Bu günlərdə dövlətin humanizm siyasətindən yararlanan bir neçə nəfər artıq azadlığın dadını çıxarmaqdadırlar. Onlar hələ dağıdıcı müxalifətə xidmət göstərərkən, hansı səhvlərə yol verdiklərini gec də olsa başa düşüblər. Hələ bir neçə müddət bundan öncə, "Yeni Fikir" gənclər hərəkatının keçmiş rəhbəri Ruslan Bəşirli də bu humanizmdən yararlanmış və hazırda azadlıqda normal ictimai fəaliyyət göstərməkdədir. Onu da qeyd edək ki, səhvlərini, kimlərə xidmət etmələrini aydınlaşdırdıqdan sonra dövlət başçısına ünvanladıqları müraciətlərindən də bəlli olur ki, onlar, həqiqətən də, antimilli fəaliyyətlərinə görə utanc hissləri keçirirlər. Amma məsələnin başqa tərəfləri də var. Belə ki, bu insanlar azadlığa çıxan kimi bir zamanlar xidmət göstərdikləri dağıdıcı, aqressiv müxalifət "liderləri" və onların əlaltıları dərhal qorxuya düşməyə başlayırlar. Çünki onların əməllərinin görünməyən tərəfləri azadlığa çıxan həmin insanlar tərəfindən ifşa oluna da bilər. Məhz bu səbəbdən də, olmazın cəfəngiyyatlara çıxış edən dağıdıcı müxalifətin xəyanətkar ünsürləri dərhal özlərini təmizə çıxarmaqdan ötrü ağıllarına gələnləri danışmağa başlayırlar.
Leyla Yunusova bu dəfə də nağıl danışdı
Əgər nəzərə alsaq ki, azadlığa çıxan Bəxtiyar Hacıyev törətdiyi cinayət əməlini etiraf edibsə, əməlindən peşmançılıq çəkirsə, demək, bütün bunlar həqiqətdir. Ancaq özünü "hüquq müdafiəçisi" kimi cəmiyyətə sırımağa cəhd göstərən Leyla Yunusova onun dediklərini belə təhrif etməyə səy göstərib. Belə ki, o deyib: "Əlbəttə, bu qərara münasibətim müsbətdir. Çünki oğlanı heç nədən qazamatda saxlayırdılar".
Maraqlıdır, yuxarıda vurğuladığımız kimi, B.Hacıyev ən ali dövlət instansiyasına müraciət edib və etirafla çıxış etməklə, peşman olduğunu dilə gətirib. Ancaq L.Yunusova onun adından danışmaqla, ətrafındakılara necə nağılbaz olduğunu nümayiş etdirib. Çünki bu, onun köhnə peşəsidir. Lap ən qədim peşənin layiq olduğu peşə kimi.
Qeyd edək ki, iyunun 4-də Ali Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib.
Görünür, həm L.Yunusova, həm də digər "hüquq müdafiəçiləri" bu kimi humanizm addımları qarşısında acizliklərini başqa cür gizlədə bilmirlər. Onlar və dağıdıcı müxalifətin "liderləri" qorxurlar ki, vaxtilə əlbir olduqları bu adamlar onların bütün qaranlıq əməllərini gün işığına çıxarmalı olacaqlar. Onda hər şey göründüyü kimi olacaq və xalqın qarşısında cavab verməli olanlar mütləq cavab verəcəklər. Bunu unutmasınlar.
Rəfiqə