Bugünkü dağıdıcı müxalifət "liderlərinin" davranış tərzlərinə baxanda, nənələrimizin bizlərə nəql etdikləri Şəngülümlə Məngülümün nağılı yada düşür. Həmin nağılda ana keçinin "buynuzumda ot gətirmişəm, ağzımda su gətirmişəm, məmələrimdə süd gətirmişəm" deyimi müxalif partiya sədrlərinin partbiletimdə "demokratiya gətirmişəm" ifadəsi ilə əməlli-başlı üst-üstə düşür. 20 ildən artıq bir müddətdə "demokratiya" oyunu oynayaraq, "hakimiyyətə gələn" fərdlərin azsaylı elektoratlarının başlarını bu cür tovlamaları artıq adi və öyrəncəli hala keçib. Gündə bir bəyanat səsləndirib qəzet səhifələrinə çıxan "cəbhə" sədri, Müsavat başqanı, "ACP" "lideri", demək olar ki, insanların zəndeyi-zəhləsini aparır, hətta bu əndazəni aşırlar.
Amma onlardan fərqli olaraq, nağıldakı ana keçi öz dediyi sözünə sahib çıxır, balalarına ot da, su da, süd də gətirir. Amma bunların "demokratiyaları" nə təhər "demokratiyadırsa", 20 ilin içində xəyanətlər, satqınçılıqlar və daha rəzil hallar çərçivəsində dırnaq arasından o yana çıxa bilməyib. Bütün bunların başında isə siyasi, cəmiyyət üçün maraqsız, özləri üçün isə "maraqlı" nağıllar dayanıb. Fəqət, onların nağıllarının axırı nənələrimizin nağıllarından fərqli olaraq, pis sonluqla qurtarır.
YENİ NAĞILLARA İSƏ VAXT QALMAYIB
2013-cü ili özləri üçün "yeni səhifə" kimi elan edən "liderlərin" standartlara uyğun nağıl daışmalarına isə nə vaxt, nə də ki, zaman qalmayıb. Düz on il əvvəlki - 2003-cü ilin prezident seçkilərində danışılan qorxulu nağıllar köhnəlsə də, 2013-cü ilin nağılları artıq indidən marağını itirib. Çünki 10 ilin içində də, 20 ildə olduğu kimi, heç nə dəyişilməyib. Müxalifət dəyişilməyib, "liderləri" dəyişilməyib, dəyərsizlikləri, ucuzluqları və xislətləri dəyişilməyib. Ümumiyyətlə, bunların heç biri bir cınqa da olsun dəyişilməyiblər. Ona görə də yeni nağıl danışmağa cəhd göstərsələr də, alınmayacaq. Vaxtları tükənib, zamanları başa çatıb. Yaxşı olardı ki, "liderlər" ən azından "ana müxalifət" uğrunda mübarizə aparıb, prezident seçkilərində iştirak etmək haqqında düşünməkdənsə, məhz ana keçinin davranışlarından ibrət götürsünlər. Hərgah, bunlar keçi qədər də deyillər. Bu zaman siyasi sual yaranır: bəs görəsən, "liderlər" məğlub olandan sonra heç olmasa vida mələrtisi etməyə macal tapa biləcəklərmi?
RÖVŞƏN