Zaman-zaman dağıdıcı müxalifətdə təmsil olunan şəxsləri "gənclər" adı altında siyasi alətlərinə çevirən "liderlər" onların "bəhrələrini" görməmiş itirməyə başladılar. Daha çox bu hallarla rastlaşanlar bilavasitə Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov olub. Müxtəlif dövrlərdə siyasi vasitələrinə çevirdikləri gəncləri gah Ermənistanla, gah Qərbin anti-Azərbaycan qüvvələri ilə, gah da İran dairələri ilə iş birliyinə göndərən "liderlər", əslində, hansı çirkaba bulaşdıqlarının fərqinə varsalar da, özlərini təmizə çıxarmaqdan ötrü hər zaman kənarda dayanıblar.
Dünənə qədər Bəşirlidən "qəhrəman" düzəldənlər bu gün onu az qala dünyanın ən xəyanətkar insanı qismində təqdim edirlər
Nəticədə, yananlar onlar deyil, məhz sözügedən gənc nəslin nümayəndələri olub. Xəyanətdə, dövlətçiliyə qarşı çıxışlarda ittiham edilənlər ömürlərinin çiçəklənən dövrlərini dəmir barmaqlıqlar arasında keçirməyə məhkum idilər.
Buraya "Yeni Fikir" gənclər təşkilatının sədri Ruslan Bəşirlinin və digərlərinin adlarını aid etmək mümkündür. Məhz onun "əməyindən" kifayət qədər istifadə etməyi bacarmış Ə.Kərimov sonradan bir-iki bəyanat verməklə R.Bəşirlini unutdu. Maraqlıdır ki, bu günlərdə R.Bəşirlinin məlum bəyanatla çıxış etməsi, bundan sonra dövlətçiliyin inkişafı naminə fəaliyyət göstərməsi haqqında səsləndirdiyi fikirləri artıq Ə.Kərimovda ona qarşı əks-fikirlər yaradıb. Dünənə qədər Bəşirlidən "qəhrəman" düzəldənlər bu gün onu az qala dünyanın
ən xəyanətkar insanı qismində təqdim edirlər. Ancaq unudurlar və özlərinə sual etmirlər ki, R.Bəşirli nəyə görə reallığa, həqiqətə tərəf çevrildi? Və bilməlidirlər ki, düz yola qayıtmaq heç vaxt gec olmayıb.
Bəxtiyar Hacıyev də düz yola qayıdır
"Düşünürəm ki, mən həbsdə məhkum kimi yox, azadlıqda olan və öz dövlətinin davamlı və dayanıqlı inkişafı üçün çalışan bir gənc kimi daha faydalı ola bilərəm". Bu sözləri isə Bəxtiyar Hacıyev dövlət başçısına ünvanladığı məktubunda qeyd edib. Qeyd edək ki, məhz B.Hacıyev də, demək olar ki, R.Bəşirli ilə eyni aqibəti yaşayıb, eyni aldanmaya, istifadəyə məruz qalıb. Düzdür, radikal müxalifət kifayət qədər həm R.Bəşirlidən, həm də B.Hacıyevdən istifadə edə bilsə də, əslində, xalqa, millətə, dövlətə və dövlətçiliyə qarşı sərgilədikləri təxəyyüllərini ortaya qoymuş oldular. Nəticədə isə, etiraflar onların "kim" olduqlarını üzə çıxardı, ifşa etdi. Sabah daha kimlərin də əsil həqiqətləri dərk edərək, Ə.Kərimovun və İ.Qəmbərovun toruna necə düşməkləri barədə etiraflarını eşitmək mümkün olacaq. Bu isə, o deməkdir ki, vaxtları və siyasi dairələri daralan dağıdıcı müxalifətin monopolist "liderləri" bundan sonra, ümumiyyətlə, başqalarına, xüsusilə, gənclərə qazdıqları quyuya özləri düşəcəklər. Həmin gün isə uzaqda deyil.
R.RƏSULOV