PDF Oxu

Müxalifət

  • 86

Pənah Hüseynov "İP"-in yeganə sədri olmaq istəyir

Pənah Hüseynov "İP"-in yeganə sədri olmaq istəyir

Qiyas Sadıxov:

"İP"-ə "Yurd", Müsavat qatı yaraşmaz,

Ağzına qrantın dadı yaraşmaz,

"İP"-ə İsa, Əli adı yaraşmaz,

Pənah olmalıdı yeganə sədri.


Pənah Hüseynov:

Ölkə çox, olmamış Çindən yaxşısı,

Avronun beş yüzdən, mindən yaxşısı,

"İP"-ə başçı olmaz məndən yaxşısı,

Gəlir nəfəsimdən ideya ətri.


Qiyas Sadıxov:

Əlinin, İsanın gözünə millər,

Ona pis söz deyir bəd, acı dillər,

Keçər bir neçə yüz, hətta min illər,

O zaman bilinər Pənahın qədri.


Pənah Hüseynov:

Mətin və əzmkar dözüm olaram,

Hətta bir taktiki çözüm olaram,

"Palata"da başqan özüm olaram,

Nə qədər olsa da, İsa bəy xitri.


Qiyas Sadıxov:

Əli həyatını, bil, kül edibdi,

İsa işlərini müşkül edibdi,

Həyatda eynilik təşkil edibdi,

Pənah ideyası, Ayın da bədri.


Pənah Hüseynov:

Qərbin özü qatıb şəkər meyimə,

Bir çox boss qrantla çatdı heyimə,

Dostlar dəstək verir sədrliyimə,

Həm də bunu istər kütlənin xətri.


Qiyas Sadıxov:

Toyuq da düzərdi aşları üstə,

Qoyacaq daşları daşları üstə,

Hər bir dəstəkçinin başları üstə,

Pənah tuta bilər bu azman çətri.


Pənah Hüseynov:

İnandım sədr olub güləcəyimə,

Qrantı dostlarla böləcəyimə,

Xəyalən uçaraq gələcəyimə,

Gördüm mən adıma yazılan titri.


Qiyas Sadıxov:

Verərik Pənaha təskini tezcə,

O, icra edərdi kəskini tezcə,

Gətirə bilsəniz viskini tezcə,

Birnəfəsə içər Pənah bəy litri.


Pənah Hüseynov:

Lazım olsa Əli barıma gələr,

İsa sədr olarsa arıma gələr,

Pənaham, əlbəttə, karıma gələr,

Narıncı geyimin bir neçə metri.


Qiyas Sadıxov:

Qərb də məəttəl qaldı onun tostuna,

Təcili çevirdi onu dostuna,

Tezcə seçilsəydi Pənah postuna,

Çıxardı dilindən bəyanat sətri.


Pənah Hüseynov:

Özümə verirəm özüm təsəlli,

Hesab edilirəm müdrik məsəlli,

Taktikam, ideyam aləmə bəlli,

Mən bir istedadam, əvəzsiz, fitri.


Qiyas Sadıxov:

Yükü daşımaqçün hambal əsasdı,

Hər bir imtahanda tam bal əsasdı,

Adamda vid-fason, sanbal əsasdı,

Əli, İsa kiçik, Pənah bəy iri.


Pənah Hüseynov:

Yeməyə-içməyə kafe "Palmali",

"Palata"ya girmək olmaz çalmalı,

Əli də həmişə "Yurd"da qalmalı,

Elə Müsavatdı İsanın yeri.


Qiyas Sadıxov:

Boss da ünvanına göndərməkdə pay,

Tutmaram Pənaha heç birini tay,

Əli də, İsa da sısqa, ölüvay,

Pənah bəy nəzərə çarpmaqda diri.


Pənah Hüseynov:

Qrant tuluğunu oldum əməsi,

"Yurd" Əli sayılır "İP"-in səməsi,

Mən özüm təmizlik mücəssəməsi,

Yaxıb sifətinə İsa bəy kiri.


Qiyas Sadıxov:

Tarixdə yeganə bir talant kişi,

Xaricdən alacaq çox qrant, kişi,

Pənah bəy o qədər eleqant kişi,

Ətrafda dolaşır onlarla pəri.


Pənah Hüseynov:

Həm də xoşdu məndə camal, yoğunam,

Müqayisə etsək, şümal, yoğunam,

Onlara baxanda normal yoğunam,

"İP"-in liderləri bir sümük-dəri.


Qiyas Sadıxov:

İsa da, Əli də yaman keyləyir,

Pənah qənşərinə bossu teyləyir,

Kütlələr içində təbliğ eyləyir,

Pənah bəy xeyiri, İsa bəy şəri.


Pənah Hüseynov:

Mən kütlə üstünə işıq, nur saçan,

İsa Əli ilə xaricə qaçan,

Vallah, təbiətən mən bir yol açan,

Onlar ayaq altına atmaqda tiri.


Qiyas Sadıxov:

Pənahın da meyli, düzü, o yana,

Baxır oğrun-oğrun gözü o yana,

İsanın, Əlinin üzü o yana,

Baxır Pənah bəyin hər üzü bəri.


Pənah Hüseynov:

Əsəbdən beynimə sıçramaqda qan,

Sədr postu üçün mən verərdim can,

İsa da, Əli də önümdə dovşan,

Özüm andırıram pələngi, şiri.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər