Müsavat partiyasında gedən daxili qarşıdurma proseslərinə daha biri əlavə olunub. Belə ki, təşkilatın qurultay keçirə bilməməsi fonunda gəzən söz-səhbətlər artdıqca, qruplaşmalar arasındakı ziddiyyətli vəziyyət kəskin xarakter almağa başlayır. Hadisələrin axarında isə təkcə qurultay məsələsi deyil, həm də başqan İsa Qəmbərovun rəhbərlikdə qalmaq iddiasının artmasıdır.
Arif Hacıyev faktoru partiyanın uçuruma yuvarlanmasında xüsusi rol oynayır
Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda həbsdə olan Arif Hacıyev faktoru vəziyyəti daha da mürəkkəbləşdidir. Çünki onun hələ ötən ilin yayında, məhkəmə iclasının zalındaca başqan olması üçün namizədliyini verməsi İ.Qəmbərovun siyasi həyatının məhvini sürətləndirdi. Bu baxımdan, partiyada onsuz da normal mühitin olmaması təşkilatın oriyentasiyasının, müvazinətinin itirilməsi ilə nəticələndi.
Baş verən hadisələrdən sonra isə növbəti qopmalar yaşanmağa başladı ki, hazırda həmin prosesə biri də əlavə olunub.
Təsir imkanlarının tükənməsi də istefaya olan səbəblər sırasındadır
Uzun illər partiyada az-çox nüfuz qazanmış və təşkilatda başqandan sonra ikinci şəxs olmuş Vurğun Əyyubla Qubad İbadoğlu qruplaşmalarının birləşməsi vəziyyəti gərginləşdirib. Əldə etdiyimiz iformasiyalara görə, partiyada təsir imkanlarını itirdiyini görən narazı funksionerlər qrupu çıxış yollarını bir yolda - Müsavatdan ayrılmaq yolunda görürlər. Müsavat partiyasının divan üzvləri, hazırda Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan Vurğun Əyyubun və iqtisadçı Qubad İbadoğlunun tərəfdarları ilə birgə partiyanı tərk edəcəkləri deyilir.
Müsavatı 2000-ci ildəki AXCP-nin taleyi gözləyir
Hadisələrin hazırkı gedişatında qopma qərarının, hələ ki, keçirilməsi mümkün olmayan qurultaydan dərhal sonra elan olunacağını xəbər verən mənbə Müsavatı 2000-ci ildə AXCP-nin taleyini gözlədiyini bildirib. Xatırladaq ki, Əbülfəz Elçibəyin ölümündən sonra "cəbhə" parçalandı və hazırda ayrı-ayrı siyasi strukturlar qismində fəaliyyət göstərir. Müsavatın da həmin aqibəti yaşayacağı indidən bəllidir. Odur ki, qurultay baş tutmamış da istefaların baş verməsi reallaşa bilər. Onu da qeyd edək ki, hazırda istefa bəyanatı artıq hazırdır və orada çox ciddi ittihamların yer alması bəlli olub.
Rəfiqə Hüseynova