PDF Oxu

Müxalifət

  • 11

İsa Qəmbərov Seyid Əhməd rolunda

İsa Qəmbərov Seyid Əhməd rolunda

Müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin bir hədəfi var: bütün mümkün vasitə və üsullardan istifadə etməklə ən azı mətbuatın diqqətini cəlb etmək və xarici maraqlı qüvvələrin rəğbətini qazanmaq. Bu hədəflərə nail olmaq üçün bəzən fərdlər qüvvələrini qruplar çərçivəsində birləşdirməklə istəklərini həyata keçirməyə çalışırlar. Deyək ki, AXCP (i)-də sədr müavinləri Həsən Kərimov və Fuad Qəhrəmanlı bir-birinə rəqib olsalar da, ümumi maraqları onları eyni mövqedən çıxış etməyə məcbur edir. Məhz bu məcburiyyətin nəticəsi olaraq tərəflər təşkil olunan icazəsiz aksiyalarda birgə addımlayıb, polislə qarşıdurmaya da eyni hədəfdə hərəkət edirlər. Demək olar ki, onların birgə mübarizə hədəfləri də ən azı "Azadlıq", "Yeni Müsavat" kimi dağıdıcı müxalifət mətbuatının diqqət mərkəzinə çevrilir. Bəzən sözügedən bu qəzetlər AXCP (i) funksionerlərinin birgə mübarizə fəaliyyətlərini digər müxalifətçilərə nümunə kimi göstərməyə çalışırlar. Təbii ki, bu məsələni qabartmaqla qəzetlərin də öz maraqları var. O mənada ki, "Yeni Müsavat" və "Azadlıq" kimi təxribat maşınları qarşıdurma, iğtişaş, pozuculuq xətlərini ön plana çəkməklə, xarici fondların tapşırıqlarını yerinə yetirmiş olurlar.

ARİF HACIYEV İSA QƏMBƏROV ÜÇÜN PROBLEMƏ ÇEVRİLİR

Müsavatda cərəyan edən qarşıdurmalar isə ümumi müxalifətin başağrısına çevrilib. Çünki Müsavatda funksionerlərarası çəkişmələr müxalifətin arzu etdiyi inteqrasiyanı zərbə altına qoyur. Dəfələrlə ADP sədri Sərdar Cəlaloğlu, "Ümid" sədri İqbal Ağazadə, eləcə də, Müsavatın və AXCP (i)-nin bəzi funksionerləri ümumi müxalifətin birgə blokunun yaradılması təşəbbüsü ilə çıxış etsələr də, Müsavatda baş verən qarşıdurmalar səbəbindən, istəklərini reallığa çevirmək mümkün olmayıb. Misal kimi "İctimai Palata"nın genişləndirilməsi məsələsi ortaya çıxan zaman Müsavat başqanı Gülağa Aslanlı ilə məclis sədri Arzu Səmədbəyli arasında olan qarşıdurma müxalifətin bir araya gəlməsinə problem yaratmışdır. Hətta "Demokratiya Uğrunda Vətəndaş Hərəkatı"nın təsisçilərindən olan "KAXCP" sədri Mirmahmud Fəttayev mətbuata verdiyi açıqlamasında demişdir ki, "İctimai Palata"da təmsilçilik, sonrakı mərhələdə müxalifət üçün acınacaqlı proseslərin baş verməsinə gətirib çıxarar" deyə bildirmişdir. ADP sədri Sərdar Cəlaloğlu da Müsavatın iddialı funksionerlərinin mövcudluğunu əsas gətirərək, "İctimai Palata"da təmsilçilikdən imtina etmişdir.

Hazırkı proseslərin inkişafı, onu deməyə əsas verir ki, əslində, Müsavatda baş verən qarşıdurmaların arxasında İ.Qəmbərovun özü dayanır. Bu da o məqsədlədir ki, İ.Qəmbərov nəzərdə tutulan qurultayın vaxtını uzatmaqla başqanlıq postundan bir müddət də qalmağa ümid bəsləyir. Məhz buna görə də, son vaxtlar İ.Qəmbərov Müsavat başqanlığına ən şanslı namizəd hesab olunan Arif Hacıyevi zərərsizləşdirməyə daha böyük qüvvə sərf etməyə başlayıb. Düzdür, Müsavat daxilində A.Hacıyevə qarşı çıxmaq istəyənlərin sayı kifayət qədər azdır. Bunun da səbəbi A.Hacıyevin azadlıqda olması ilə əlaqələndirirlər. Digər tərəfdən başqan seçilməsi gözlənilən A.Hacıyevlə partiyanın kollegial orqanlarında təmsil olunan şəxslər konfliktə girmək istəmirlər. Ona görə də, İ.Qəmbərov "ilanı Seyid Əhməd əli ilə tutmaq" prinsipinə uyğun olaraq artıq rəqibinə çevrilən A.Hacıyevi AXCP (i) funksionerləri vasitəsilə sıradan çıxarmağa çalışır. Bu məqsədlə də, AXCP (i) sədri Əli Kərimovla razılığa gələn İ.Qəmbərov artıq cəbhəçi funksionerləri A.Hacıyevə qarşı çevrilməyə başlayıb. AXCP (i) sədr müavini Fuad Qəhrəmanlının ardınca digər müavin Asəf Quliyev də A.Hacıyevi qorxaq və iradəsiz adlandırıb. A.Quliyev bildirib ki, A.Hacıyevin Müsavat başqanı seçilməsinə heç bir haqqı və hüququ yoxdur: "Saxlanma kamerasında iki ay dözə bilməyən və azadlığa çıxması üçün hakimiyyət orqanlarına müraciətlər ünvanlayan A.Hacıyev bununla özünü və Müsavatı zərbə altına qoymuş oldu. Düşünürəm ki, müsavatçılar A.Hacıyevin bu cür qorxaqlıqlarını və zəifliyini nəzərə alaraq, onun başqan seçilməsinə imkan verməyəcəklər".

A.Quliyevin bu tip fikirləri, onu deməyə əsas verir ki, həqiqətən də, İ.Qəmbərov A.Hacıyevi özünə çox böyük rəqib hesab edir. Ona görə də, bütün mümkün vasitə və üsullardan istifadə etməklə, rəqibini zərərsizləşdirməyə çalışır. Hətta niyyətini reallaşdırmaq üçün heç zaman birmənalı şəkildə qəbul etmək istəmədiyi Ə.Kərimovun qüvvələrindən də yararlanmaqdan çəkinir.

İ.ƏLİYEV

Digər xəbərlər