PDF Oxu

Müxalifət

  • 111

"İctimai Palata"nın sessiyasında qalmaqal

"İctimai Palata"nın sessiyasında qalmaqal

Dağıdıcı müxalifət düşərgəsində baş alıb gedən ziddiyyətlər dalğasının şkalası bu dəfə daha sarsıdıcı oldu. Belə ki, "İctimai Palata"nın sonuncu sessiyasında çıxış edən koordinasiya şurasının üzvləri, başda Pənah Hüseynov olmaqla, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərova qarşı ittihamlarla çıxış ediblər. Məsələ ondadır ki, sözdə "palata"nı idarə edən inhisarçı "liderlərin" fəaliyyətlərini "qənaətbəxş" hesab etdiklərini deyənlər, əslində, onlara qarşı hücuma keçiblər. Bunu dağıdıcı müxalifətə məxsus informasiya saytlarında və yazılı mətbuatda da görmək mümkündür. Çünki hər iki avtoritar "liderin" çıxışları ilə digərlərinin çıxışları arasında qoyulan fərq və senzura bunu deməyə əsas verir. Digər tərəfdən, həm "cəbhə" sədrinin, həm də Müsavat başqanının çıxışları növbəti dəfə "meydan eyforiyası" və bezdiriciliyi ilə müşahidə olunub. Onsuz da onların siyasi "təfəkkürlərinin" bundan ötə olmadığını bilən aldanmış müxalifətçilər, eləcə də, funksionerlər "liderlərinin" çıxışları zamanı yerlərdə öz etirazlarını bildiriblər. Onlardan yenilik tələb edənlər boş-boş danışıb milləti isterikaya sürükləməməyi tələb ediblər.

Yerlərdən replikalar: "İsterikaya son qoyulsun!"

Müasvat başqanı İsa Qəmbərov çıxış edərkən, onun nə barədə danışması, ümumilikdə, sessiyaya toplaşanların marağına səbəb olmayıb. Hər zamankı kimi "nala-mıxa döyən" partiya başqanı çıxışında hakimiyyətə qarşı böhtanlar səsləndirərkən, bildirib ki, guya "palata"nın aprel-may aylarında keçirilən aksiyalarını "yüksək dəyərləndirilib". Məhz bundan sonra yerlərdən replikalar atmağa başlayan şəxslər onu yalan danışmaqda suçlayıblar. "İsterikaya son qoyulsun!" kimi replikalar səsləndirənlər müəyyən vaxtlarda İ.Qəmbərovun sözünü ağzında qoyublar. Ümumilikdə isə, partiya başqanı şəxsi məqsədləri, dividendləri uğrunda müxalifəti güdaza verməkdə günahlandırılıb.Söz yox ki, özünü onu ittiham edən sadə müxalifətçilər arasında təmizə çıxarmağa səy göstərən Müsavat və AXCP (i) rəhbərləri sözlərində düzəliş etməyə çalışıblar. Onlar, aksiyaların effekt vermədiyini köhnə biclikləri fonunda etiraf ediblər. Belə ki, öz siyasi zəifliklərini, uçuruma doğru yuvarlanmalarını, partiyalarında gedən parçalanmanı belə, iqtidarın üzərinə yıxmaqla təmizə çıxmaq istəyən İ.Qəmbərovun və Ə.Kərimovun qeyri-səmimilikləri sessiyaya toplaşan müxalifətçilərin istehzalı "razılıqlapı", yəni başlarını yelləmələri ilə nəticələnib.Bu səbəbdən, artıq "palata" inhisarçılarının gülüş, ələsalma, qeyri-ciddilik obyektinə çevrilmələri bir daha öz təsdiqini tapıb. Maraqlısı da odur ki, özlərini "azad söz" və "demokratiya carçısı" adlandıranlar özlərinə məxsus mətbuat səhifələrində düşərgədaşları tərəfindən onlara edilən etirazlar haqqında bir kəlmə olsun belə, yazmayıblar.

Qərb və Klinton narahatçılığından doğan rüsvayçılıq

Avropa Parlamentində Azərbaycanla bağlı azsaylı deputatlar tərəfindən (səsvermə kvotası müəyyənləşdirilməmiş şəkildə - R.R.) qəbul edilmiş qərəzli qərarı əlində bayraq tutan Müsavat başqanı hansı səbəbdənsə, məlum səsvermədə iştirak edən avropalı deputatların məhz erməni lobbisinə xidmət etdiklərini xatırlatmayıb. Çünki bu məqamda onun da sifarişi maraqları ermənilər tərəfindən təmin edilib. Söz yox ki, zaman-zaman ermənilərlə separatçı danışıqlara gedən Müsavat başqanı özünü çətin duruma salmaqdan ehtiyat edib. Amma bəlli olan bəllidir.Eyni zamanda, Hillari Klintonun Azərbaycana etdiyi səfərində də onun müxalifət düşərgəsi ilə görüşməməsi İ.Qəmbərovun rüsvayçılığını üzə çıxarıb. Yəni ABŞ dövlət katibi Hillari Klintonun Bakı səfəri də maraqlı məqamlarıyla yadda qaldı desək, yanılmarıq. Təbii ki, bu səfərdə Azərbaycanın dövlətçilik maraqlarına daha həssas yanaşılsa da, qeyri-dövlətçilik maraqlarından çıxış edən dağıdıcı müxalifət "liderləri" görüşdən haqlı olıaraq rədd edildi. Bu isə, onu deməyə əsas verir ki, 2010-cu ildən fərqli olaraq, bu dəfə əsas reallıq özünü sübuta yetirdi. Nəinki Azərbaycanda, bütövlükdə, qeyri-ciddi siyasi dairələrlə danışıqlara getmək ABŞ siyasətinə mənfi imic təsirini verə bilərdi.Bu baxımdan, Klintonun dağıdıcı müxalifətlə görüşməməsinə öz təbirincə don geyindirməyə çalışan Müsavat başqanı guya bunun başqa məsələlərlə əlaqəli olduğunu (?!) bildirməyə cəhd göstərdi. Ancaq bu dəfə də yerlərdən replikalar atıldı ki, əgər "liderlərin" nüfuzları olsa idi, H.Klinton onlarla görüşərdi. Ancaq bu, baş vermədi və İ.Qəmbərovun çıxışı heç bir məntiqə söykənməmiş başa çatdı. Bu amil həm də Müsavat və AXCP (i) rəhbərlərinin ciddi təlaş və narahatçılıq keçirməsinin sübutu kimi anlaşılan məqam oldu.

Pənah Hüseynov hər iki monopolist "lideri" siyasi iradəsizlikdə suçladı

"İctimai Palata"nın koordinasiya şurasının üzvü Pənah Hüseynovun çıxışı isə bilavasitə monopolist "liderləri" siyasi iradəsizlikdə suçlamaq ruhunda oldu. Maraqlıdır ki, P.Hüseynovun sözügedən ittihamları "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində "özünütənqid" (?) kimi qələmə verilib. Yəni bu faktorun özü sübut edir ki, həqiqətdə heç bir ittihamları qəbul etmək gücündə ola bilməyən Ə.Kərimov və İ.Qəmbərov ixtiyarlarında olan mətbuat səhifələrində də həmin vəziyyəti saxlamaqdadırlar.P.Hüseynov "İctimai Palata"nın qəbul etdiyi əsassız və qərəzli sənədlərin həm də yarasız olduğunu dilə gətirib. "Vahid namizəd" məsələsində də inamsızlığının olduğunu deyən P.Hüseynov heç nə əldə edə bilməyəcəklərini etiraf edib. Diqqətçəkici məqam isə, ondan ibarətdir ki, hər iki monopolist "lider" - həm Ə.Kərimov, həm də İ.Qəmbərov siyasi irədəsizlik ittihamlarını susmaları ilə qəbul ediblər.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər