PDF Oxu

Müxalifət

  • 45

Rəsul Quliyevdən "İP"-ə yeni hücum

Rəsul Quliyevdən "İP"-ə yeni hücum

"ACP"-nin yeni sədri Sülhəddin Əkbər həmin posta seçilər-seçilməz, ilk olaraq, "İctimai Palata"nı və orada inhisarçı güc kimi çıxış edən Müsavat və AXCP (i)-ni hədəfə götürüb. Belə ki, Rəsul Quliyevin planına əsasən "siyasi xətt" götürən partiya sədri həm İsa Qəmbərova, həm də Əli Kərimova "ACP" ilə eyni mövqedən çıxış etməyi təklif etsə də, nəticədə, kəskin rədd cavabı alıb. Lakin buna baxmayaraq, o, yaxın zamanlarda öz gücünü göstərəcəyini hər iki partiya sədrinə çatdırıb. Nəticədə, dağıdıcı müxalifətdə ciddi aqressiyalara start verilib.


İsa Qəmbərov: "Rəsul Quliyevin bizim haqqımızda nə düşünməsi maraqlı deyil"


Müsavat başqanının S.Əkbərlə görüşməkdən imtina etməsi, əslində, rəhbərlik etdiyi partiyasında heç də hər şeyin yolunda getməsindən xəbər vermir. Belə ki, Müsavatda ard-arda bir neçə problemin yaşanması, qurultayın keçirilməməsi, Arif Hacıyev problemi və istefalar R.Quliyevin həmin siyasi təşkilata hücumları ilə başa çatır. Məsələn, S.Əkbərin bağlı qapılar arxasında İ.Qəmbərovla müzakirə aparması heç də aparılan söhbətlərin normal qaydada keçməsinə dəlalət etmir. Gizli mənbəmizin verdiyi məlumata görə, S.Əkbər hətta media nümayəndələrinin də iştirak etmədiyi həmin görüşdən başılovlu çıxıb və dərhal Müsavatın qərargahını tərk edib. Başqan İ.Qəmbərov isə əsəbi şəkildə qarşısına çıxanlara təpkilər göstərib. Bu amil isə, onu deməyə əsas verir ki, bu gün də Müsavatdan ayrılanları "ACP"-yə cəlb edən S.Əkbər bunların başlanğıc olmasını partiya rəhbərinin diqqətinə çatdırıb. Nəticədə, olanlar olub.


Əli Kərimov Sülhəddin Əkbərə kompromis təklif edib?


AXCP (i) sədri ilə də görüşən "ACP" sədri R.Quliyevin məlum təklifini ona çatdırıb. Təbii ki, Müsavatda baş verənlərdən xəbərdar olan Ə.Kərimov siyasi biclik işlədərək, guya onlarla kompromisə gedəcəyini bildirib. Hətta bu barədə məlumat "Azadlıq" qəzetində də yer alıb. Lakin həmin kompormisin nədən ibarət olması özündə maraqlı suallar yaradıb. Bir halda ki, Əbülfəz Elçibəydən sonra bütöv "cəbhəni" bir neçə istiqamətə parçalayan, sonradan isə müxalifədə parçalayıcı rol oynayan Ə.Kərimov hansı səbəbdən, S.Əkbərin təkliflərinə loyal münasibət bildirib?

İlk olaraq, onu demək mümkündür ki, hazırda Müsavatın məhvolma durumunda fəaliyyət göstərməsi "cəbhə" sədrinə də, "ACP"-yə də sərf edən faktordur. Bu məqamda hər iki partiyanın mövqeyi üst-üstə düşür.

İkincisi isə, hansı partiyanın - "ACP"-nin, yoxsa AXCP (i)-nin müxalifətin dağıdıcı qanadında liderliyi ələ alması məsələsidir. Görünür, bu kontekstdən razılığa gələ bilməyən S.Əkbər və Ə.Kərimovun fikirləri haçalanıb. Çünki 2013-cü ilə gözlərini dikən aqressiv müxalifət bir-biri ilə ən kəskin mübarizə aparmaq üçün səfərbərlik elan edib. Bu isə, onu deməyə əsas verir ki, AXCP (i)-dən də əliboş çıxan S.Əkbər R.Quliyevin "a", "b" və "c" planlarından sonra, növbəti "e" planını işə salmalı olacaq. Məhz həmin plana əsasən, nəzərə alınıb ki, tez və sürətli şəkildə sözügedən inhisarçı güclər müxalifətdən kənarlaşdırılacaq və nəticə etibarı ilə yalnız "ACP" yeganə dağıdıcı güc kimi digərləri üzərində "hökmranlıq" edəcək. Məhz bundan sonra, həm İ.Qəmbərov həm də Ə.Kərimov S.Əkbər vasitəsilə R.Quliyevin ayaqlarına doğru aparılacaq.

Ancaq bütün bunların baş verməsi üçün proseslərin növbəti mərhələsini keçmək lazımdır. İlk olaraq, R.Quliyev cürət edərək ölkəyə qayıtmalıdır. Hansı ki, onun bu addımı atması elə də inandırıcı görünmür. Ona görə də bu gün onun irəli sürdüyü təkliflərinə həm Müsavat, həm də AXCP (i) rəhbərliyi tərəfindən real baxılmır. Amma hadisələrin dərhal dəyişməsini də gözləmək mümkündür. Çünki müxalifətdə dəyişmə halları ən çox rast gəlinən prosesdir.


R.RƏSULOV

Digər xəbərlər