Tofiq Yaqublu: "Arif Hacılının müraciətində qınağa tuş gələcək hər hansı bir fikir yoxdur"
Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin məlum müraciəti ətrafında AXCP (i) tərəfindən kəskin şəkildə münasibət bildirmək cəhdləri səngimir. Belə ki, onun bu müraciəti Müsavat partiyasının "müttəfiqlərini" əməlli-başlı qıcıqlandırıb. Son vaxtlar İranpərəst kurs götürən və höccətülislamlarla eyni mövqedən çıxış edən "cəbhə" sədri Əli Kərimovun əlaltısı, onun müavini Asif Quliyev A.Hacıyevin məktubunu öz xislətinə uyğun şəkildə sərt cavablandırıb. Məsələ ondadır ki, A.Quliyev iddia edib ki, bu məsələyə şəxsi yox, siyasi yöndən yanaşılmalıdır: "Buna iki aspektdən yanaşmaq olar. Birincisi, burada müraciət edən şəxsin kimliyi, ikincisi isə AXCP rəhbərliyində də təmsil olunan şəxslərdan hazırda 3 nəfərin həbsdə olması. Burada aldadıcı məqam ortaya çıxa bilər. Məsələ burasındadır ki, AXCP (i)-nin məlum müraciətdən sonra susması və ya münasibət bildirməməsi, partiyanın bunu təqdir etməsi kimi yozula bilər. A.Hacıyevin müraciəti tamamilə yanlışdır".
Bu məqamda sual yaranır: görəsən, A.Hacıyevin məlum müraciətində "siyasi səhv" nədir? Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu "cəbhəçilərə" cavab olaraq qeyd edib ki, A.Quliyevin A.Hacıyevlə bağlı fikirlərini bölüşmür: "Bundan qabaq Elnur Məcidli və başqa birisi əfvlə bağlı müraciət yazmışdı. Həbsdə olan insanları başa düşmək gərəkdir. Başa düşmək lazımdır ki, hər bir insanın şəxsi həyatı, səhhəti, ailə həyatı vardır. Onların necə olursa-olsun, həbsdən azad olunmasına nail olmaq lazımdır. Mən hətta Ruslan Bəşirlinin ərizə yazmasını da qınamadım. Arif Hacılının müraciətinə gəldikdə isə, orada qınağa tuş gələcək hər hansı bir fikir yoxdur. Bu adam həbsdə ola-ola, digərlərinin azad olmasına razıdır".
Zəlimxan Məmmədli: "Arif Hacılının dövlət başçısına müraciət etməsi siyasətdə normal haldır"
"Borçalı" Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli də bildirib ki, müxalifət təmsilçisinin dövlət başçısına müraciəti siyasətdə normal haldır: "Burada qeyri-adi nəsə axtarmıram. Amma ümumiyyətlə, Azərbaycanda fikirlərə münasibətdə bir qaranlıq sərhəd var. Hər halda, dövlətçilik üçün əhəmiyyətli dövrü yaşadığımızdan, müəyyən təmaslar vacibdir. Ona görə də Arif Hacılının dövlət başçısına müraciətində qeyri-adi bir şey görmürəm. Bu, siyasətdə normal haldır".
Mustafa Hacıbəyli: "Əgər cəbhəçilərin mövqeyi budursa, qələt edirlər"
A.Hacıyevin qardaşı, "Demokrat" qəzetinin təsisçisi Mustafa Hacıbəyli isə AXCP (i) sədrinin müavini A.Quliyevin tənqidinə kəskin reaksiya verib. O, Ə.Kərimovun müavinindən belə bir mövqe nümayiş etdirilməsini gözlənilən addım kimi qiymətləndirib: "Əgər A.Quliyev bu fikirlərdədirsə, demək, sədrinin mövqeyini nümayiş etdirir. Əgər cəbhəçilərin mövqeyi budursa, qələt edirlər".
Göründüyü kimi, AXCP (i)-Müsavat qarşıdurmasının yeni mərhələsi artıq ciddi və kəskin xarakter almaqdadır. Belə ki, daha öncə, Müsavat-AXCP (i) birliyi haqqında ideya irəli sürənlər də, məhz "cəbhəçilər" idi. Lakin öncə bununla razılaşan müsavatçılar sonradan qəti əleyhinə çıxdılar. Bu isə onsuz da minasibətləri yaxşı olmayan hər iki siyasi təşkilatın arasına növbəti nifaq toxumlarını səpən amil kimi qiymətləndirildi. Hazırda A.Hacıyevin məlum müraciətinin "cəbhəçiləri" qıcıqlandırmasının arxasında "liderlər" qarşıdurmasının sonuncu fazası dayanıb. 2013-cü ilə aparan yolda isə kimin ("cəbhənin", yoxsa Müsavatın) harada qırılmasını məhz həmin zaman göstərəcək.
Rəfiqə Hüseynova