"Eldar Namazovun dəstəsi" kimi tanınan "Ziyalılar Forumu" pozucu müxalifət partiyalarının toplaşdığı "İctimai Palata"nın tərkib hissəsidir. Özlərini azad, müstəqil fikirli "ziyalı" kimi təqdim etsələrdə əməllərində ümumi milli maraqlara zidd addımların atılması bunu sübut edir. Xüsusilə, forumun funksionerləri açıq şəkildə etiraf edirlər ki, guya ölkədə siyasi mübarizənin yükü "İctimai Palata"nın üzərinə düşür. Əvvəllər başqa məramlara xidmət edəcəkləri barədə danışan "Ziyalılar Forumu"nun təmsiçiləri çox keçmədi ki, ölkənin problemlərinin həllinə nail olmağı pozucu qüvvələrlə bir bayraq altında birləşməkdə gördülər. Dağıdıcı müxalifətin tərkibində fəaliyyət göstərən "Ziyalılar Forumu"nun qəti şəkildə anti-milli mövqedən çıxış etdiyi göz önündədi. Xüsusilə, bir müddət öncə, forumun aparıcı "simalarından" sayılan Cəmil Həsənli mətbuata açıqlamasında bildirmişdi ki, onların amalları ilə pozucu müxalifətin toplaşdığı "İctimai Palata"nın amalları tamamilə eynidir. Hətta "Ziyalılar Forumu" "İctimai Palata"nın alt palatası rolunu oynayır desək, yanılmarıq. Ümumilikdə, eyni amala xidmət edən bu "fiqurlar" ölkədəki möhkəm ictimai-siyasi sabitliyə öz "ziyalı" düşüncələrində don geyindirib, cəmiyyətə başqa formada təqdim etmək məqsədi daşıyırlar.
Ziyalılardan ikiüzlülük və ya riyakarlıq
Ümumiyyətlə, hər ali təhsilli şəxsi "ziyalı" adlandırmaq düzgün olmaz. Ziyalılıq ağıl, təfəkkür və cəmiyyətdə nüfuz tələb edir. Özlərini cəmiyyətdən təcrid edən, yanlış düşüncələri ilə cəmiyyətin təfəkkürünü pozmaq istəyən və xüsusilə, öz yaşadığı dövlətin milli maraqlarını tapdalayan şəxslərin bir yerə yığışıb, "Ziyalılıq" adı altında məsləhət və tövsiyələrlə çıxış etməsi ölkənin ziyalılıq kodeksinə zərbə vurmaq məqsədi daşıyır. Hər halda, həmin insanlar düşünməlidir ki, Azərbaycan dövlətinin illərdir ziyalı təbəqəsi var və bu nəsildən-nəsilə ötürülməkdədir. Xalqın millətin əleyhinə fikirlər səsləndirməklə ziyalı adına yiyələnmək birmənalı şəkildə yanlışdır. Bunu cəmiyyətdə qəbul etmir. Onların qeyri-səmimi fikirləri, ictimai rəyi çaşdırmaq cəhdləri ziyalılıq adına ləkədir. Ümumilikdə, cəmiyyətdə sayılıb-seçilən ziyalı olmaq üçün cəmiyyətdə nüfuz sahibi olmaq gərəkdir. Həmin nüfuzu da illərin zəhmətilə zərrə-zərrə toplamaq zəruriyyəti yaranır. Ziyalı şəxs yalnız dediklərinin üzərində dayanmalı, riyakarlıq etməməlidir. Bu gün bir məsələ ilə bağlı danışıb, səhər danışdığını danan insana ziyalı bir yana, heç fərd də demək olmaz. Özünə ziyalı deyən şəxsin keçmişi ilə bu günü arasında uçurum varsa, onun cəmiyyətdəki proseslər haqqında mülahizələrini səmimi qəbul etmək uçuruma yuvarlanmaqdır. Məhz elə "Ziyalılar Forumu"nda da belə "şəxslər" toplaşıb ki, dünənki günü ilə bu günü arasında "yerlə göy qədər fərq var". Xüsusilə, Rüstəm İbrahimbəyov 2010-cu il mayın 7-də "Azadlıq" radiosuna müsahibəsində qeyd etmişdir ki, Azərbaycanda İlham Əliyevi əvəzləyəcək adam tanımır və indiki siyasətçilərdən heç birini Azərbaycanın prezidenti rolunda görmür. Onun dediklərinin üstündən il yarım keçdikdən sonra, 2011-ci il dekabrın 28-də isə o, bəyan etdi ki, "bu hakimiyyət bizə lazım deyil..." Bax, budur onların əqidə kodeksi. Həmin şəxs, necə oldu ki, fikilərinin daşıyıcısı olmadı? Axı, o özünü "ziyalı" sayır. Bunun bir adı var: "ikiüzlülük"...
Palata "ziyalıları"
Belə görünür ki, "Eldar Namazovun dəstəsi"ndə olan ziyalılar artıq öz fəaliyyətlərində uğur əldə edə bilmədikləri üçün çirkin yollara qurşanıblar. Xüsusilə, onların Azərbaycan dövləti ilə bağlı həqiqətə uyğun olmayan "fikirləri" onu deməyə əsas verir ki, bu şəxlər heç bir zümrədə təmsil olunmaq və etibar edilmək məsuliyyətini daşımırlar. Artıq "İctimai Palata"da təmsil olunan pozucu müxalifət partiyalarının "xidmət" etdiyi anti-azərbaycançı qüvvələrə sığınan bu "ziyalılar" ölkədə baş verən bütün hadisələri pisləyir, onları öz bildikləri kimi "şərh" edir. Amma Azərbaycan dövləti hər zaman öz ziyalısına hörmətlə yanaşıb, hər zamanda ziyalısının qeydinə qalır. Bunların qeydinə qalmağa dəyməz. Çünki bu, Azərbaycan dövlətinin ziyalıları deyil, "İctimai Palata"nın "ziyalıları"dı. Onların da sahibləri var... Amma onu da deyim ki, Azərbaycan dövlətinin bir çox sayılıb-seçilən qiymətli ziyalıları bu "ziyalı" deyilən üzdəniraq fərqlərin yerinə xəcalət çəkir. Anti-azərbaycançı qüvvələrə xidmət edən "Eldar Namazovun dəstəsi"ndə təmsil olunmaq kimsəyə şərəf gətirməz.
BABƏK HACIYEV