PDF Oxu

Müxalifət

  • 62

"Stəkanda fırtına"...

"Stəkanda fırtına"...

Daşıdığı cinayət məsuliyyətinə görə, okeanın o tayında gizlənən eks-spiker Rəsul Quliyevin vaxtaşırı absurd fikirlərlə, ziddiyyətli bəyanatlarla çıxış etməsi heç kəsə sirr deyil. Əslində, siyasətdə "məqsəd vasitəyə haqq qazandırır" prinsipini önə çəkən bu şəxsin belə müəmmalı, qəribə davranışında qeyri-adi heç nə yoxdur. Çünki eks-spikeri yaxından tanıyanlar onun öz korporativ maraqlarını, şəxsi iddialarını hər şeydən üstün tutduqlarını yaxşı bilirlər. O, hərdən kinayə ilə "badbaxt" adlandırdığı müxalifət təmsilçiləri ilə əməkdaşlıq yollarını arayır, bir müddət keçdikdən sonra yenidən onları fəaliyyətsizlikdə ittiham edir. Eyni zamanda, vaxtilə onu "lider" kimi ictimai rəyə sırımağa çalışanlar isə, indi onun "çətin adam" olduğunu vurğulayırlar.

Söhbət ondan gedir ki, vaxtilə maddi imkanları hesabına ADP-də həmsədrliyi, daha sonra sədrliyi ələ keçirən R.Quliyev indi ADP-ni tərk etdikdən sonra yaratdığı "ACP"-yə yeni sədr tapıb. İş elə gətirib ki, R.Quliyevin yeni təmsilçisi, vaxtilə ADP-nin 26 təsisçisindən biri olmuş, daha sonra uzun müddət Müsavatın əsas funksionerlərindən sayılan Sülhəddin Əkbərdir. Bu uğursuz tandemin siyasi proseslərə fəal təsir imkanı sıfır həddində olsa da, belə bir yerdəyişmənin destruktiv düşərgədə yeni təbəddülat yaradacağı istisna deyil. Bəlli olan odur ki, artıq ADP-nin hazırkı sədri Sərdar Cəlaloğlu belə bir təyinatı, yerdəyişməni ciddi narazılıqla qarşılayıb və S.Əkbərlə R.Quliyevin uzun müddət birgə yol gedə bilməyəcəklərini vurğulayıb: "Onlar tamam fərqli xarakterli adamlardır və asanlıqla dil tapacaqlarına ümid azdır. Rəsul Quliyevlə işləmək Sülhəddin Əkbər üçün çox çətin olacaq".

Xatırladaq ki, eks-spiker 2005-ci ildə uğursuz 17 oktyabr qayıdış şousundan sonra ADP-dən uzaqlaşdırılmışdı. R.Quliyev Demokrat Partiyasından kənarlaşdırıldıqdan sonra yaradılan "Açıq Cəmiyyət" partiyası isə o zamandan bəri, demək olar ki, "ölü doğulmuş uşaq" sindromunu yaşayır. Müəyyən epizodik cəhdlərə baxmayaraq, ictimai-siyasi arenada bu partiyanın mövcudluğu qətiyyən hiss olunmur. Doğrudur, müxalif düşərgədə bunun səbəbi S.Əkbərdən əvvəl partiya sədrliyinə gətirilmiş Vaqif Mahmudovun tamamilə siyasətdən bixəbər əyalət təfəkkürlü bir şəxs olmasıyla əlaqələndirilir. Bununla yanaşı, başlıca səbəb eks-spikerin yalan vədləri, qeyri-ciddi qayıdış vədləri ilə uzun müddət yaxın ətrafını aldatmasıdır. Belə vəziyyət "ACP"-nin siyasi fəaliyyət müstəvisində tam çıxdaş olunmasına gətirib çıxarıb. Bütün bu uğursuzluqlara, uğradığı siyasi tənəzzülə baxmayaraq, R.Quliyev reallıqdan uzaq iddialarından geri çəkilmək fikrində deyil. Faktiki olaraq, "siyasi meyit"dən fərqlənməyən bu şəxs belə taktiki gedişlərlə öz siyasi mövcudluğunu sübut etməyə çalışır.

Bu mənada, S.Əkbərin təsiri ilə müəyyən şəxslərin ADP-dən və Müsavatdan "ACP"-yə keçməsi istisna deyil. Vaxtaşırı müxalifəti aşağılamaqla gündəmdə qalan R.Quliyev müəyyən müddət konstruktiv davranış nümayiş etdirməyə çalışsa da, artıq neçə aydır ki, yenidən aşkar siyasi aqressivlik mövqeyindən çıxış edir. Bu mənada, "ACP"-də müəyyən yerdəyişmələrin olacağı istisna edilmirdi. Zahirən formal xarakter daşıyan bu yerdəyişmələr indiki halda daha çox "stəkanda fırtına" effektinə bənzəyir. Çünki R.Quliyev bilavasitə cinayət məsuliyyəti daşıdığından, hüquqi cəhətdən hər hansı seçkiyə qatılmaq və ya iştirak etmək imkanında deyil. Belə olan halda, onun növbəti prezident seçkiləri ilə bağlı iddiaları kifayət qədər qeyri-ciddi, cəfəng görünür.

Maraqlı məqamlardan biri də budur ki, S.Əkbər R.Quliyevi "müxalifətin ağsaqqalı" adlandırıb və bununla artıq ona həvalə olunan "missiya"nı gerçəkləşdirməyə çalışdığına işarə edib. Bu missiyanın nədən ibarət olması isə mahiyyət etibarı ilə bəllidir. Belə ki, R.Quliyev özünü S.Əkbərin vasitəsi ilə indidən "vahid namizəd" kimi destruktiv düşərgəyə təqdim etməyə çalışır. Bu baxımdan, Vaqif Mahmudovun "ACP" sədri postundan kənar ediləcəyi xeyli müddətdir ki, gözlənilirdi.

Bu, siyasi manevr və müxalifəti "ACP" ətrafında cəmləşdirmək cəhdi kimi təqdim edilsə də, maraqları açıq şəkildə toqquşan müxalif qruplaşmaların R.Quliyevin birincilik iddiasını qəbul etmək niyyətində olmadığı aydın görünür. Bununla yanaşı, xarakterləri toqquşan R.Quliyevlə S.Əkbərin təmənnalı anlaşmasından hər hansı real nəticə gözləmək mümkün deyil. Çünki hər iki şəxs burada bilavasitə öz maraqlarını önə çəkir. Odur ki, təmənna gerçəkləşməmiş qalandan sonra bu anlaşma da bitəcək. Başqa sözlə, maraqları naminə bir araya gələnlər elə ambisiyalarının toqquşması fonunda da ayrılacaqlar.

NAİB

Digər xəbərlər