PDF Oxu

Müxalifət

  • 74

Pənah Hüseynovdan Əli Kərimova daha bir qurşaqaltı zərbə

Pənah Hüseynovdan Əli Kərimova daha bir qurşaqaltı zərbə

"İctimai Palata"nın koordinasiya şurasının təmsilçisi Pənah Hüseynovun adıçəkilən qurumun sonuncu toplantısında "Yol xəritəsi" adlı sənədi müzakirəyə çıxarmaq təklifi AXCP (i) sədri Əli Kərimovun təzyiqləri ilə qarşılaşıb. Qeyd edək ki, P.Hüseynov mətbuata verdiyi müsahibələrinin 2013-cü il prezident seçkiləri ərəfəsində "ənənəvi müxalifətin" vahid namizəd müəyyənləşdirməsinin vaxtı çatdığını deyib. Belə ki, əslində, Müsavat başqanının sözlərini və göstərişlərini icra edən P.Hüseynov həmin vasitə ilə Ə.Kərimovu zərərsizləşdirmək oyununu aparmaqdadır.


Pənah Hüseynovun "İP"-dəki çıxışının mətnini kim yazıb?


Həmin açıqlamalarının birində İsa Qəmbərovun "vahid namizədliyini" dəstəkləyəcəyini deyən P.Hüseynov bunu dolayısı ilə belə ifadə etmişdir: "Bununla yanaşı, 2013-cü ildə müxalifətin namizədinin kim olacağıyla bağlı sualına cavab tapılmalıdır. Bəziləri bunu aktual saymır, ancaq biz istəməsək belə, bu sual qarşımıza çıxacaq".

Sözsüz ki, P.Hüseynovun "bəziləri" deyərkən AXCP (i) sədri Ə. Kərimovu nəzərdə tutub. Onun eləcə də, Müsavat başqanı İ.Qəmbərovu da tənqid etməsi isə, artıq Müsavat başqanı ilə razılaşdırılmış məsələdir. Yəni onun "İP" toplantısındakı çıxışının mətnini məhz Müsavat başqanı yazıbdır desək, yanılmarıq. Ən azı ona görə ki, "palata"da rəsmi şəkildə iki partiya təmsil olunur və həmin təmsilçilikdə siyasi monopoliya mövcuddur. Nəticədə, kimin daha güclü olması da gec-tez müəyyənləşdirilməlidir. Bu səbəbdən də, İ.Qəmbərov P.Hüseynov faktorunu önə çıxarıb.

AXCP (i) sədri isə əvvəllər dəfələrlə vahid namizəd müəyyənləşdirməyin hələ tez olduğunu, bu məsələ gündəmə gətirilərsə, hələ seçkiyə xeyli müddət qalmış "İctimai Palata"da kəskin ziddiyyətlər yarada biləcəyini deyib. O özünə yaxın olan "Azadlığ"a verdiyi müsahibəsində 2013-cü ildə namizəd olub-olmayacağı ilə bağlı sualdan yayınıb, bu barədə danışmağın tez olduğunu diqqətə çatdırıb.


"Palata"da "ACP" barmağı


Maraqlıdır ki, P.Hüseynovun məlum təklifi Rəsul Quliyevin "lideri" olduğu "Açıq Cəmiyyət Partiyası"nın sədri Sülhəddin Əkbərin AXCP (i) sədri Ə.Kərimov ilə görüşməsindən sonraya təsadüf edir. "ACP" sədri AXCP (i) və Müsavatla əməkdaşlıq edəcəyini vurğulamışdı. Lakin eks-spiker, eləcə də, "ACP" rəhbərliyi AXCP (i) sədrinin gələcək namizədlik iddiasına bir qədər dözümlü yanaşırlar. Məlumdur ki, R.Quliyev konstitusion tələbə görə, prezident seçkisində işitirak edə bilməz, həm də barəsində ağır itihamlarla dolu olan cinayət işi var. Ona görə də, belini daha çox AXCP (i) sədrinə bağlayıb. Nəticədə, Müsavat başqanı keçib ikinci plana. "ACP" isə AXCP (i) sədrinə "stavka" edəcəyinə söz verib. Fikirlər də məhz burada haçalanmağa başlayır. Hakimiyyətə gəlmək xülyası ilə ömürlük müxalifətçilik həyatı sürən P.Hüseynov isə baş nazir olmaq xəyallarından ayrıla bilmədiyinə görə pənahını İ.Qəmbərovun "vahid namizədliyində" axtarır. Elə buna görə də "İctimai Palata"nın "vahid namizədinin" və komandasının indidən müəyyənləşdirilməsi təklifi ilə çıxış edir. Bununla bağlı əldə etdiyimiz digər məlumatlara görə, P.Hüseynovun son təklifləri AXCP (i) sədri tərəfindən birmənalı qarşılanmayıb. Ə.Kərimov qəmbərovçunun təşəbbüslərinin arxasında hansısa gizli maraqların olduğunu zənn edərək, "İctimai Palata"dakı qruplaşmasına onu "zərərsizləşdirməyi" tapşırıb. Çünki P.Hüseynovun ilk qurşaqaltı zərbəsi öz effektini verib. Yəni İ.Qəmbərov son nəfəsində Ə.Kərimova sözünü çatdırıb. Bizdən isə qalır onların sonrakı talelərini müşahidə etməyə ki, bunu indidən görmək elə də çətinlik yaratmır. Çünki onların gələcəkləri yoxdur.


R.RƏSULOV

Digər xəbərlər