Artıq uzun müddətdir ki, Müsavat partiyasının keçirə bilmədiyi qurultayı ətrafında cərəyan edən hadisələr bir-birini ardıcıl surətdə əvəzləməkdədir. Belə ki, siyasi təşkilatın funksionerləri bu və ya digər formalarda qurultayın keçiriləcəyini bəyan etsələr də, hazırkı partiyadaxili proseslər bunu deməyə imkan vermir. Hətta Müsavatın rayon təşkilatlarında qurultaya seçilmiş namizədlərin sayı barədə məlumatlar verilsə də, deyilənlərin həqiqətə söykənmədiyi bəlli olur. Çünki partiyanın rayon təşkilatları, demək olar ki, fəaliyyətsizdirlər və bölgələrdə Müsavatdan əsər-əlamət belə yoxdur. Bu mənada, başqan İsa Qəmbərovun partiyanın qurultay keçirə bilməməsində hakimiyyəti günahlandırması əsaslandırıcı cavab kimi dəyərləndirilmir. Bunu onun Gürcüstana etdiyi səfərindən də sezmək mümkündür.
Qeyd edək ki, Müsavat partiyasına qurultayının keçirilməsi üçün öz genişliyi ilə seçilən müxtəlif yerlər təqdim olunmuşdu. Lakin siyasi təşkilatın rəhbərliyi hər dəfə bir bəhanə gətirərək, guya təqdim olunan yerlərin onlar üçün yararsız olduğunu bildiriblər. Ona görə də Gürcüstana getməyi qərara alıblar. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, heç bir vaxt Azərbaycanın bölgələrinə səfər etməyən başqan İ.Qəmbərovun birdən-birə Gürcüstana səfər etməklə, guya partiyasının geniş fəaliyyətdə olmasını göstərmək istəyir. Amma onun Gürcüstan müxalifəti tərəfindən gözlədiyi kimi qarşılanmaması, nüfuzunun sıfır göstəricisi kimi başa düşülür. Yalnız bir müxalifət partiyanın - respublikaçıların toplantısına dəvət alan İ.Qəmbərova orada çıxış etməsinə bir-iki dəqiqə vaxt ayrılıb. Bu isə, onu deməyə əsas verir ki, Müsavatın varlığı-yoxluğu, əslində, gürcü müxalifətini maraqlandırmır.
Başqa tərəfdən, qurultayın gecikdirilməsini başqanlıq kürsüsünü əldən verməmək üçün şans hesab edən İ.Qəmbərov Gürcüstanın hakim dairələrinə məktubla müraciət edilməyəcəyini deyib. Çünki həmin məktuba pozitiv fikir bildirilsə, partiya qurultay keçirməli olacaq və Müsavatda Qəmbərov "epoxasına" son qoyulacaq. Bu səbəbdən də, "Yeni Müsavat" qəzetinə üstüörtülü cavab verən İ.Qəmbərov tərəddüdlərini gizlədə bilməyib.
"Bakı Kristal Zal" Müsavat başqanını əngələ saldı
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Yeni Müsavat"ın əməkdaşına müsahibəsində deyib ki, hakimiyyət Müsavata qurultay üçün "Bakı Krsital Zal"ını təklif etməyə hazırdır, bir şərtlə ki, partiya kirayə haqqını ödəsin. Ancaq Müsavat başqanı həmin təklifdən ciddi qorxuya düşüb və həmin andaca rəhbərlik etdiyi partiyasının zəifliyini etiraf etməyə məcbur olub: "Sözün doğrusu, o qədər də maraqlı görünmür bu təklif. Çünki bildiyimiz qədər həmin zal 20 min nəfərdən artıq insanın iştirakına hesablanıb. Bizim o cür bir qurultay keçirmək niyyətimiz yoxdur".
Əgər həmin açıqlamaya diqqət yetirsək, görərik ki, mitinq və aksiyalarında "on minlərlə müsavatçı aksiyalara qatıldı" deyən və yazan "Yeni Müsavat" qəzeti o zaman həmin informasiyaları yayarkən, nəyə əsaslanırdı? Məgər İ.Qəmbərov demirdimi ki, partiyasının on minlərlə üzvü var? Əgər belədirsə, nəyə görə "Bakı Kristal Zal"ı bəyənmir? Qorxur ki, yalanları üzə çıxsın və Müsavatın üzvlərinin az olması reallığı cəmiyyətin gözü qarşısında təsdiqini tapsın? Təbii ki, bu, belədir. Ona görə də hakimiyyətin təklif etdiyi yerlərdən qaçmaq istəyir. Bu isə Müsavatın zəif, yararsız siyasi təşkilat olmasına işarədir. Bunu biz yox, İ.Qəmbərovun özü öz dili ilə etiraf edib.
RÖVŞƏN