Qabil Hüseynli:
Rəsul görməyibdi belə tənəzzül,
Çevirib Rəsulu külə tənəzzül,
Qurum etməyibdi hələ tənəzzül,
"Palata"nın geniş dalanları var.
Sülhəddin Əkbər:
Onun əllərində dillənir kaman,
İstedad bəxş edib bu şəxsə zaman,
O öz əllərilə yazıb üç roman,
Rəsul dönüb olub güclü bir yazar.
Qabil Hüseynli:
Rəsulun adicə hayı-küyü var,
Başqan siyasətçi, həm biliyi var,
İsanın da yaxşı alimliyi var,
Elmi əsərlərə açıbdı bazar.
Sülhəddin Əkbər:
İsalar, Əlilər azarlar hər gün,
Üzlərə bağlanar bazarlar hər gün,
Qapısını döyür yazarlar hər gün,
Bu cür görüşlərdən o olub bezar.
Qabil Hüseynli:
Onun bircə dənə əsəri yoxdu,
Zəhmət çəkməkdə də qan-təri yoxdu,
Romanlarının da kəsəri yoxdu,
Rəsul məchulluqda yolunu azar.
Sülhəddin Əkbər:
İsanın yatağa həbi gəlibdi,
Rəsul Xızır gəlib, Nəbi gəlibdi,
Onun istedadı, təbi gəlibdi,
İsa niyyətini Yaradan pozar.
Qabil Hüseynli:
Bütün Qərb İsaya dayı qalıbdı,
Bosslarda hələ çox payı qalıbdı,
Onun hayı gedib, vayı qalıbdı,
Rəsulun yolunu gözləyir məzar.
Sülhəddin Əkbər:
Onun boğazına salınar çatı,
Artıq yarı yolda büdrəyir atı,
Günbəgün azalır elektoratı,
Tale İsaya da dar qəbir qazar.
Qabil Hüseynli:
Xoşuma gəlmədi bu yalançı takt,
İstəsən bağlaya bilərəm mən akt,
İstedad olmayıb Rəsulda heç vaxt,
Mənbələr də bunu yalana yozar.
Sülhəddin Əkbər:
"İP"-in mələməkdə boz keçi kimi,
Onun romanları qoz içi kimi,
Rəsul çox məşhurdu yazıçı kimi,
Siyasi meydanda o, əsil Sezar.
Qabil Hüseynli:
Bir zövq də almadın ilham pərindən,
O bir yazar deyil, düşün dərindən,
Rəsulun yalançı fitnələrindən,
Qoy özü qızarsın, sənsə az qızar.
Sülhəddin Əkbər:
Həm faktik işləyən diridə qalır,
Sükan İsa kimi iridə qalır,
"ACP" "İP"-dən də geridə qalır,
Mənim üstümə də xeyli az bozar.
Qabil Hüseynli:
Az aldan Rəsulun yalan səsinə,
Son anda döyərsən möhkəm dizinə,
Göz qoyub Əlinin layihəsinə,
"İP"-də İsa böyük planlar cızar.
Sülhəddin Əkbər:
Onun istedadı coşqun bir seldir,
Rəsul siyasətdə tək vuran əldir,
Əli də bu yöndə şou düzəldir,
İsanın özü də yalandan qızar.
Qabil Hüseynli:
Ciblərinə qrant axmadı deyə,
Bosslar ona yaxşı baxmadı deyə,
Siyasətdən bir şey çıxmadı deyə,
Rəsulun qarnını alıbdı azar.
Sülhəddin Əkbər:
İstər kömək etsin qan qardaşına,
Vaxtı fötə vermir Rəsul boşuna,
Elə ki, istedad vurur başına,
Yazarlar bağına eyləyib güzar.
Qabil Hüseynli:
Yazarıq biz "İP"-in bərəkətindən,
İsa çıxarıbdı onu çətindən,
Rəsulun ən çirkin hərəkətindən,
Qorxmursanmı bizə məlumat sızar.
Sülhəddin Əkbər:
Rəsulu tanıyar hər ölkə, qitə,
Daxili didişmə çətin ki, bitə,
"İP"-də mütaliə pis səviyyədə,
Sizin qərargahı ot-encər basar.
Qabil Hüseynli:
Rəsul bəyənilmir ölkədə heç də,
Yoxdu səriştəsi siyasi işdə,
"İP"-də yetkililər əlləri döşdə,
İsaya, Əliyə çox qulaq asar.
Sülhəddin Əkbər:
İsa adlandırır özünü şaman,
Əlinin qaşları çatılıb yaman,
Rəsul təşəxxüslə yeriyən zaman,
İsa ilə Əli kənardan pusar.
Qabil Hüseynli:
Bir naşılıq yığar onun üzündən,
Hər cür bədxahlığı gələr gözündən,
Çox yalan uydurub Rəsul özündən
Odur ki, tezliklə laxta qan qusar.
Sülhəddin Əkbər:
Bizim "ACP"-də müsbət durumdu,
Önünüzdə dərin bir uçurumdu,
Onsuz da faydasız adi qurumdu,
"İP"-in dövrəsində ucaldın hasar.
MİRZƏ QƏRƏNFİL