Digər müxalifət partiyalarında olduğu kimi, hazırda "KXCP"-də də bərbad vəziyyət müşahidə olunmaqdadır. Belə ki, partiya daxilində yaranmış gərginliyin son həddə çatması, eləcə də, funksionerlərin Mirmahmud Fəttayevi istefaya çağırması bütövlükdə bir neçə tərəfdən "klassiklərin" parçalanmasına olan işarə kimi dəyərləndirilir. Məsələ ondadır ki, M.Fəttayevin bu ərəfələrdə mətbuata verdiyi açıqlamaları rəhbərlik etdiyi siyasi qurumda ciddi qarşıdurmalara səbəb olub və hazırda oarada daha bir neçə funksioner əks qruplarda cəmləşərək, ayrıca fəaliyyət sistemlərini qurmağı planlaşdırıblar. Onlardan biri də artıq "KXCP" səlahiyyətlisi Aydın Şükürovdur.
Partiya funksionerinin fikrinə görə, M.Fəttayevin onun siyasətinə qarşı çıxanları "biriləri" deyə adlandırması heç də düzgün ifadə deyil və "biriləri" onlar deyil, məhz sədrin özüdür: "Biz partiyada "biri" olmamışıq. Biz, səndən (M.Fəttayevə xitabən-R.R.) fərqli olaraq, bu təşkilatın yaranması uğrunda müarizə aparmışıq. "Biri" ya da "biriləri" həmişə sən olmusan. Sənin kimi biri bu təşkilatı darmadağın edib. Yüzlərlə dəyərli insanımızı, ziyalımızı naqis əməllərinlə çirkindirib partiyadan uzaqlaşdırmağa nail olmusan. O insanlar sənin səviyyənə enmək istəməyib susaraq gediblər. Mən də susmuşdum".
Aydın Şükürov: "Digərləri də Mirmahmudun yolsuzluğundan bezib oranı tərk edəcəklər"
M.Fəttayevin "KXCP" haqqında "bizim partiya" deməsinə də sərt münasibətini bəsləyən eks "klassikçi" ironik cavabla bildirib ki, "Bəli, o, sizin partiyadır. Elçibəyin qoyduğu təşkilat deyil və Elçibəydən orda əsər-əlamət də yoxdur. Orda olan bir sıra insanlarımız var. Yəqin ki, bir müddət sonra onlar da Mirmahmudun siyasi və ideoloji yolsuzluğundan bezib oranı tərk edəcəklər".
Guya böyük işlərlə məşğul olduğunu bildirən "KXCP" sədrinin iddiasına cavab verən A.Şükürov M.Fəttayevə özünü aldatmamasını tövsiyə edib: "Mirmahmud, hansı böyük işlərdir sənin gördüyün işlər? Qız evində toy imiş, oğlan evinin xəbəri yox. Sənin yalanlarından bezmiş insanlar buna inanmaz! Özünü aldatma!"
"Mən partiyadan bütövlükdə dayaq dəstəsi ilə getmişəm"
Partiyadan kənar onun fəaliyyətini davam etdirəcəyini deyən funksioner artıq ətrafına bir çox insanları topladığını bəyan edib və bildirib ki, bu gün "KXCP" -dən tək-tük adamların getdiyini deyən M.Fəttayev bu fikirndə ciddi yanılıb. Ona görə də özünü aldatmasın: "Digər tərəfdən tək-tük adam sənin özünsən. Sənin kimi tək-tük adam var ki, öz yalanları ilə özünü də aldadır partiyadaşlarını da.Tək-tük adam var ki, dediyi yalanlara özü də inanır. Mən partiyadan bütövlükdə dayaq dəstəsi ilə getmişəm. Mənim dayaq dəstəmin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün yaşadığı ən qısa bir anı, sən ömrün boyu yaşamamısan və yaşaya bilməzsən, Mirmahmud bəy!"
Etiraz açıqlamanda "KXCP" sədrinə onun sözlərini dəyərdən salmaq istədiyini deyən funksioner vurğulayıb ki, əvvəl insan özünü dəyərləndirməyi bacarmalıdı, sonra kiməsə dəyər verməyə cəhd etməlidir: "Mən inanıram ki, oradakı insanlarımız bu Mirmahmud Fəttayevi oradan uzaqlaşdıracaqlar".
RÖVŞƏN