PDF Oxu

Müxalifət

  • 12

"İP" "Eurovision"un möhtəşəmliyinə xələl gətirə bilmədi

"İP" "Eurovision"un möhtəşəmliyinə xələl gətirə bilmədi

Tahir Kərimli:

Nə İsa yaxşıdı, nə də sən babat,

Hər ikinizin də vəziyyəti pat,

Baş tutmadı sizin bircə təxribat,

Nə də dişinizdə bir şirə qaldı.

Əli Kərimov:

İsa məndən betər qanadı yoluq,

İndi heydən düşmüş çirklənmiş çuluq,

Gələn il payızda salarıq şuluq,

Bizdən yadigar bu işarə qaldı.

Tahir Kərimli:

Casusluq zəhəri çuğlayar qanda,

Siz Qərb nökərləri, "İP"-niz banda,

Elektorat dada çatmayan anda,

Sizin əlacınız bir şərə qaldı.

Əli Kərimli:

Seçkidə cumarıq ağır yatmağa,

Çalışarıq o vaxt xalqı satmağa,

Gələn il payızda bomba atmağa,

Bizim əlimizdə təyyarə qaldı.

Tahir Kərimov:

Küçə-meydanlarda axıtmayın tər,

Sizin aranızda yoxdu şirü-nər,

Yürüş keçirməkçün asteroidlər,

Mitinq keçirməkçün səyyarə qaldı.

Əli Kərimov:

Qərb bossu əlçatmaz, uzaq bir ada,

Onlar daha bizi salmırlar yada,

Qərq oldu gəmimiz "Avroviziya"da,

Əlimizdə ucuz bir bərə qaldı.

Tahir Kərimli:

İş baş tutmadıqca olmusuz qaba,

Həsrət qalıbsınız xrustal qaba,

İndi boss da tutmur sizi kababa,

Yeməyə bir keşniş, bir tərə qaldı.

Əli Kərimov:

Heç vaxt ərimədi qəlbimdə buzlar,

Bizdən üz döndərdi xarici tuzlar,

Qatarlaşıb uçdu Qərbə xoruzlar,

İsanın əlində bir fərə qaldı.

Tahir Kərimli:

Yuxunuz heç zaman olmayacaq çin,

Sizə pul vermədi Yaponiya, Çin,

İsayla özünü sən boğmaq üçün,

Əlac bir Araza, bir Kürə qaldı.

Əli Kərimov:

Topladıq ətrafa kələkbazları,

Cəlb etdik biz "İP"-ə pullu "as"ları,

Zaman əlinizdən aldı sazları,

Əlinizdə qırıq bir cürə qaldı.

Tahir Kərimli:

Qrant qazandırır ayinləriniz,

Xaricdə otlayır qoyunlarınız,

İndi dəbə minib oyunlarınız,

Sizinki ekrana-efirə qaldı.

Əli Kərimov:

"Eurovision" bizə bir Baba Yaqa,

Yoxdu oxşarımız sufmyə, yoqa,

Payız uğurumuz falçıya, maqa,

Ağır seyidlərə və pirə qaldı.

Tahir Kərimli:

"Palata" olmadı mükəmməl qurum,

Odur ki, ağırdı daxili durum,

Sizin önünüzdə sonsuz uçurum,

Həmçinin, hüdudsuz gen dərə qaldı.

Əli Kərimov:

Min lənət sənin də pulsuz dünyana,

İsa qrantla da çıxmaz bir yana,

Ümid bir Parisdə Manukunyana,

Bir də Petrosyanlı bir Terə qaldı.

Tahir Kərimli:

Utanmayıb yenə ciblərə qonun,

Təsiri olmadı narıncı donun,

Bədxahlar ardınca "Eurovision"un,

Qudurmuş it kimi lap hürə qaldı.

Əli Kərimov:

Bizə deyən gərək: xaricdən qorun!

Dəstək göstərmədi isveçli Lorin,

Bizdə bitki yağı, bir də marqarin,

Bossların əlində bal-kərə qaldı.

Tahir Kərimli:

Aranızda dava saldı bosslar da,

Özün dedin, yağdı-baldı bosslarda,

Qiymətli metallar qaldı bosslarda,

Sizin əlinizdə miss kürə qaldı.

Əli Kərimov:

Qərb deyir bir ilə düzəllik geci,

Əldə oynatdılar bizim tək gici,

Ot-ələfsiz qaldıq biz qoyun-keçi,

Təzə kəsilmiş ət boss şirə qaldı.

Tahir Kərimli:

Qərb qrant verərsə, hay-haray salmaz,

Yalançı vəd ilə ac qarın doymaz,

İcazəsiz mitinq keçirmək olmaz,

İcazə vermək də bir merə qaldı.


Əli Kərimov:

Qüvvə görür xaric bizim "İP" qazda,

Bilmirəm nə görüb boss İsa -dazda,

Sürət götürərik gələn payızda,

Bizim sümüyümüz o serə qaldı.

Tahir Kərimli:

Endirmək lazımdı səs çox zil isə,

Girməmək lazımdı axan Nil isə,

Bu matç uduzdunuz, gələn il isə

Hesab ya heç-heçə, bir-birə qaldı.

Əli Kərimov:

Xaric batırıbdı bizləri çirkə,

Bu çətin ayaqda salıblar bərkə,

Mənim bəd bəxtimə bolu bit-sirkə,

İsanın bəxtinə bir birə qaldı.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər