PDF Oxu

Müxalifət

  • 50

Sülhəddin Əkbər Müsavatı parçalamaq missiyasında

Sülhəddin Əkbər Müsavatı parçalamaq missiyasında

"ACP" sədri Rəsul Quliyevin eks-müsavatçı olan Sülhəddin Əkbəri "lideri" olduğu siyasi təşkilata rəhbərliyə gətirməsi dağıdıcı müxalifətdə yeni ajiotajın yaranmasına səbəb olub. Halbuki bundan bir qədər öncə "cəbhə" və Müsavat sədrlərinə doğru istiqamətlənmiş bəyanatında "müxalifət rəhbərliyi siyasətdən getməlidir", "müxalifət qocalıb" kimi ifadələrini işlətmişdi. Əslində, o, bu vasitə ilə düşərgədə faktiki rəqibləri olan Əli Kərimova və İsa Qəmbərova məhv olmadığını, onlara qarşı siyasi güc olduğunu sübuta yetirməyə çalışıb. Ancaq hər iki partiya rəhbərinin dərhal R.Quliyevə adekvat cavab verməsi "ACP" liderini "b" planını işlətməyə vadar etdi. Həmin plan isə artıq reallaşmaq üzrədir. Yəni S.Əkbərin "ACP"-yə sədr seçilməsi adıçəkilən partiyada islahatların aparılması anlamını daşımır.


Müsavatçılar "ACP"-yə doğru köç edir


Planın "b" mərhələsi başa çatdıqdan sonra, artıq onun "c" sütunu işə salınıb. Burada isə əsas amil kimi Müsavatın qurultayının keçirilməməsi və bundan yararlanma əsas faktor kimi nəzərdə tutulub. R.Quliyevin düşərgədəki rəqiblərinə qarşı hücum xarakterli manevrləri isə vaxtilə S.Əkbər qruplaşmasında fəaliyyət göstərən müsavatçıların "ACP"-yə köç etmələri ilə müşahidə olunur. Düzdür, mətbuata verdiyi açıqlamasında bunların baş vermədiyini iddia edən S.Əkbər hadisələrə öz mövqnyindən cavab versə də, reallıqda hər şeyin əksinə, yəni doğru olduğunu təsdiq edir. Hətta "ACP" sədrinin açıqlamasına diqqət yetirsək, əyani şəkildə hadisələri izləyə bilərik: "Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, mən Müsavatdan istefa verdikdən sonra heç kimə "bu partiyadan ayrıl" sözünü deməmişəm. İstər məni dəstəkləyən insanlara olsun, istərsə də yaxınlarıma, qohumlarıma Müsavat sıralarını tərk etmələri üçün hər hansı tapşırıq verməmişəm. Ümumiyyətlə, bu barədə fikir mübadiləsi belə aparmamışam. Bundan sonra da elə bir niyyətim yoxdur. Yəni deyilənlər həqiqəti əks etdirmir. Mən deyə bilmərəm ki, kimsə ayrılmaq istəyir, ya yox".

Məhz həmin açıqlamaya nəzər salsaq, qeyd edilən fikirləri bu cür izah etmək olar. Göründüyü kimi, S.Əkbər deyir ki, guya o, Müsavatdakı qruplaşmasına partiyanı tərk etmələri haqqında göstəriş verməyib. Amma partiyadakı istefalardan sonra onların bir çoxunun "ACP"-yə üz tutmaları, onu deməyə imkan verir ki, bu, S.Əkbərin planıdır. Lakin həmin planın icrasını təmin etmək aşağı instansiyanın nümayəndələrinə - müavinlərə tapşırılıb. Bununla da S.Əkbər özünü kənara çəkərək, guya burada əlinin olmadığını iddia edib.


Daha bir nüans - İbrahim İbrahimli "ACP"-yə müavin gedir


Eyni zamanda, Müsavat partiyasının yetkililəri də S.Əkbəri adıçəkilən siyasi təşkilata qarşı hücuma keçməsini, bu işdə R.Quliyevin göstərişlərini reallaşdırmasını bildirirlər. "Mənim belə bir niyyətim yoxdur ki, insanlar Müsavat partiyasından çıxıb bizim partiyaya qoşulsunlar" deməklə R.Quliyevi açığa çıxaran S.Əkbərin keçmiş partiyadaşlarını hiddətləndirməsi də sözügedən xüsusdadır. Çünki "kimlər istəyir, bizim partiya sıralarına qatıla bilərlər" ifadəsi də yuxarıda vurğulananları təsdiq edir.

Onu da bildirək ki, digər keçmiş Müsavat funksioneri İbrahim İbrahimlinin də "ACP"-yə qoşulacağı xəbəri artıq sübuta yetirilmək üzrədir. Məsələ ondadır ki, "İctimai Palata"nın 8 və 22 aprel mitinqlərində xüsusi canfəşanlıq göstərən İ.İbrahimli həm "cəbhə" sədrindən, həm də Müsavat başqanından bəxşiş olaraq nə isə gözləyirdi. Ancaq ona quruca "çox sağ ol" belə deyilmədi. Ona görə də hər iki partiya rəhbərindən üz çevirən eks-müsavatçı "ACP"-yə - müavin postuna doğru irəliləməkdədir. S.Əkbər də bunu təkzib etməyib: "İbrahim bəylə də tez-tez görüşürük. Təbii ki, partiyanın təşkilatlanması, güclənməsi üçün fəaliyyət göstərəcəyik".

Baş verənlər isə, bir daha onu deməyə əsas verir ki, əslində, dağıdıcı müxalifətin bu versiyası özlərinə qarşı işləyir. Yəni dağıdıcılıq prinsipi artdıqca, düşərgə parçalanmağa doğru daha sürətlə yuvarlanır. Həmin sürətə sonuncu təkan məhz R.Quliyev tərəfindən verilib. S.Əkbər isə düşərgədaxili dağıdıcılıq icrasını uğrla həyata keçirir.


R.RƏSULOV

Digər xəbərlər