PDF Oxu

Müxalifət

  • 7

Əli Kərimov İP-i xarici kəşfiyyat orqanlarının əməkdaşlarının sığınacağına çevirir?

Əli Kərimov İP-i xarici kəşfiyyat orqanlarının əməkdaşlarının sığınacağına çevirir?

Radikallar və xarici qərəzli qüvvələrin təxribatlarının baş tutmaması üçün bütövlükdə cəmiyyət dövlətlə bir işləməlidir


Daim Azərbaycan xalqının maraqlarının ziddinə xarici qərəzli dairələrlə əlaqələr və planlar quran AXCP sədri Əli Kərimov yenə də ampluasındadır. Saxta, anti-milli fikirləri və təkliflərilə cəmiyyətdən dəstək ala bilməyən Əli Kərimov yenə də öz ümidini xarici qüvvələrə bağlayır. Elə bu mənada, "Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinə qarşı çıxan Əli Kərimov yenidən Azərbaycan dövlətinin və xalqının maraqlarını təhlükə altına ala biləcək "təklif"lə çıxış edib. Əli Kərimov təklif edib ki, "Eurovision" günlərində İP daxilində alternativ informasiya mərkəzi yaradılsın və ölkəyə gələn çoxsaylı jurnalist heyəti ilə səmərəli iş qurulsun.


Əli Kərimov İP

vasitəsilə yeni sifariş yerinə yetirir


Əslində, AXCP sədri xarici qərəzli dairələrin yeni bir sifarişini həyata keçirmək üçün hərəkətə keçib. Çox aydın faktdır ki, həm ermənilər, həm də ermənipərəst dairələrin təsiri altında olan qüvvələr "Eurovision-2012" yarışmasının keçiriləcəyi ərəfədə Azərbaycanda təxribat törətmək üçün planlar qura bilər. Əlbəttə ki, bu planlarını həm Azərbaycanın daxilindəki "əlaltıları", həm xarici kəşfiyyat orqanlarının nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Bir müddət əvvəl, xarici səfirlərlə görüşü zaman İP-in yeni siyasi sifarişlər almasını nəzərə alsaq, Əli Kərimovun bu təklifinin mahiyyətini də anlamaq çətin olmur.


Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir...


Məlumdur ki, "Eurovision" kimi beynəlxalq mədəniyyət tədbirini keçirmək üçün texniki-təşkilati məsələlərlə yanaşı, təhlükəsizlik işləri də yüksək səviyyədə təşkil olunur.

Qeyd edək ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov may ayında ölkəmizdə keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycanın paytaxtında ictimai təhlükəsizliyin təmini ilə bağlı görülmüş işlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün Bakıya gəlmiş Avstriya Daxili İşlər Nazirliyinin və Vyana polisinin nümayəndələri ilə görüşüb. Nazir müavini DİN-in əsas hüquq və vəzifələri, eləcə də, əlverişli kriminogen durum, ölkəmizdə cinayətkarlıqla aparılan mübarizə, ictimai qaydanın, əmin-amanlığın etibarlı təmin edilməsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, daxili işlər, digər hüquq-mühafizə və təhlükəsizlik orqanlarının birgə səyləri ilə ölkəmizdə sabitliyin dönməzliyi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması təmin edilib, xarici investorların normal fəaliyyət göstərmələri, vətəndaşlarımızla bərabər onların da təhlükəsiz və rahat şəraitdə işləyib yaşamaları üçün hər cür şərait yaradılıb.

Polis general-leytenantı Oruc Zalov mahnı müsabiqəsi ilə əlaqədar hazırlıq işlərinin vəziyyəti barədə danışıb və bunun dövlət başçısının şəxsi nəzarətində olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür və bu istiqamətdə xüsusi Tədbirlər Planı hazırlanaraq icra edilir. Polisin qarşısında duran əsas vəzifə isə müsabiqə ərəfəsində və dövründə paytaxtda ictimai asayişin və əmin-amanlığın nümunəvi qorunması, təhlükəsizlik baxımından digər anoloji tədbirlər kimi bu beynəlxalq yarışmanın da ən yüksək səviyyədə keçirilməsini təmin etməkdir ki, həmin məqsədlə nazirliyin rəhbərliyi bütün zəruri tədbirləri görür.

