Əhməd Oruc:
Müxalifət pəhləvandı bir dildə,
Vətən batdı getdi azman gur seldə,
Əldə sükan olduğu məşum ildə,
Ölkə hissə-hissə talandı getdi.
Tahir Kərimli:
Hər biri döyüşən möhlət katibi,
Əslində, bir əzab, möhnət katibi,
"Yurd" Əli olmuşdu dövlət katibi,
İsanın ürəyi bulandı getdi.
Əhməd Oruc:
Xalqın çörəyini yox, yemədilər,
Yarıac qaldılar, tox yemədilər,
Dövlət çörəyini çox yemədilər,
Çoxusunun ağzı sulandı getdi.
Tahir Kərimli:
Zəhər oldu həyat orqanlarında,
Yarandı yeni çat orqanlarında,
Xarici kəşfiyyat orqanlarında,
Hazırlanmış məxfi plandı, getdi.
Əhməd Oruc:
Pənah urcah oldu xataya, bədə,
İsaya kütlədən gəldi çox hədə,
Xalq da nifrət etdi, müxalifətə,
Dedi filan oğlu filandı, getdi.
Tahir Kərimli:
Zaman sındıranda simli tarını,
Yığıb ətrafına neçə harını,
Elçibəy götürüb pal-paltarını,
Kələkiyə doğru kullandı getdi.
Əhməd Oruc:
Fayda vermədilər bir teldən artıq,
Dolmadı ağıza boz yeldən artıq,
Əsəblər dözmədi bir ildən artıq,
Çoxusu xaricə tullandı getdi.
Tahir Kərimli:
Oldu müxalifət xəyali kölgə,
Parça-parça oldu ərazi, bölgə,
Naşı əllərində talandı ölkə,
Onlar bir sürünən ilandı, getdi.
Əhməd Oruc:
Xalqa yedirtdilər qanı-irini,
Bu qara günlərdə yoxdu şirini,
Diddilər-yedilər biri-birini,
Qarabağ odlara qalandı, getdi.
Tahir Kərimli:
Beyində doğruçu işlək bir lif yox,
Onlar bir əfsanə, rəvayət-mif yox,
Düzlük sayılacaq alternativ yox,
Müxalifət əsil yalandı, getdi.
Əhməd Oruc:
Ölkə bazarında azaldı çərəz,
Artdı hamısında rəzalət, qərəz,
Yeridi başlara sağalmaz mərəz,
Əlinin, İsanın qlandı getdi.
Tahir Kərimli:
Bossa ünvanlayıb yaltaq hürüşü,
Qadağan etdilər mitinq-yürüşü,
Pənah yığışdırıb qızıl-gümüşü,
Dedilər varlandı, klandı, getdi.
Əhməd Oruc:
Onları sındırmaq fələyə düşdü,
Hər biri dən olub ələyə düşdü,
Xaricin qurduğu tələyə düşdü,
İsa istefaya yollandı, getdi.
Tahir Kərimli:
Onlara Leylacın özü açdı fal,
Viskidən içdilər, yedilər kifal,
Yaxanda üstünə boss xarici bal,
İsa Əli ilə yalandı getdi.
Əhməd Oruc:
Bilmədən tıxdılar haçan deşiyi?
Tale açdı onlar qucan deşiyi,
Hər biri axtardı siçan deşiyi,
Baxmadı ki öndə dalandı... getdi.
Tahir Kərimli:
Yurdu dağıdaraq tez çökdürdülər,
Nə qədər "möhtəşəm" miz çökdürdülər,
Bir ilə ölkəni diz çökdürdülər,
Xalqı dərd-möhnətə salandı, getdi.
Əhməd Oruc:
Dedilər bizləri bir Qərb bordaya,
Qarın şişirtdilər verib mordaya,
Qərbin bosslarını qoyub ortaya,
Hamısı başında dolandı, getdi.
Tahir Kərmli:
"Bəylər" tüpürdülər yediyi qaba,
Dərhal da oldular heybətli, qaba,
Xain qanları da döndü çirkaba,
Erməni qanına culandı getdi.
Əhməd Oruc:
Yoxdu savadları, küt qoyundular,
Xaricin əlində büt, oyundular,
Getməmişdən qabaq lüt soyundular,
Bellərdə narıncı palandı, getdi.
Tahir Kərimli:
Onları idarə edirdi klan,
Ölkəni çökdürmək başlıca plan,
Dediyimiz sözlər deyildir yalan,
Olmuş hadisədi, olandı, getdi.
Əhməd Oruc:
Batdı selləmədə çoxunun çulu,
Bossdan alırdılar qrantı, pulu,
Olmuşdu hamısı xaricin qulu,
Hər birisi qrant alandı, getdi.
Tahir Kərimli:
Bunlardan nə umsun fağır? Zəhrimar?!
Çoxunda da olub ağır zəhrimar,
Qaba çöhrələrdən yağır zəhrimar,
Murdar sifətləri solandı, getdi.
MİRZƏ QƏRƏNFİL