Müxtəlif şoular qurmaqla diqqəti cəlb etməyə çalışan dağıdıcı müxalifət təmsilçilərindən olan Müsavat partiyası növbəti bir şou yaratmağa hazırlaşır. Bu qondarma təşkilat qurultayını Gürcüstanda və ya Türkiyədə keçirməyi planlaşdırmaqla növbəti dəfə diqqəti özlərinə cəlb etməyə çalışır. Müsavatın bu addımını bolşeviklərin zamanında göstərdikləri jesti kimi dəyərləndirirlər. Çünki bir zamanlar da bolşeviklər də qurultayını Finlandiyada keçirmişdilər. Bu baxımdan, Müsavat və bolşeviklərin müqayisəsini hansı formada dəyərləndirmək olar? Bu məsələyə aydınlıq gətirmək üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Zöhrab Abdullayevə müraciət etdik.
Z.Abdullayevin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər hansı bir partiyanın qurultayı respublikada keçirilməlidir. Əgər Müsavat partiyası qurultayını başqa bir ölkədə keçirmək istəyirsə, o zaman bu partiyanın bütün üzvləri indi mühacirətdə olmalı idi. Müsavat partiyasının qurultayını Gürcüstanda keçirmək istəyi, təbii ki, şou xarakteri daşıyır. Yəni, onların bu cür hərəkətlərə əl atması, heç də yaxşı hal deyil.
Sədr müavini onu da bildirdi ki, Müsavatla bolşevikləri müqayisə etmək düzgün olmazdı. Çünki həmin dövr ilə bu dövr tamamilə başqa bir rejimdir. Həmin vaxtlar xarici ölkələrdə olan bolşeviklərin məqsədi tamamilə başqa idi. Ölkədə fəaliyyət göstərən Müsavat kimi partiyalar bu cür şou hərəkətlərinə əl ataraq, bir müddət gündəmdə qalmaq istəyir. Müsavat partiyasında təmsil olunan şəxslər tərəfindən qurultayın başqa bir ölkədə keçirilməsi, əlbəttə ki, Azərbaycan xalqı tərəfindən qəbuledilməzdir. Bir sözlə, adıçəkilən qüvvələrin belə addımlarının atılması Azərbaycan cəmiyyəti tərəfindən çox mənfi qarşılanır.
Sədr müavini sonda onu da bildirdi ki, dağıdıcı müxalifət təmsilçilərinin qurultayını başqa bir ölkədə keçirmək istəyinə düşməsi xaricdə olan qüvvələri özlərinə cəlb edərək, varlıqlarını sübut etmək deməkdir.
GÜLYANƏ