Müxalifət düşərgəsinin dağıdıcılar qrupunda cəmləşmiş partiyalar arasında, uzun müddətdir ki, aparılan "birlik" danışıqları nəticəsiz qalmaqla yanaşı, orada ciddi və kəskin qarşıdurmaların yaşanması da şiddətlənməkdədir. Lakin baş verən hadisələr fonunda "İctimai Palata" və bu kimi qondarma qurumların hər hansı iddialarla çıxışlar etməsi isə, sadəcə, imitasiya xarakteri daşıyır. Məhz bu səbəbdən, onsuz da elektorat qıtlığı yaşayan dağıdıcı düşərgənin sıraları daha da daralır və iflasa uğrayır.
Bu və bu kimi digər oxşar məsələlərlə bağlı fikirlərini bildirən "Yaşıllar" partiyasının sədri Mais Güləliyev hesab edir ki, Azərbaycanın müxalifət düşərgəsində, xüsusilə də, dağıdıcı müxalifətdə birliklərin dayanıqlı olmamasının əsas səbəbi bu partiyaları birləşdirən ümumi prinsiplərin və ideoloji yaxınlığın olmamasıdır: " Əksər partiyalar, hətta hakimiyyətə iddialı olan müxalifət partiyaları hələ də aydın ideoloji xətt müəyyən etməyiblər. Odur ki, belə siyasi qurumların koalisiyası dayanıqlı ola bilməz".
"Yaşıllar"ın sədri onu da qeyd edib ki, yeni birliklərin yaranmasına meyil isə siyasi aktivliyin artması demək deyil. Əksər hallarda belə birliklər gündəmdə qalmaq məqsədilə yaradılır, elə buna görə də, tez bir zamanda dağılır.
Sərdar Cəlaloğlu: "Əgər tərəflərin biri bu məsələdə müqavimət göstərirsə, bu proseslərdə iştirak etmirsə, birliklərin yaranması baş tutmur"
Son zamanlar "İctimai Palata"nı hədəfə götürən ADP sədri Sərdar Cəlaloğlu da müəyyən fikirlərini mətbuatla bölüşərkən, yuxarıda deyilənlərin həqiqət olduğunu etiraf edib. O, qeyd edib ki, birliyə daxil olan bütün üzvlər eyni maraqlardan çıxış etməlidir: "Əgər tərəflərin biri bu məsələdə müqavimət göstərirsə, bu proseslərdə iştirak etmirsə, birliklərin yaranması baş tutmur. Misal üçün, indiki halda, Müsavat partiyası, hələlik, birmənalı şəkildə müxalifətin siyasi qruplardan ibarət birliyinin əleyhinədir və yalnız "İctimai Palata" nəzdində siyasətini davam etdirməyi məqsədəuyğun hesab edir. Ona görə də digər siyasi partiyalarla başqa bir müstəvidə hər hansı bir əməkdaşlığa yaxşı bir münasibət bəsləmir".
Göründüyü kimi, həm konstruktiv mövqedən çıxış edən müxalifət partiyaları, həm də loyal siyasi davranışlar sərgiləyən digər müxalifət partiyaları düşərgədə aparılan danışıqlara ciddi reaksiya vermirlər. Bu isə, həm də onun göstəricisidir ki, dağıdıcı müxalifətin iddia etdikləri kimi, onlar ölkənin siyasi məkanında söz deyə bilmək güclərini çoxdan itiriblər. Bu isə, həm də müxalifətin yeniləşməsi faktoruna olan işarədir. Yəni düşərgə yeniləşməsə, həmin yenilik əmələ gələn başqa siyasi güclər vasitəsilə yeniləşəcək. Daha dəqiq desək, dağıdıcı müxalifəti normal, sivil və dövlətçilik ideyalarına sadiq olan müxalifət əvəz edəcək.
RÖVŞƏN RƏSULOV