PDF Oxu

Müxalifət

  • 103

Rəsul Quliyev "İP"-ə sədr gəlir

Rəsul Quliyev "İP"-ə sədr gəlir

Sülhəddin Əkbər:

Xalqa viski verin, bollu bal açın,

Sevinin, rəqs edin, qanad, qol açın,

Qoy Rəsul sədr olsun, "İP"-də yol açın,

"ACP" reytinqi zirvəyə çatsın.


Pənah Hüseynov:

Bossun qrantını yeyər-yalaram,

Xeyli xumarlanıb fikrə dalaram,

"İP"-in yek sədri də özüm olaram,

Qoy Rəsul dəryadan o tayda yatsın.


Sülhəddin Əkbər:

Xalqa və dövlətə vuraraq pəli,

Qoşub adlarına anlamaz, dəli,

Çox torpaq satıbdı İsayla Əli,

Bir az sərvəti də qoy Rəsul satsın.


Pənah Hüseynov:

Mənə lazım deyil məzhəkə, dram,

Ancaq mən o zaman taparam aram,

"İP"-in də lideri özüm olaram,

Rəsul bəy bu fikri başından atsın.


Sülhəddin Əkbər:

Uzaqdan-uzağa qalmaqal salar,

Hər bir namizədi Rəsul bəy yolar,

Özü müxalifət lideri olar,

Pənah bəy özünə qoy az əl qatsın.


Pənah Hüseynov:

O, layiq olmadı mənim "mersi"mə,

Urcah olacaqdı qəzəb, hirsimə,

Rəsul göz dikməkdə mənim kürsümə,

Arzu edərdim ki, dəryada batsın.


Sülhəddin Əkbər:

20 il göz yaşı, cəbhədə ahlar,

Hopub beyinlərə cəmi günahlar,

Cibiboş İsalar, Əli, Pənahlar,

Rəsulun pulunun iyini dadsın.


Pənah Hüseynov:

Yəqin işləməkdən qalıbdı başı,

Yüksəkdən başına endirsin daşı,

Qocalıb, keçibdi Rəsulun yaşı,

Keçmiş dövrləri anıb yaşatsın.


Sülhəddin Əkbər:

Əgər süfrəsinə uzatsan çəngəl,

Tökərdi önünə Rəsul hər xəngəl,

Pənah törətməsin şeirimə əngəl,

Rəsul bostanına qoy az daş atsın.


Pənah Hüseynov:

Şefinin xülyası biçilən deyil,

Atlantik okean keçilən deyil,

Rəsul "İP"-ə sədr seçilən deyil,

Rəyləri öyrənib,ı suya baş atsın.


Sülhəddin Əkbər:

Ruhunu oyatsın çəkilib tinə,

Ağırlıq salmadan heç də zehninə,

Rəsulu udmağı salsa beyninə,

Gərək Pənah zərdə şeş qoşa atsın.


Pənah Hüseynov:

Başı xarab olub, bir az da cinni,

Bu adam qocalıb, artıbdı sinni,

Qoy Rəsul "İP" sədri vəzifəsini,

Kəbinsiz arvad tək atıb, boşatsın.


Sülhəddin Əkbər:

Pənahın qiyməti yox imiş qozca,

Şefim ağ fikirli, Pənahsa bozca,

Deyir qoy otursun kürsüdə azca,

Rəsul gələn kimi tezcə boşaltsın.


Pənah Hüseynov:

Rəsulun iş-gücü cibişdan, cibdi,

Düşdüyü uçurum görünməz dibdi,

Sənin dediyindən zəhləm gedibdi,

Bu mövzuda Rəsul sözü qısaltsın.


Sülhəddin Əkbər:

Üzünü görmə heç tutanda cini,

Rəqibə coşmaqda qəzəbi, kini,

Rəsul da veribdi öz təklifini

Ki, Pənah təzyiqi ona azaltsın.


Pənah Hüseynov:

Görünür, tükənir Rəsulun varı,

Siyasi meydana düşüb güzarı,

Bu yöndə gedəcək danışıqları,

Rəsul bəy əridib, həm də sozaltsın.


Sülhəddin Əkbər:

Şefimə bosslardan yaxşı rəy gəlib,

Dəryanın üstündən cinli səy gəlib,

Pənah bəy istəyir, Rəsul bəy gəlib

"İP"-in zalındaca onu uzatsın.


Pənah Hüseynov:

Gümrahlıq gətirir viski dolu cam,

Sonra ayaqyolu, üstündən hamam,

Heç zaman xoşuma gəlməmiş eyham,

Sözü ünvanına Rəsul düz atsın.


Sülhəddin Əkbər:

Şefimin gözündə "İP"-çilər böcək,

Sən də qoşul bizə, yüz viski içək,

Rəsul ona çoxlu xərclik verəcək,

Meydana kim gəlib Pənah oyatsın.


Pənah Hüseynov:

Görürəm, şefinin fikri haçadı,

Siyasi meydanda o, çox qocadı,

Çinar qamətliyəm, boyum ucadı,

Gözlə, mənim qədər Rəsul boy atsın.


Sülhəddin Əkbər:

Şefim deyir sənin min ah ağzında,

Qüsur gözlərində, günah ağzında,

Qoy sözü bişirsin Pənah ağzında,

Çölə buraxmamış bir az qaynatsın.


Pənah Hüseynov:

Demədim, məni çox möhkəm qudurtsun,

Məni öz böyründə gəlin oturtsun,

Postu da verirəm, şillə də vursun,

Nəinki göynədib qəlbi qanatsın.


MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər