PDF Oxu

Müxalifət

  • 54

Qarşılıqlı ittihamlar...

Qarşılıqlı ittihamlar...

Dağıdıcı müxalifət "liderlər"inin özlərinin təbirincə desək, "növbəti taktiki dəyişiklikləri" də nəticəsiz qalıb. Belə ki, "İctimai Palata" adlı qurumun icazəli mitinqlərdən sonra, qanunazidd davranışlara yol açması, icazəsiz piketlər keçirmək cəhdi bütövlükdə düşərgənin gücsüzlüyünü nümayiş etdirən başlıca amildir. Bu və ya digər formalarda "varlıqlarını" sübut etməyə çalışan "palata" mənsublarının indi də "Eurovision"a az qalmış bir müddətdə fürsətdən şəxsi maraqları naminə sui-istifadə etmələri, aqressiya dili ilə danışmaq səyləri ictimaiyyətlə yanaşı, müxalifət düşərgəsinin digər təmsilçiləri tərəfindən də qınanılmaqdadır. Bütövlükdə isə, belə bir nəticəyə gəlinir ki, siyasi dividend axtarışına çıxan Əli Kərimov və İsa Qəmbərov kimi "şöhrətpərəstlər" Azərbaycan dövlətçiliyinə qarşı ən idbar addım atmaqdan belə çəkinmirlər ki, sözügedən faktor onların avtoritar "liderliklər"inin ömrünü daha tez qısaldır.

"Azadlıq" partiyasının sədri Əhməd Orucov bu barədə açıqlama verərkən deyib ki, heç bir nəticəsi olmayan və bir-birini təkrar edən aksiyalara əhalinin cəlb olunması mümkün deyil: "Ona görə də "İctimai Palata" icazəli kütləvi aksiyalar keçirməyi təxirə salaraq piketlərə üstünlük verib". Partiya sədrinin arqumentinə görə, "İctimai Palata" bundan əvvəl keçirdiyi kütləvi aksiyalarda cəmiyyət tərəfindən istənilən dəstəyi almadığı üçün bunu piketlər yolu ilə ört-basdır etməyə çalışır, lakin xalqın dəstəyini qazanmaqdan məhrumdur: "Cəmiyyətin "İP"-in aksiyalarına dəstək verməməsi xalqın həmin quruma olan inamsızlığı ilə bağlıdır: "Artıq "İP"-ə rəhbərlik edənlərin özləri bu qurumun perespektivinə inanmırlar. Ona görə də bir qədər arxaya çəkiliblər".


Zakir Hüseynov: "Xalq gəzintisi təklifi absurddur"


Onu da qeyd edək ki, gündəmdə qalmaqdan ötrü qondarma və gülünc bəyanatlar səsləndirən, "ideyalar" irəli sürən "ACP" -nin "lideri" Rəsul Quliyevin də "siyasi dərrakəsinin" hansı tərzdə inkişaf etməsi, təbii olaraq, ciddi qarşılanmır. Onu da qeyd edək ki, hələ bir müddət bundan öncə, "müxalifət polisləri təxribata çəkməlidir" tipli bəyanat verən R.Quliyev yenə də irəli sürdüyü "xalq gəzintisi" fikrində qalmaqdadır. Ancaq maraqlısı odur ki, R.Quliyevin özünün həmin "gəzintidə" iştirak etməyə cürəti çatmadığı üçün bu ideyanı sərsəm adlandıran müxalifət hələ də onun bu təklifinə cavab vermir.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov məsələyə münasibət bildirərkən, onun bu hərəkətini sərsəm adlandırıb: "R.Quliyevin bu addımı yalnız siyasi gündəmdə qalmağa hesablanıb. Hər hansı bir siyasi lider aksiya barədə qərar və ya təklif verəndə, onun önündə özü getməlidir. Ancaq R. Quliyevin Birləşmiş Ştatlarda olduğu halda, Azərbaycanda xalq gəzintisi təklif etməsi absurddur". Zakir Hüseynov deyib ki, eks-spikerin təklif etdiyi xalq gəzintisi heç bir müsbət effekt verməyəcək və uğurlu alınmayacaq.

Məhz müxalifət düşərgəsi tərəfindən verilən bu kimi açıqlamalar və münasibətlərdən də belə bir nəticəyə gəlmək mümkündür ki, artıq düşərgənin özündə təmsil olanlar belə, real müxalifətçiliyin tükəndiyini etiraf edirlər. Və bir daha aydın olur ki, əslində, yeniləşməli olan dağıdıcı müxalifət dövlətçiliyə növbəti zərbə vurmamaq üçün dərhal siyasətdən, siyasi səhnədən uzaqlaşmalıdır. Əks halda, bu, kimi inadkarlıq xalqın sosial sifarişi ilə darmadağın ediləcək.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər