Artıq cəmiyyətdə heç bir nüfuza malik olmayan "İctimai
Palata" adlı qondarma qurum diqqət mərkəzində
olmağın yolunu boş-boş bəyanatlar verməklə axtarır. Hər dəfə yeni "ideya"
və yaxud yarasız təkliflər gündəmə gətirilir, ancaq qondarma qurumun özü kimi həmin
yararsız təklifləri də mahiyyət etibarilə qeyri-ciddi təsir bağışladığından, həm
unudulur, həm də ironiyayla qarşılanır. Məhz bu dəfə də belə oldu. Belə ki,
"İP" özünün növbəti - "yeni yol xəritəsi" hazırlamaq təşəbbüsünü
elan etməklə özünü mətbuatın gündəmində saxlamağa çalışır. Onu da xatırladaq ki,
"İP" hələ ötən il "Demokratiyaya keçidin Yol Xəritəsi" hazırlayaraq,
guya fəaliyyət göstərən qurum kimi hər hansı iş gördüyünü sərgiləmək istəyirdi.
Amma hakim partiya və digər siyasi dairələrlə yanaşı, siyasətlə maraqlanan sadə
ictimaiyyət nümayəndələri də qeyri-ciddi saydıqları bu sənədi qəbuledilməz hesab
etdilər. Hətta "palata"nın özündə və müxalif düşərgəsinin digər cinahında
təmsil olunan müxalifətçilər də belə "ideyaları" gülüşlə qarşılayırlar.Hazırda "İP" artıq yeni bir "Yol Xəritəsi"nin
hazırlanması istiqamətində müzakirələrə başladığını bəyan edib. Pənah Hüseynov isə
bildirib ki, hazırkı "Yol Xəritəsi" 2013-cü ilədək olan dövrü nəzərdə
tutur (?) Lakin bir daha vurğulamaq lazımdır ki, "palata"nın belə
"yol xəritələri" hazırlamaqda bir məqsədi də mətbuatın diqqətini öz üzərinə
cəlb etməkdir. Çünki qurumun məqsədi xarici havadarları qarşısında özünü göstərməkdən
ibarətdir. "İP"-i öz inhisarlarında saxlayan Müsavat başqanı İsa Qəmbərov
və "cəbhə" sədri Əli Kərimov heç də Qərbdən böyük məbləğdə qrant alan
siyasiləşmiş QHT rəhbərlərindən ağılsız deyillər. Onlar demokratiya adı altında
Qərbin maliyyələşdirdiyi layihələrdən kənarda qalmaq istəmirlər. Əgər diqqət yetirsək,
görərik ki, "İP"-in ötən il hazırladığı "Demokratiyaya yumşaq keçidin
yol xəritəsi" də, əslində, Qərbin marağında olan bütün məqamları əhatə etmişdi.
Amma "İctimai Palata"nın bu sənədində Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı bircə cümlə də yox idi. İzahı sox sadədir, bu məsələ nə "İP"-ə,
nə də Qərbin maraqlarına xidmət etmir. Qərb heç vaxt Qarabağ münaqişəsinin həlli
ilə bağlı Azərbaycandan qaynaqlanan təklif və layihələri maliyyələşdirməkdə maraqlı
olmayıb. "İctimai Palata"nı maraqlandıran isə Avropa Birliyinin demokratiyanın
inkişafı, insan hüquq və azadlıqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün
ayırdığı vəsaitlərdir. Cəmiyyət isə artıq "İP"-in bu cür mövqeyinə, sözsüz
ki, ironik baxışlarla baxır. Qərbin layihələri hesabına kapital artıranların zaman-zaman
göstərdikləri "xidmət" gəncləri yersiz qarşıdurmalardan həbsxanalara istiqamətləndirmək
olub.
