PDF Oxu

Müxalifət

  • 6

Müsavatdan “demokratiya” nümunəsi

Müsavatdan “demokratiya” nümunəsi

Son günlər Müsavat partiyasında baş verən partiyadaxili hadisələr növbəti mərhələyə keçməklə yanaşı, oradakı mühitin bütövlükdə avtoritar idarəçilik fonunda inkişaf etməsi daha qabarıq tərzdə görünməkdədir. Belə ki, partiyanın keçirməli olduğu qurultayının məhz başqan İsa Qəmbərov tərəfindən ciddi-cəhdlə əngəllənməsi artıq bir çox sübutlarla ifşa edilmişdir. Müsavat başqanının sədrlik kürsüsündən ikiəlli yapışması, gah bu, gah da digər formalarda arqumentsiz bəyanatlar səsləndirməsi isə, ümumiyyətlə, sözügedən ifşanı pərdə arxasına keçirə bilmir.

Hətta Qəmbərov qruplaşmasının başqanı müdafiə edən müxtəlif səpgili açıqlamaları da onun antidemokratik addımlarını gizlədə bilmir. Bu baxımdan da, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin susdurulması istiqamətində göstərilən təzyiqlər nəticəsiz qalır, Hacıyevin səsi, demək olar ki, hər tərəfdən qısdırılır. Lakin bütün bunlara baxmayaraq, A.Hacıyev başqanlıq postu uğrunda kimsəyə güzəştə getməyəcəyini adekvat addımları ilə təsdiq etməyə səy göstərir.

Onu da qeyd edək ki, partiyanın yazılı orqanı sayılan "Yeni Müsavat" qəzetində guya başqanlıq postunun A.Hacıyevə veriləcəyi barədə gedən yazılarda imitasiya xarakterli spekulyasiyalara yol verilir. Məsələn, Müsavat partiyasının növbəti başqanlığına "ən real namizədlərdən birinin" partiyanın mərkəzi icra aparatının rəhbəri A.Hacıyevin olduğu bildirilir. Sözsüz ki, bu vasitə ilə onun "başını sığallayan" İ.Qəmbərov başqa tərəfdən "liderlik" kreslosunu əlində saxlamağı düşünür. Ancaq təbii ki, A.Hacıyev başqanın bu kimi siyasi dələduzluqlarını çox görüb və bilir ki, hətta başqan olsa belə, əsas sükan yenə də İ.Qəmbərovun əlində olacaq. Hətta bunu açıq şəkildə söyləyənlər də mövcuddur.

Eyni zamanda, A.Hacıyevin həbsdə olmasını əsas gətirən Qəmbərov qruplaşması onun başqan seçiləcəyi halda, səlahiyyətlərini həbsxanadan necə icra edəcəyi barədə suallarla çıxışlar edirlər. Həmin suallara da onların özləri cavab verirlər ki, həmin sual-cavabların bilavasitə İ.Qəmbərov tərəfindən hazırlanması şübhə doğurmur.


Arif Hacıyev

məğlubiyyəti ilə

barışıbmı?


Məhz bu kimi planlarını işə saldıqdan sonra, İ.Qəmbərov başqanlıq icrasını əlində saxlamağa müvəffəq olub. Görünür, A.Hacıyev ciddi dirəniş etsə də, hələlik, istədiyi nəticəsini qazana bilməyib. Bu səbəbdən də, onun başqan seçiləcəyi tədqirdə, adi müqəvva rolu oynayacağını da proqnozlaşdırmaq mümkündür. Məsələn, deyib ki, həbsxanada qalacağı halda, İ.Qəmbərov partiyanın indiki rəhbərliyi səlahiyyətlərinin icrasını davam etdirməlidir: "Bu proses hətta biz həbsdən çıxdıqdan sonra da bir müddət davam edə bilər".

