Müsavatın baş tutmayan qurultayı daxili böhranı dərinləşməkdə və bu vasitə ilə kəskin ziddiyyətlərin baş qaldırmasına yol açıb. Qeyd edək ki, hələ bir müddət öncə, qurultay keçirmək imitasiyası ilə müvafiq dövlət orqanlarına müraciət edən siyasi təşkilat rəhbərliyi sonradan təklif edilən yerlərdən imtina etdilər. Onlar bu dəfə də öz zəifliklərini iqtidarın üzərinə atmağa cəhd göstərməklə mətbuatda müxtəlif bəhanələr gətirdilər. İctimaiyyəti yalnız bu kimi tövrlərlə aldatmağa alışmış dağıdıcı müxalifət partiyasının başbilənləri bununla öz zəifliklərini, idarəçilik prinsiplərinin olmamasını hakimiyyətin üzərinə yıxmaqla ört-basdır edirlər. Ancaq cərəyan edən hadisələr fonunda üzə çıxan faktlar və dəlillər yenidən hər şeyi üzə çıxarır və bəlli olur ki, yaratdıqları imitasiyalar onların özləri kimi səmərəverici deyil.
Müsavatçılar dünyanın diqqətini özlərinə yönəldə bilmədilər
Bu baxımdan, daha bir nüans özünü açıq şəkildə qabartmışdır. Məsələ ondadır ki, ötən ayın əvvəllərində Müsavat partiyasına mənsub olan "Yeni Müsavat" qəzeti öz manşetlərinə "Müsavatın qurultayı Gürcüstanda keçiriləcək", "Qərar qəbul olundu" başlıqlı yazılar çıxardılar. Hətta bununla bağlı Gürcüstana partiyanın səlahiyyətli yetkililərinin də ezam olunduğunu bildirən qəzet öz informasiyalarında yazırdı ki, bu vasitə ilə dünyanın diqqətini özlərinə yönəltməyə çalışacaqlar. Müsavat başqanının müavini Tofiq Yaqublu partiyanın qurultay keçirmək üçün Gürcüstan hökumətinə müraciət hazırlaması barədə açıqlama ilə də çıxış etmişdi. Amma məsələ təkcə qurultayın harada keçirilməsi deyil, digər əks- motivlərlə də gündəmi zəbt etdi. Yəni məsələ ondadır ki, sözügedən məsələyə ciddi etiraz edən partiyadaxili qruplaşmalar da meydana çıxdılar ki, onlar Gürcüstanda keçirilməsi nəzərdə tutulan qurultayın işinə qatılmaqdan imtina etdilər.
Parçalanmağa doğru daha bir faktor
Əlbəttə ki, Müsavatın qurultayı onsuz da baş tutmayacaq. Çünki oradakı vəziyyət buna imkan vermir. Amma qurultay ətrafında yaranmış ziddiyyətli fikirlər Müsavatı parçalanmağa doğru aparan amil kimi qiymətləndirilir. Əlbəttə ki, burada 2013-cü ilə qədər İsa Qəmbərovun başqanlıqda qalmaq istəyi, Arif Hacıyevin başqanlığı ələ keçirməməsi üçün göstərilən səylər və başqa faktorlar dayanıb. Ona görə də həmin müstəvidə parçalanma baş qaldırıb.
Artıq o da məlumdur ki, partiyanın Gürcüstanda keçirilməsini istəyənlər İ.Qəmbərov qruplaşmasına, Sumqayıtda keçirilməsini vacib hesab edənlər isə A.Hacıyev qruplaşmasına aiddir. Bu baxımdan da haçalanmış fikirlər əsanasında ittihamedici məqamlar artmaqdadır.
Müsavat partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Mustafa Hacıbəyli isə qeyd edib ki, qurultayın xaricdə keçirilməsi real deyil: "Qurultayı Gürcüstanda yox, Sumqayıtda keçirməyə hazırlaşırıq".
Digər tərəfdən, M.Hacıbəyli İ.Qəmbərovun qurultay nümayəndələrinin sayının azaldılması təklifinə də etiraz edir. Çünki əksər müsavatçılar artıq İ.Qəmbərovun avtoritar idarəçiliyindən beziblər. Ona görə də A.Hacıyevin onun yerinə seçilməsini istəyirlər. Həmin situasiyanın yaranmaması üçün partiyanın rayon təşkilatlarına İ.Qəmbərov tərəfindən tapşırıqlar verilib ki, nümayəndələrin sayı kifayət qədər azaldılsın. Görünür, baş tutmayan Müsavat qurultayı öz xəmirindən hələ çox su aparacaq. Ancaq bir həqiqət mövcuddur ki, artıq partiyanın parçalanma trayektoriyası daha da böyüyərək, Gürcüstanla Sumqayıt arasında olan ərazi fərqi boyda olub. Bunun isə qarşısının alınması qeyri-mümkündür.
R.RƏSULOV