sıra ekspertlər düşünürlər ki, bu gün onlar Azərbaycana ermənilərdən daha çox ziyan vururlar. Məhz bu müxalifətçilərin vasitəsilə bəzi dövlətlər Azərbaycan xalqının maraqlarına ziyan vurmağa çalışırlar". Hazırda isə xarici ölkələrin diplomatları ilə keçirdiyi görüş zamanı direktivlər almış Əli Kərimov və İsa Qəmbərov yeni təxribatlar və müxtəlif dağıdıcı planlar hazırlayırlar.
Azərbaycan cəmiyyəti cavab tələb edir...
Görünən odur ki, Əli Kərimov, İsa Qəmbərov və onların nəzarətində olan mətbuat orqanları yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərər vurur. Onlar məqsədli şəkildə Azərbaycanın beynəlxalq səviyyədə imicinə zərbə vurmaq və beləliklə də, sifarişlərini yerinə yetirdikləri xarici dairələrin vəd etdiyi hansısa "hədiyyəni" əldə etmək istəyirlər. Bir sıra ölkələrdəki terror hadisələri və digər kriminogen halları Azərbaycana transformasiya olunmasını istəyən radikal müxalifət indi də hakimiyyəti şantaj edir ki, dövlət cinayətkarları həbsxanadan azad etsin. Ortada olan faktları nəzərdə tutaraq, Azərbaycan cəmiyyəti cavab almaq üçün belə bir sualla çıxış edir: Görəsən, bütün bunlar Əli Kərimovun, İsa Qəmbərovun nəyinə lazımdır? Nə üçün Əli Kərimov və İsa Qəmbərov Azərbaycan xalqının uğurlarını həzm edə bilmir?
"Səs" Analitik qrupu