Lakin A.Hacıyev bu fikri ilə bahəm, İ.Qəmbərovun gec-tez partiyaya rəhbərlikdən getməli olacağını xüsusilə bildirib: "Vacib olan partiya nizamnaməsinə əməl etmək, İsa Qəmbərin və Müsavat partiyasının demokratik prinsiplərə, qəbul olunmuş qaydalara, verilən sözə sadiq olduğunu bir daha nümayiş etdirməkdir".

Ancaq yüksək pafosla verilən bu kimi açıqlamanın daxilində iddianın dayanması aşkardır. Eləcə də, burada hər hansı demokratik mühitdən əsər-əlamət belə görünmür. Necə ola bilər ki, partiya öz qurultayını keçirə bilmir, nizamnaməyə uyğun idarəçilik mövcud deyil, eyni zamanda, A.Hacıyev başqan seçilir, lakin onun vəzifə icrasını başqanlıqdan gedəcək şəxs - İ.Qəmbərov həyata keçirir? Məgər "demokratik plüralizm uğrunda mübarizə" deyərkən, müsavatçılar bunumu nəzərdə tuturlar?


Arzu Səmədbəyli - Arif Hacıyev dilemması


Əslində, növbəti partiyadaxili münaqişəyə səbəb ola biləcək hadisələrin də baş qaldırmasını artıq indidən ehtimal etmək mümkündür. Məsələ ondadır ki, Müsavat partiyası mərkəzi nəzarət- təftiş komissiyasının üzvü Məzahir Məmmədli deyib ki, partiyanın nizamnaməsinə görə köhnə başqan hesabatını verib və yeni başqan seçilibsə, sabiq başqan səlahiyyətlərini davam etdirmir. Yeni seçilən başqan hansısa səbəblərdən səlahiyyətini icra edə bilmirsə, nizamnaməyə görə, başqan səlahiyyətlərini müvəqqəti olaraq partiyanın ikinci şəxsi - məclis sədri həyata keçirir: "İ.Qəmbərov o halda yeni seçilən başqanın səlahiyyətlərini icra edə bilər ki, məclis sədri olsun. Çünki əgər Arif Hacıyev həbsdə olduğu zaman başqan seçilsə, o həbsdən çıxana qədər başqan səlahiyyətlərini məclis sədri yerinə yetirməlidir".

Sözügedən açıqlamanı təhlil edərkən, belə bir qənaətə gəlmək mümkündür. Əgər A.Hacıyev başqan seçilərsə, buna müvafiq səlahiyyətlərini icra etmək mümkün olmayacaqsa, onda İ.Qəmbərovun partiyada ikinci şəxs kimi fəaliyyət göstərəcəyi istisna olunmur. Bunun üçünsə, hazırkı məclis sədri Arzu Səmədbəyli istefaya getməlidir ki, İ.Qəmbərov onun yerini tutsun. Bu addımın atılması isə heç də demokratik dəyərlərə cavab vermir. Onu da nəzərə alsaq ki, başqanlıq postuna namizədliyini verəcək insanlardan biri də məhz A.Səmədbəylidir, bu zaman Müsavatda hansı hadisələrin baş verəcəyini təsəvvür etmək mümkün deyil. Daha dəqiq desək, A.Hacıyevə görə, İ.Qəmbərovun partiyanın ali məclisinə sədrlik etməsi A.Səmədbəylinin Müsavat rəhbərliyindən çıxdaş olması deməkdir. Ona görə də, dilemma qarşısında qalan İ.Qəmbərov bundan sonra nə edəcəyini müəyyən edə bilmir və demokratiyaya zidd addımlar atır. Ortada olan real həqiqət isə budur ki, cəmiyyətə "demokratiya dərsi" verdiklərini iddia edən müsavatçı başbilənlər, əslində, İ.Qəmbərovun avtoritar, antidemokratik, monopolist idarəçiliyinin girovundadırlar və ondan qurtula bilmirlər.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər