Bu gün biz azərbaycanlılar qürrələnməliyik ki, məhz bizim folklorumuza aid olan bədaət deyimi (el dilində meyxana adlanır-R.) artıq sərhədlərimizi aşaraq, uzaq Rusiyaya qədər gedib çıxmışdır. Onu da deyim ki, hələ bir müddət bundan öncə, tanınmış türk müğənnilərindən biri də meyxanamızı "oranjirovka" edərək, onu ölkəsinin şou-biznesində məşhurlaşdırmışdı.
Ancaq bu dəfə haqqında danışdığım daha məşhur bədaət olan "Davay, dosvidaniya" meyxanası o qədər yerində deyilmiş və özündə müxtəlifliyi, rəngarəngliyi qoruyub-saxlamışdır ki, Rusiya müxalifəti həmin sözləri öz şüarlarına qataraq, bir növ siyasi fəaliyyətlərini, necə deyərlər, beytlər üzərində qurmuşdular. Bu, həm də o deməkdir ki, "Davay, dosvidaniya" artıq Avropaya, Qərbə doğru yüksək sürətlə irəliləməkdədir. Məsələn, hazırda Yunanıstanda gedən iqtisadi böhran, İspaniyada yaşanan sosial krizis, Almaniyada, İngiltərədə, Norveçdə, Fransada, Portuqaliyada baş verən məlum iqtisai tənəzzüllər həmin ölkələrin xalqlarının ağızlarına Azərbaycan meyxanasının "Davay, dosvidaniya" şüarını alıb, etiraz səslərini yüksəltməkdədirlər. Bax, buna deyərlər əsil brend! Yəni zəngin neft-qaz və digər enerji, sənaye resurslarımızın tanınmış brend olaraq dünya dövlətləri tərəfindən tanınması, yüksək dəyərləndirilməsi və daim həmin resurslarımıza ehtiyaclarının olmasını dilə gətirmələri ilə yanaşı, folklorumuza da ehtiyacları artır.
AMMA Kİ...
Burada daha bir ideya formalaşdı zənnimcə. Yəni "Davay, dosvidaniya"mız nəyə görə başqa-başqa ölkələrdə kimlərinsə dividendlərinə xeyir gətirməlidir? Belə ki, xalqımız özlərini "ənənəvi" müxalifət adlandıran, bu vasitə ilə siyasi dividendlərinə "plyuslar" qataraq, "demokrat" kimi sırınanlara nəyə görə "Davay, dosvidaniya" deyə xitab etmir? Hər halda, öz folklorumuzu bizlərdən başqa kim yaxşı başa düşə bilər axı?
Bu yerdə qələmimdə olan az-çox inkişafa görə təşəkkürlər etdiyim qələmdaşım, iş yoldaşım, gözəl insan Valeh müəllim (Valeh Məhərrəmli-R.) və adıçəkilən bədaətin müəllifləri gərək məndən inciməsin. Çünki "Davay, dosvidaniya" adlı meyxanaya mən də bir-iki dənə əlavələr etmək istərdim.
Əli, İsa, Rəsul paşol navseqda,
Düşərgədə smert durub poroqda,
İqtidara gələ bilməz nikoqda,
Müxalifət, davay, dosvidaniya,
Etmə qələt, davay, dosvidaniya!
Bilmirəm, nə qədər doğru olar, ya da olmaz, amma məncə, "Davay, dosvidaniya"nı bir az da mükəmməlləşdirib, dağıdıcı, aqressiv, xalqına, millətinə, dövlətinə qarşı çıxan müxalifətçi ünsürlərə tədbiq etmək mümkündür. Çünki onların özləri də meyxana xoşlayanlardırlar. Ona görə də uzun illərdir ki, heç kimi anlamaq, başa düşmək marağında olmayan dağıdıcı düşərgənin "liderləri" bəlkə, "Davay, dosvidaniya"yla nə isə qanmağa başlayarlar. Yox, bunu da qanmasalar, onda başqa şey fikirləşmək lazımdır. Məsələn, "Davay, na..." Kim necə başa düşmək istəyirsə, elə də qəbul etsin. Məndən bu qədər.
RÖVŞƏN