PDF Oxu

Müxalifət

  • 10

Ruslan Bəşirli: “Bu uğurlu siyasi kursa zərbə vurmağa çalışan xarici qüvvələrin ifşasını başlıca vəzifə borcum hesab edirəm”

Ruslan Bəşirli: “Bu uğurlu siyasi kursa zərbə vurmağa çalışan xarici qüvvələrin ifşasını başlıca vəzifə borcum hesab edirəm”
Dağıdıcı müxalifət damğasını üzərlərində gəzdirən düşərgə "liderlərinə", eləcə də, bəzi Qərb dövlətlərinin qərəzli siyasi dairələrinə qarşı növbəti zərbə Ruslan Bəşirli və Arif Hacıyev tərəfindən vurulub. Belə ki, AXCP (i) sədri Əli Kərimovun apardığı zəhərləyici "gənclər siyasətinin" potensial qurbanı olmuş, hazırda hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olan Ruslan Bəşirlinin məlum bəyanatı həm aqressiv müxalifətin, həm də sözügedən Qərb dairələrinin iç üzünü bir daha ifşa edib.
Məsələ ondadır ki, R.Bəşirli hələ "cəbhənin" gənclər təşkilatının üzvü olarkən, məhz sədri tərəfindən xəyanətkarlığa doğru istiqamətləndirilmiş, nəticədə isə, ifşa olunaraq həbs edilmişdi. Lakin zaman keçdikcə səhv yolda olduğunu anlayan R.Bəşirli ölkə rəhbərliyi tərəfindən aparılan humanizm siyasətindən yararlanmış, azadlığa çıxdıqdan sonra normal düşüncəli vətəndaş kimi yalnız dövlətçiliyin inkişafı üçün çalışacağını bildirmişdi. Məhz bundan sonra, AXCP (i) sədri Ə.Kərimovun vahimələnməsi, qorxuya-hürküyə düşməsi, törətdiyi digər əməllərinin ifşa olunması artıq yeni mərhələyə qədəm qoymağa başladı. "Azadlıq" qəzetində R.Bəşirliyə qarşı anti-kampaniyalara start verildi. Ancaq bu vasitə də "cəbhə" sədrinin ifşasının qarşısını ala bilmədi. Onun planları həyata keçirilməmiş qaldı.
R.Bəşirlinin məlum bəyanatını "sensasiya" kimi qələmə verən bəzi mətbuat səhifələri isə, əslində, deyilənlərin sensasiya deyil, həqiqət olduğunu bilməlidirlər. Çünki dağıdıcılıq və radikalizm yolunu tutmuş müxalifət dairələrin qaranlıq və çirkin, eləcə də, xəyanətkar əməlləri baş verən birinci hal deyil. Onlar haqqında kifayət qədər ifşaedici, hələ də pərdə arxasında qalan kifayət qədər materiallar, məlumatlar mövcuddur. Həmçinin, bəyanatda digər məsələ də öz əksini tapıb ki, bu da Azərbaycanda fəaliyyət göstərən bəzi xarici ölkə səfirliklərinin, xüsusilə də, Norveç krallığının ölkəmizdəki dipkorpusunun diplomatik deyil, müdaxiləli, qərəzli və şəxsi maraqlarını təmin edən siyasət aparmalarıdır. "Azərbaycanın sürətli inkişafına, dövlətimizin quruculuğuna və demokratikləşməsinə qısqanclıqla yanaşan bir çox xarici qüvvələr, ilk növbədə, Qərbin bəzi dairələri dünya azərbaycanlıların Lideri, böyük dövlət xadimi, Prezident İlham Əliyevə qarşı total hücuma keçərək, müstəqil və hüquqi dövlətçiliyimizə çamur atmağa çalışırlar" deyən keçmiş "cəbhəçi" daha sonra bu ifadələri qələmə alıb: "Bu azmış kimi, həmin qüvvələr, ilk növbədə, Norveç səfirliyi məni də bu prosesə cəlb etməyə cəhd edərək, Azərbaycanı suveren inkişaf yolundan döndərmək üçün yeni dağıdıcı proseslərə start verməyə arzu edir, Azərbaycanın yeni siyasi böhrana sürüklənməsini şərtləndirir. Mən bu cəhdləri qəti pisləyərək, bütün siyasi və ictimai qüvvələrə müraciət edirəm və Liderimiz İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram".
Məhz həmin bəyanatda Norveç səfirliyi haqqında deyilən fikirlər bir daha həmin diplomatik nümayəndəliyin öz köhnə təfəkküründə qalmasını, demokratik düşüncəyə barmaqarası baxdığını, təmsil etdiyi dövlətinin maraqlarını düzgün siyasi tərzdə istiqamətləndirmədiyini təsdiq edir. Çünki 2003-cü ilin 15-16 oktyabr hadisələri baş verərkən də Norveç səfirliyi radikal müxalifətə qarşı qucaq açmış, canfəşanlıqlar göstərmişdi. Hətta o zamankı səfir Steynar Gill dağıdıcılıqda ittiham olunan bir neçə müxalifət funksionerlərini səfirlikdə gizlədərək, Azərbaycan əleyhinə ifadələr işlətmişdi. Bu baxımdan Norveç səfirliyinin aqressiv müxalifət "liderləri" ilə daim iş birliyində olması, hər zaman dövləti, lakin yanlış maraqlarının təmin edilməsi üçün kimlərisə siyasi girovluqlarına almaq cəhdləri deyilənləri yetərincə təsdiq edir. R.Bəşirlinin bu barədə Norveç səfirliyini ifşa etməsi də, görünür, həmin məsələni bir daha aktual edir.
R. Bəşirli daha sonra öz bəyanatında qeyd edib ki, Müsavatın rəhbərlərindən biri olan Arif Hacıyev də, faktiki olaraq, siyasi əqidəsindən asılı olmadan, bütün milli qüvvələri Azərbaycan intibahının banisi Prezident İlham Əliyevin siyasətinə dəstək verməyə çağırıb. R.Bəşirli bunu belə izah edib: "Mən bu cür müraciəti təqdir edirəm və qısa müddət ərzində ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə, instusional siyasi islahatların həyata keçməsinə, əhalinin sosial rifahının yüksəlməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin etmiş Prezidentin və hakimiyyətin siyasətinə dəstək verməyə çağırıram, bu uğurlu siyasi kursa zərbə vurmağa çalışan xarici qüvvələrin ifşasını başlıca vəzifə borcum hesab edirəm".
Göründüyü kimi, bütün bunlar, əslində, sensasiya deyil, həqiqətdir. Həmin həqiqətin adı isə Azərbaycanda gedən uğur reallığıdır. Qərbin siyasi dairələrinə, eləcə də, bəzi səfirliklərinə də aydın olmalıdır ki, onların Azərbaycana qarşı olan yanlış siyasi addımları yalnız özlərinin ciddi ifşaları ilə nəticəsini tapacaq. Onlar dağıdıcı müxalifət "liderləri" ilə bu kimi reallıqlardan vahiməyə düşməkdənsə, yaxşı olardı ki, həmin reallıqları həzm etsinlər.

R.RƏSULOV

Digər xəbərlər