PDF Oxu

Müxalifət

  • 61

"İP"-çilərin "ACP" təlaşı

"İP"-çilərin "ACP" təlaşı

Arzu Səmədbəyli:


Maraq doğurmaqda hər gedişləri,

Çünki qızıldandı qabaq dişləri,

Yağ kimi getməkdə "İP"-in işləri,

Kefimiz yuxarı, damağımız çağ.


Nurəddin Məmmədli:


Boss "İP"-çilər üçün çox maya atdı,

"İP" də rəqibinə on paya atdı,

Rəsul Sülhəddini ortaya atdı,

Bu xəmir hələ çox su aparacaq.


Arzu Səmədbəyli:


Girməz qulağıma əsla bir qınaq,

İstərəm bosslardan dollar qazanaq,

Meydanda sıxlaşar qatı tozanaq,

Bizim "palata" da toz qoparacaq.


Nurəddin Məmmədli:


Edəcək Rəsulu dillərdə əzbər,

Verib pullarından təcili xəbər,

İndi ön planda Sülhəddin Əkbər,

Rəsul da diqqəti yan sapıracaq.


Arzu Səmədbəyli:


Bir xeyli çataraq qaşını o bəy,

Yeyəcək bossların aşını o bəy,

Buraxıb atının başını o bəy,

Onu üstümüzə cəld çapıracaq.


Nurəddin Məmmədli:


Bədəndə bir sümük bir də dəri o,

Atar bir kənara sədr Qəmbəri o,

Rəsulun şotuna kütlələri o,

Bossun yatağında tez yatıracaq.


Arzu Səmədbəyli:


Başa bəla açar yoxsulun pulu,

Min şərin, fitnənin üsulun pulu,

Dəyərə minəcək Rəsulun pulu,

Səsi qulaqları lap batıracaq.


Nurəddin Məmmədli:


Yolların ağına salaraq cipi,

Qoparıb məhvərdən hər üzgün tipi,

İflas girdabına sürüyüb "İP"-i,

Rəsulu kürsüyə həm çatdıracaq.


Arzu Səmədbəyli:


Bossun sağlığına vurub kasanı,

Qərbin qılığına girmək asanı,

Əli ayağına verib İsanı,

"İP"-i o, kənara tək atdıracaq.


Nurəddin Məmmədli:


Əbədi yalanı düzünə taxıb,

"Nulevoy" eynəyi gözünə taxıb,

Hiylə maskasını üzünə taxıb,

Bizləri Rəsula pək satdırcaq.


Arzu Səmədbəyli:


Elə ki, qazandı Sülhəddin daşbaş,

Bizim əlimizdən düşəcək şabaş,

Rəsulun puluna kim əyməsə baş,

Eni-uzununa tən yortduracaq.


Nurəddin Məmmədli:


Qızışıb həddini aşdıqdan sonra,

Rəsulun puluyla coşduqdan sonra,

"İP"-i "ACP"-yə qoşduqdan sonra,

İsa, Əli kimi pis quduracaq.


Arzu Səmədbəyli:


Bu adam çox viski, cecə endirib,

Bizə neçə meydan, küçə endirib,

Bizi boss gözündə heçə endirib,

Yükünü əməlli o, tuturacaq.


Nurəddin Məmmədli:


Boss da üz döndərər çıxarıb ağı,

Bizim sinəmizə çəkəcək dağı,

Əlini, İsanı atıb aşağı,

"İP"-də yüksək postda o, oturacaq.


Arzu Səmədbəyli:


Məni son zamanlar götürüb maraq,

"İP"-i, "İP"-çiləri gözləyir fəraq,

Nə piyalə qalar içməkçün araq,

Viski süzməyə də qalmaz qab-qacaq.


Nurəddin Məmmədli:


Qərb də könüllərdə açmadı varaq,

Viskini də gedib Rəsulla vuraq,

Gərək Sülhəddinlə anlaşma quraq,

Onun Rəsuluyla davranaq sıcaq.


Arzu Səmədbəyli:


Meylimiz avroaya, çox pula doğru,

Sifət çevrilib bol məhsula doğru,

Çəkər Əkbər bizi Rəsula doğru,

Gərək "ACP"-də çataq gur ocaq.


Nurəddin Məmmədli:


Gərək boyun əyək taleyə, baxta,

Bir az da qənaət eyləyək vaxta,

Zaman-zaman "İP"-i vurmaqda şaxta,

"ACP" olardı ən isti bucaq.


Arzu Səmədbəyli:


Deyirlər ki, "İP"-də qalıb böhtan-şər,

İndi "ACP"-də axıtmalı tər,

Mənim qulağıma deyibdi Əkbər,

Rəsul özü açıb bizlərə qucaq.


Nurəddin Məmmədli:


Bir az ağla gəlib ceyillənməli,

"ACP" səmtində veyillənməli,

Diqqətlər Rəsula meyillənməli,

Gerçəkləşməmişdi Qərbdə umacaq.


Arzu Səmədbəyli:


Səmadan bir Rəsul şimşəyi çaxdı,

Daxilindən Əkbər qüdrəti axdı,

"ACP" və ya "İP" seçimi vaxtı,

Ən yaxşı variant qəlbə damacaq.


Nurəddin Məmmədli:


Rəsul çox zəngindi-alacaq onda,

Qərb geri çəkilir, yol ancaq onda,

Əli dərin fikrə dalacaq onda,

İsa "ACP"-də posta cumacaq.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər