Son günlər, xüsusilə, dağıdıcı müxalifət düşərgəsində ziddiyyətlərin baş alıb getdiyi bir dönəmdə bir sıra müxtəlif sosial şəbəkələrdə aqressiv düşərgəyə muzdla işləyən qeyri-sağlam düşüncəli gənclərin iqtidar və onun ayrı-ayrı nüfuzlu təmsilçilərinin əleyhinə apardıqları qərəzli əks-təbliğatları diqqət çəkməkdədir. Onlar, əslində, dağıdıcı müxalifət "liderlərinin" düşərgə daxilində baş verən kəskin ziddiyyətlərini, qarşıdurmalarını ört-basdır etmək üçün belə bir iyrənc kampaniyalara start veriblər. Nəticədə, hakimiyyət təmsilçilərinin ünvanına sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədilir, onlara qarşı gözdənsalma kampaniyası aparılır. Və söz yox ki, bu kimi hadisələr fonunda aqressiv müxalifət "liderlərinin" zəhərlədiyi gənclər sonra peşmançılıqlarını dilə gətirəcəklər. Çünki hər zaman belə olub. Buna misal kimi, "Yeni Fikir" gənclər hərəkatının keçmiş sədri Ruslan Bəşirlinin, Bəxtiyar Hacıyevin düz yola, həqiqətə dönüşlərini göstərmək mümkündür.
Məsələ ilə bağlı münasibətini açıqlayan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının fikrincə, insanları təhqir edib, qara yaxmaq bu kimi gənclərin çoxdankı adətidir: "Əslində, bu adamların bütün mübarizəsinin mahiyyətində elə insanları aşağılamaq, şər-şəbədə qoşmaq prinsipi durur. Bir qədər də konkretləşdirsək, mən müxalif cəbhədə təmsil olunan gənclərin bir neçəsi istisna olmaqla, böyük əksəriyyətinin müxalifətçi adı altında tərbiyəsizliklə məşğul olduğu qənaətindəyəm. Siyasi mübarizə əxlaq prinsiplərinə söykənmirsə, kiminsə şəxsiyyətini alçaltmağa yönəlibsə, birmənalı şəkildə, bunun qarşısı alınmalıdır. Bu adamlar unudurlar ki, qarşı tərəfdə onlardan da yaxşı söyüşlər bilən və bunu səsləndirmək üçün kifayət qədər cəsarəti olan gənclər var. Sadəcə, fərqimiz ondadır ki, bizim üçün siyasət xalqına, millətinə xidmət etmək üçün vasitədir, onlar üçün isə gücsüzlüklərini pərdələmək üçün söyüş silahı. İqtidar cəbhəsində təmsil olunan gənclər onlardan fərqli olaraq, heç vaxt şəxsi həyatlarını ictimai müzakirəyə çıxarmayıblar".
F.Şahbazlı qeyd edib ki, başbilənləri tərəfindən "siyasi kamikadze" kimi istifadə olunan bu gənclər başa düşməlidirlər ki, onların söyüş siyasəti öz əleyhlərinə işləyəcək: "Unutmasınlar ki, onlardan da sərt söyüşlər söyən müxalifət gəncliyi olub ki, bu gün hakimiyyətə yarınmaq üçün növbə gözləyirlər. Qəbul etməlidirlər ki, Ruslan Bəşirlidən artıq müxalifətçi olmayacaqlar. Bu adam gəncliyinin gözəl çağlarını bu düşərgəyə qurban edib, 7 ilini məhbəsdə keçirib. Bu gün isə onun ortaya qoyduğu mövqe, səhvlərindən çıxardığı nəticə hər kəsə bəllidir. Bu mənada, müxalif gənclərə tövsiyə edirəm ki, nə qədər gec deyil, mövqelərinə yenidən baxsınlar".
RÖVŞƏN