Destruktiv müxalifət düşərgəsində uğursuz "alternativ qüvvə" axtarışları davam edir. Bu dəfə axtarışlara müxalif həmkarlarını vaxtaşırı "badbaxt" adlandıran eks-spiker Rəsul Quliyev də qoşulub. Əvvəlcə qurucusu olduğu "ACP"-nin sədrini dəyişən eks-spiker indi "İctimai Palata"nı başlıca hədəf seçib. Müxalifət çevrəsində baş verən bu çəkişmələrin yaxınlaşan, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olduğu heç kəsə sirr deyil. "İctimai Palata"nın "İP" özünü alternativ kimi təqdim etmək istəyi və seçdiyi yanlış taktika aqressiv müxalifət qurumlarının onsuz da sıfır həddində olan nüfuzunu heçə endirib. Faktiki olaraq, "İP" ictimai rəydə destruktiv qüvvələrin amorf yığını kimi dəyərləndirilir. Müxalif siyasi qurumların təmsilçiləri də "İP"-ə qeyri-ciddi qurum kimi yanaşdıqlarını artıq gizlətmirlər.
Xüsusən, "Eurovision-2012" müsabiqəsinin keçirildiyi vaxtlarda bu qurumun sabitliyi pozmaq, icazəsiz aksiyalar keçirmək, ölkəmiz barədə, yanlış, həqiqətə uyğun olmayan, mənfi fikir formalaşdırmaq cəhdləri diqqətdən yayınmayıb və insanların aşkar dağıdıcılıq missiyasının daşıyıcısı olan bu qüvvələrə münasibəti daha da pisləşib. Bütün bunların fonunda "ACP"-nin yeni sədri Sülhəddin Əkbər "İP"-də təmsil olunan qurumlara, xüsusən, Müsavat və AXCP (i)-yə qarşı hücuma keçməsi müxalif düşərgədə qruplararası rəqabətin açıq müstəviyə keçdiyini təsdiqləyir. Belə ki, o, vaxtı ilə əsas funksionerlərindən sayıldığı Müsavatı indi sərt bir şəkildə tənqid edir, keçmiş partiyadaşlarını destruktiv düşərgəni, müxalifəti inhisara almaqda günahlandırır. Bununla S.Əkbər eks-spiker R.Quliyevin planına "sadiqliyini" sübut etməyə çalışır.
Müsavatı və AXCP (i)-ni "ACP"-nin orbitinə cəlb etməyə çalışan S.Əkbər buna müvəffəq olmadıqda, deyəsən, müxaliflərin "faydalı" sayılan ənənəvi üsullara əl atıb. O da müxalif həmkarları kimi, şantaj və "qara piar" yolunu seçib. Belə ki, İsa Qəmbərovla Əli Kərimova əməkdaşlıq, yəni R.Quliyevin "birincilik iddiası"nı qəbul etməyi təklif edən S.Əkbər keçmiş həmkarlarından "yox" cavabı alıb. Bunun müqabilində "ACP" sədrinin adekvat reaksiyası da gecikməyib. Artıq xeyli müddətdir ki, "ACP" rəhbərliyinə yaxın olan müəyyən şəxslər sifarişli şəkildə eks-spikerin təbliğatını aparır, onu "müxalifətin ağsaqqalı" kimi təqdim etməyə çalışırlar. Digər tərəfdən, "ACP" mənsubları "İP"-ə qarşı kəskin tənqidi fikirlər səsləndirməkdən çəkinmirlər.
Müsavatla AXCP (i)-nin onsuz da formal xarakter daşıyan şərti müttəfiqliyinə son vermək üçün isə "Rəsul Quliyev - Əli Kərimov ittifaqı" başlığı ilə müəyyən silsilə yazılar da dərc edilir. Maraqlı məqamlardan biri də budur ki, AXCP (i)-yə yaxın olan media da Müsavat təmsilçilərindən olaraq, "ACP"-yə kifayət qədər loyal, isti münasibət bəsləyir. Bir sıra AXCP (i) mənsubları isə "ACP" açıq şəkildə dəstəkləməkdən çəkinmirlər.
Beləliklə, destruktiv düşərgədə parçalanma, yerdəyişmə və qruplaşma meyillərinin yenidən qabardığı aydın görünür. "ACP"-ə mənsublarının Ə.Kərimovu "tərifləməsi", "Yurd"çuların isə, öz növbəsində, eks-spikerə mədhiyyələr yağdırması artıq "ACP"-AXCP (i) siyasi cütlüyünün qeyri-rəsmi şəkildə formalaşmasına işarədir. Belə şəraitdə müxalifət daxilində növbəti qarşıdurmaların baş verməsi qaçılmaz görünür. Aydındır ki, bu dəfə "katalizator" rolunda eks-spiker R.Quliyev çıxış edir. Onun siyasi intriqa yaratmaq sahəsində "məharət"ini, öz maraqları xatirinə bir sıra müxalif qurumları, məsələn, ADP-ni parçalamasını nəzərə alsaq, həm "İP"-i, həm də bütün aqressiv düşərgəni növbəti xoşagəlməz sürprizlər gözləyir.
NAİB