Müsavat partiyasının qurultayının keçirilməsi ilə bağlı yayılan xəbərlər bir daha özünü doğrultmadı. Məsələ ondadır ki, guya qurultayının Gürcüstanda keçiriləcəyini iddia edən partiya funksionerlərinin bu fikirləri də sadəcə ictimai fikri çaşdırmağa yönəlmişdi. Bu isə həm də o deməkdir ki, adıçəkilən təşkilatda gözlənilən başqan dəyişikliyi olmayacaq.
Beləliklə, İsa Qəmbərov hələ müəyyən müddət üçün partiyanın rəhbəri postunu tutmaqda davam edəcək. İndi belə arqumentlər səsləndirilməkdədir ki, qurultayın baş tutmamasında məhz İ.Qəmbərovun özünün də rolu az deyil. Çünki bu vəziyyətdə o, qeyd edildiyi kimi, daha uzun müddətə başqan postunu əldə saxlamaq imkanı qazanır. Özünü sığortalamaq üçün proseslərə münasibət bildirməkdən çəkinən başqan əsas diqqəti baş tutmayan qurultaya yönəltməyə çalışır və bütün günahı hökumətin üzərinə qoymaqla hadisələrin bu səpkidə inkişaf etməsində hər hansı iştirakının olmadığını göstərməyə çalışır.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının Əl Oyunları Sarayında qurultayının keçirilməsinə icazə verməsə də, digər alternativ və kifayət qədər məqbul yerləri təklif edib. Müəyyən müddət bu məsələ ətrafında ajiotaj yaradan müsavatçılar ən yaxşı yol kimi, qurultayı təxirə salmaqda gördülər, sonradan isə Gürcüstanın paytaxtında tədbiri keçirəcəklərini bəyan etdilər. Ancaq başqa dövlətdə də qurultayın keçirilməsi baş tutmadı və bu, başqan postunda qalmaq baxımından İ.Qəmbərov üçün olduqca sərfəlidir. Bütövlükdə isə qurultayın vaxt keçiriləcəyi bilinmir. Hətta partiyanın tələb etdiyi yer ayrılsa belə, təşkilat yetkililəri qurultayın mümkünsüzlüyünü bildirirlər. Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu da həmin tendensiyanın reallığı əks etdirdiyini bildirib: "Artıq bundan sonra icazə versələr belə, praktiki cəhətdən qurultayın keçirilməsi mümkün deyil".
Lakin əslində, qurultayın keçirilməsi elə də ciddi problem deyil. Elə T. Yaqublu etiraf edir ki, qurultayın keçirilməsi üçün həm ölkə daxilindən və eyni halda ölkə xaricindən təkliflər olunub. Bu günlərdə isə ADP sədri Sərdar Cəlaloğlu Müsavata qurultayla bağlı müvafiq məsləhətlər verib və bildirib ki, partiyanın qurultayı harada, necə keçirilməsi ilə bağlı 3 ideyası olmalıdır: "Birinci ideya böyük bir zalda qurultay keçirmək. İkinci, böyük zal alınmayacağı halda kiçik bir yerdə qurultay keçirmək. Üçüncü ideya internetdə qurultay keçirmək. Yəni nümayəndələr eyni vaxtda otururlar kompyuterin arxasında, bir mərkəz yaradılır, hamı internet vasitəsilə qurultayda iştirak edir. Beləliklə, hakimiyyətin qurultayın qarşısını almaq üçün planları baş tutmur. Yəni o qədər alternativ variantlar var ki".
Lakin qeyd olunduğu kimi, bu variantlardan Müsavat istifadə etməyi düşünmür və bu, daha çox, İ.Qəmbərovun başqan postunu əldən buraxmamaq istəyi ilə əsaslandırılır. Qeyd edək ki, sözügedən məsələ ilə bağlı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov diqqəti cəlb edən açıqlamalarla çıxış etmişdi. Hakim partiyanın saytına verdiyi müsahibədə o bildirmişdi ki, son zamanlar Müsavat partiyasının sədri İ. Qəmbərov başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir: "Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insanlar Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu. O zaman "Şimali Azərbaycan Demokratik Partiyası"nı yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat partiyasını ələ keçirdi. Bu gün də Müsavatda analoji proses həyata keçirilir. Diqqət yetirəndə, görürük ki, vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb. Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əliylə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı, Vurğun Əyyub birinci müavin ola-ola proseslərdən və partiyadan kənarlaşdırıldı. Bu gün Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbərdir. Çünki bircə o, sədrliyə namizədliyini irəli sürə bilər, yerdə qalanların hər biri ən yaxşı halda, 20-30 səs qazanmaq gücünə malikdir. O insanlar Müsavata sədrlik etmək qabiliyyətində deyillər. Bu baxımdan İsa Qəmbər başqanlıqda qalmaq üçün ikiəlli kürsüdən şəkildə yapışıb bu cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. Ona görə yox ki, prezidentliyə namizədliyini irəli sürmək istəyir, ona görə ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla isə, o sadəcə, öz maliyyə vəziyyətini düzəltməyə çalışır".
Qeyd edək ki, İ.Qəmbərovun partiyanın rəhbər postundan gedib-getməyəcəyi ilə bağlı hələ də partiyada dəqiq fikirlər səsləndirilmir. Lakin verilən açıqlamalardan və qurultay məsələsindən belə təəssürat yaranır ki, İ.Qəmbərovun partiyada tutduğu postda qalması uzanacaq.
Rəfiqə Hüseynova