"Bu cür adamlar Azərbaycan cəmiyyəti üçün hansısa yol
xəritəsi hazırlaya bilməzlər"
Bu gün sağlam düşüncəli cəmiyyət İ.Qəmbərova və Ə.Kərimova
nə cür yanaşırsa, "İP"-ə də eyni münasibəti göstərir. Elə hakimiyyət də
bu qurumu ciddi qəbul etmədiyini dəfələrlə bəyanlayıb. Məsələn, Yeni Azərbaycan
Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə
görə, Azərbaycan cəmiyyətinin, seçicilərin dəstəkləmədiyi şəxslər orada toplanıblar:
"Bu cür adamlar Azərbaycan cəmiyyəti üçün hansısa yol xəritəsi hazırlaya bilməzlər.
Yol xəritəsi gündəmdə olan, populyar addır. Onlar da hər şeyə bir populyar ad qoymağa
çalışırlar. Onlar Azərbaycan dövlətinin həyata keçirdiyi strateji xətt, siyasi,
iqtisadi, sosial, elmi, mədəni islahatlarla bağlı hər hansı yeni təklif verə bilməzlər.
Çünki o adamların heç biri 1990-cı illərin səviyyəsindən irəli gedə bilməyib".
"Onlar bir tərəfdən hökuməti Qarabağ məsələsində siyasi
dialoqa çağırırlar, özləri isə öz aralarında dialoqdan imtina edirlər"
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə isə müxalifətdə demokratik
şüur yoxdur. Buna görə də bu gün hansısa siyasi mübarizədən söhbət gedə bilməz:
"Onlar bir tərəfdən hökuməti Qarabağ məsələsində siyasi dialoqa çağırırlar,
özləri isə öz aralarında dialoqdan imtina edirlər. Düşünürəm ki, bir-biri ilə təmasa
girməyən siyasi təşkilatlar antidemokratik qüvvələrdir. Bunun başqa izahı yoxdur.
Əks halda, gərək məsələyə ikili standartla yanaşaq. Deyək ki, iqtidarın dialoqa
gəlməməsi antidemokratiyadır, bəs müxalifətin bir-biri ilə dialoqdan imtina etməsi
demokratiyadır? Bu, düzgün deyil. Eyni bir hərəkətin iki mənası ola bilməz. Demokratik
mübarizə üsulu tələb edir ki, ən müxtəlif çalarları, rəngarəngliyi özündə birləşdirsin.
Yəni seçim bir neçə nəfərin, təşkilatların deyil, çoxlu sayda insanların, təşkilatların
arasında aparılsın. Onlar da məni qınayırlar ki, nəyə görə belə deyirsən. Axı bilmirlər
demokratiya nədir? Bu da, onu göstərir ki, müxalifətin demokratiyadan uzaqlaşma
prosesi gedir".
"Azərbaycanın əleyhinə danışdıqları, atdıqları hər bir
addıma görə Qərbdən "mükafat"landırılırlar"
Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə,
müxalifətə yeni simaların çıxmasının qarşısını liderlik xəstələyinə tutulan həmin
şəxslər alırlar: "Hansı tədbirə gedirsənsə, eyni simaları görürsən, eyni fikirlər,
eyni ittihamlar eşidirsən. Demokratikləşməkdən, yenilikdən, insan haqlarından danışırlar.
Yeniləşməni, demokratikləşməni birinci növbədə həmin şəxslər rəhbərlik etdikləri
partiyalarında aparmalıdırlar. Başa düşürük ki, öz kürsülərini əldən vermək istəmirlər,
Azərbaycanın əleyhinə danışdıqları, atdıqları hər bir addıma görə Qərbdən
"mükafat"landırılırlar, amma heç olmasa partiyanın rəhbər strukturlarında
gəncləri yerləşdirsinlər. Bunlar yoxdursa, hansı demokratiyadan, insan haqlarından
danışırlar".Nəticədə, bir daha aydın olur ki, bu gün "İctimai Palata"
adı altında gündə bir hoqqadan çıxan və qrant məqsədi güdən Müsavat-AXCP (i) kimi
partiyaların rəhbərlikləri fəaliyyəsizliklərini heç cür gizlədə bilmirlər. Fəaliyyətsizlik
isə, yox kimi bir şeydir. Ona görə də adıçəkilən qurumun ciddi qəbullandırılması
mümkünsüzdür.
Rəfiqə Hüseynova