Nazir müavini iki gün ərzində DİN-in Çevik Polis Alayında təşkil olunmuş təlimlərdə iştiraklarına və müsabiqəöncəsi xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə verdikləri təkliflər üçün qonaqlara minnətdarlığını bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirən Avstriya Daxili İşlər Nazirliyinin idarə rəisi Aleksander Marakovits səfərlərinin məqsədinin Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsi və genişmiqyaslı digər tədbirlər zamanı ictimai asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində polis əməkdaşları üçün təlimin keçirilməsi olduğunu diqqətə çatdırıb, bu istiqamətdə DİN tərəfindən bütün zəruri təşkilati-praktik tədbirlərin görüldüyünü, həmin nüfuzlu yarışma öncəsi asayiş keşikçilərinin peşəkarlığının yüksək səviyyəyə çatdığını qeyd edib.


Əli Kərimovun jurnalist adı altında işləyəcək kəşfiyyatçılara yer vermək missiyası


Göründüyü kimi, Azərbaycan dövlətinin təhlükəsizlik sahəsində görüləsi işlərin hamısını yüksək peşəkarlıqla həyata keçirliyindən xarici qərəzli dairələrin təxribat xarakterli planları alt-üst olur. Bu baxımdan da, onlar hər zaman olduğu kimi, dövlətin və xalqın mənafelərini ayaq altına almış Əli Kərimov vasitəsilə öz istəklərinə çatmağı planlaşdırırlar. Məhz Əli Kərimovun son açıqlaması da göstərir ki, o, xaricdən Azərbaycana jurnalist adı altında gələ biləcək kəşfiyyat orqanlarının əməkdaşlarının himayədarına çevrilmək və İP-i də onların fəaliyyət mərkəzinə döndərmək niyyətindədir.

Təbii ki, bununla Əli Kərimov maliyyələşdiyi dairələrin sadiq nökəri, Azərbaycan xalqının maraqlarının isə qənimi olduğunu sübut etməyə çalışır. Lakin düşünürük ki, Azərbaycan dövlətinin hüquq-mühafizə orqanlarının müvafiq tədbirləri nəticəsində "Eurovision-2012" təhlükəsiz şəraitdə baş tutuacaq, Azərbaycanın nüfuzunu daha da artıracaq. Bununla belə, radikallar və xarici qərəzli qüvvələrin təxibatlarının baş tutmaması üçün bütövlükdə cəmiyyət də dövlətlə bir işləməlidir.


"Eurovision" ərəfəsində İP "acından ölməyə" də söz verib


Bunlarla yanaşı, Əli Kərimov təklif edib ki, "Eurovision-2012" mahnı yarışmasının keçiriləcəyi ərəfədə aclıq aksiyası da keçirilsin. Bu addımla radikallar bir daha diqqəti özlərinə çəkməklə, xarici qərəzli dairələrə Azərbaycana təzyiq etmək üçün şans vermək niyyətindədirlər. Lakin Əli Kərimovun tərəfdarlarının indiyə qədər keçirdiyi bu cür aksiyaların sonda nə ilə nəticələndiyini cəmiyyət yaxşı bilir. Bu mənada, onlarınkı aclıq aksiyası deyil, yalnız siyasi şou olduğundan, xarici qərəzli dairələrdən başqa heç bir kəs radikalların aclıq aksiyasına diqqət ayırmayacaq... Çünki həmin ərəfədə demokratik Azərbaycanda beynəlxalq mədəniyyət yarışması olacaq və hər bir kəs səslənəcək musiqilərdən, Bakının ecazkar görünüşündən zövq alacaq.


"Səs" Analitik qrupu

Digər xəbərlər