PDF Oxu

Müxalifət

  • 57

Müsavat qurultayında nə baş verəcək?

Müsavat qurultayında nə baş verəcək?

İsa Qəmbərov:

Çəkimizi biz atarıq ağırsaq,

Zaman özü uzun acı bağırsaq,

Üç-dörd ilə biz qurultay çağırsaq,

Sözümüzü qurultayda deyərik.

Pənah Hüseynov:

Hər birisi axşam-səhər beziblər,

Qoyub sənin adını şər, beziblər,

Başqanlığa namizədlər beziblər,

Deyir fikri-sözü yayda deyərik.

İsa Qəmbərov:

Meydanlara doldurarıq qalmaqal,

Bosslara da çaldırarıq qalmaqal,

Lazım olsa, qaldırarıq qalmaqal,

Nə lazımsa, hay-harayda deyərik.

Pənah Hüseynov:

Qrant gəlməz Qərbdən daha tabaqda,

Yer daralar qərargahda, tifaqda,

Namizədlər oturarlar qabaqda,

Biz də durub bir krayda deyərik.

İsa Qəmbərov:

Yerevandan qrant atar Serjnən Ter,

Papağını fırladarsa mister, ser,

Bosslar bizə eləsələr Qərbdə yer,

Bəy sözünü ağ sarayda deyərik.

Pənah Hüseynov:

Qərargahın ətrafında izləri,

Çənəmizə dəyər möhkəm dizləri,

Namizədlər üstələsə bizləri,

Son sözü də gərənayda deyərik.

İsa Qəmbərov:

Qrant almaq dönüb olub bir biyar,

Zalım, tərpən əldən gedir ixtiyar,

Onlar dönüb olsa başçı Bəxtiyar,

Adımıza biz Gəray da deyərik.

Pənah Hüseynov:

Qərb verdiyi dollar gələr gözündən,

Səni yorub çıxararlar özündən,

Boss onlara baxıb dönsə sözündən,

Qəti fikri ayda-çayda deyərik.

İsa Qəmbərov:

Biz bu gündən başlayarıq təqibi,

Məskənləri uçurumun son dibi,

Cəhənnəmlik edib hər bir rəqibi,

Xoş müjdəni gedib rayda deyərik.

Pənah Hüseynov:

Dost olmaz öküzə, qoyundan, kəldən,

Vaxtında düzəldər işi düzəldən,

Qızıl, gümüş, bürünc çıxarsa əldən,

Sözümüzü tunc, qalayda deyərik.

İsa Qəmbərov:

Əsəblər də başa dolsa uğursuz,

Qərənfil də, işdi, solsa uğursuz,

"Heyvagülü" rəqsi olsa uğursuz,

Reveransı şux halayda deyərik.

Pənah Hüseynov:

Sarıyarıq yaramızı dağ etsə,

Ət verərik, su verərik qağ etsə,

Başqanlığa namizədlər ağ etsə,

Biz son sözü dolalayda deyərik.

İsa Qəmbərov:

Biz qurarıq Qərbdə məxfi planlar,

İtələrik önlərinə dalanlar,

Zilə çıxsa iddialı olanlar,

Diqtə etsə qayda-qayda deyərik.

Pənah Hüseynov:

Meyillənnik, onlar hara qısnasa,

Yollanarıq, hətta bara qısnasa,

Əgər onlar bizi dara qısnasa,

Bosslar bizə verər fayda deyərik.

İsa Qəmbərov:

Bir çox bağlı qapılara açarsaq,

Qrantverən bir çox bossu qucarsaq,

Əgər vaxtı uzaltmağı bacarsaq,

Nəticəni gələn mayda deyərik.

Pənah Hüseynov:

Heç baxmarıq qan qusulmuş o teştə,

Rəqiblərdən geri deyilik heç də,

Yekdilliklə Qərb gedərsə güzəştə,

"Gözümüz var hər bir payda" deyərik.

İsa Qəmbərov:

Yorulmuşam, bədənimdən par gəlir,

Başqanlıqdan getmək mənə ar gəlir,

Sənə-mənə, sözsüz, bu tay dar gəlir,

Zənguləni biz tayda deyərik.

Pənah Hüseynov:

Rəqiblərin canfəşanlığı hədər,

Müsavatda olarlar bizdən betər,

Nəticəni təhlil edib bir qədər,

Qərbdən gələn o alayda deyərik.

İsa Qəmbərov:

Qıdıqlayır hər an qəlbimi ifrit,

Onlar deyir rəqibləri tez kirit,

Yaranmasa Yerdə bizə şərait,

Son qərarı gedib Ayda deyərik.

Pənah Hüseynov:

Üz-gözünə hiss yaxarıq, hisləsə,

Təkrarlarıq Qərb rəqibi pisləsə,

Boss bizlərdən dəqiq donos istəsə,

Gileyləri çoxlu sayda deyərik.

İsa Qəmbərov:

Qoy rəqiblər getsin, uzaq gedirsə,

Vuracağıq, bizim bostana girsə,

Bosslar bizə fayda, uğur gətirsə,

Əhd-ilqarı gedib toyda deyərik.

Pənah Hüseynov:

Əyiləcək hər bir rəqibin əngi,

Müsavatda o vaxt çalınar "Cəngi",

Artıq atdıq köhnə narıncı rəngi,

Xoş çaları qoluboyda deyərik.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər